AZ

Xətaidə Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi – FOTOLAR

Dekabrın 23-də Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır. Son 21 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu gün Azərbaycana hansı sahədən baxsaq davamlı uğurların şahidi olarıq. Möhkəm təməl bugünümüzün və gələcəyimizin əsasıdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini daimi və dönməz edən Azərbaycan bu gün tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası nəticəsində yaratdığı reallıqlarla regionda, dünya siyasətində yeniliklərə nail olub. Azərbaycan dünyaya əməkdaşlıq, sülh, əmin-amanlıq çağırışları ilə diqqətdədir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə tədbirdə çıxış edərək bildirib ki, qalib, bütövləşən, yeni Azərbaycan 1993-cü ildən başlanan Heydər Əliyev yolunun uğurudur. Bu illər ərzində çətin və şərəfli yol keçən, keçmişini unutmayaraq bu günü ilə qürur duyan Azərbaycan xalqı daim irəliyə doğru böyük inamla addımlayıb və addımlayır. Ümummilli Lider Heydər Əliyev daim bu çağırışı edirdi ki, mənim üçün hər şeydən əziz mənim xalqımdır, Vətənimdir, torpağımdır. Ulu Öndər Heydər Əliyevin «Vətən birdir, hər birimiz bu Vətən üçün çalışmalıyıq» cağırışının davamı olaraq Prezident İlham Əliyev bildirir ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Dünya birliyimizi, həmrəyliyimizi, Vətən, torpaq sevgimizi 44 günlük İkinci Qarabağ müharibəsində gördü. Müharibənin rəmzinə çevrilən “Dəmir yumruq” həm birliyimizi, həm də gücümüzü dünyaya çatdırdı.

Vüqar Rəhimzadə son 21 ilin uğurlarının fonunda əminliklə qeyd edib ki, suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan yeni hədəflərə nail olmaqla bundan sonra da daha möhtəşəm uğurları ilə diqqətdə olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentliyinin son dörd ili işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın doğma yurd -yuvalarına qayıdışı ilə xarakterizə edilir. Artıq arzular reallığa çevrilib, torpaq həsrətinə son qoyulub və bu ərazilərdə yeni həyatın başlanması ilə Azərbaycanın dayanıqlı inkişafı üçün yeni imkanlar açılır.

Millət vəkili Pərvanə Vəliyeva çıxışında Azərbaycanın bugünkü uğurlarını şərtləndirən amillərdən geniş bəhs edib. Bildirib ki, bugünümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə Azərbaycanın haradan hara gəlib çıxdığını görməklə yanaşı, kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaq bir çağırışa çevrilir.

Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov qalib Azərbaycanın dünənindən və bugünündən danışıb. Vətən övladlarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək canları, qanları ilə tarix yazmasını torpaq, Vətən sevgisinin təsdiqi kimi vurğulayıb. Bildirib ki, onların həyat yolu bir dastandır. Ümummilli Lider Heydər Əliyev daim bu çağırışı edirdi ki, Azərbaycanın gələcəyi indiki və gələcək nəsillərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu gün vətənpərvər, milli ruhda böyüyən gəncliklə fəxr edirik.

Tədbirin sonunda YAP üzvü olan bir qrup fəal yubileyləri münasibətilə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilib.

Tədbir musiqi proqramı ilə davam edib.

 

Seçilən
7
2
tribunainfo.az

3Mənbələr