AZ

Markedonovun Liparityandan gətirdiyi iqtibas

...Ermənistanda qərar verəcək şəxs yoxdur

“Əvvəldən beynəlxalq birlik bizə Qarabağın müstəqilliyini tanımadığını bildirdi. Nəzəri olaraq, Azərbaycan buna razılıq versəydi, bunu edə bilərdilər. Amma ümumilikdə Rusiya, Türkiyə, İran, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünə əsaslanan variantları təklif ediblər. Bu aydın idi”. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Liparityanın bu fikirlərini Rusiyanın tanınmış politoloqu, ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqatlar İnstitutunun AvroAtlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov yada salıb. Əlbəttə, rusiyalı politoloq təkcə bu barədə söz açmayıb.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin eks rəhbərlərini Qarabağ mövzusunda debata çağırması geniş müzakirə olunmaqdadır. S.Markedonov da məsələyə dair düşüncələrini bölüşüb. Ancaq bir qədər fərqli tərzdə. Politoloq bildirib ki, Azərbaycan Qarabağ məsələsini tamamilə qapadıb və bu barədə ölkənin rəsmiləri də açıqlamalar veriblər. Ermənistanda isə durum fərqlidir və elə təəssürat var ki, Qarabağ mövzusu erməni cəmiyyəti və ictimai rəyi üçün sanki bir zədədir. Çünki istər rəsmilər, istərsə də ekspert dairələri mövzunu daim gündəmdə saxlayır və ondan daha çox bir-birinə qarşı mübarizə müstəvisində istifadə edirlər.

Markedonovun J.Liparityandan gətirdiyi iqtibas onu göstərir ki, N.Paşinyan, loru dildə desək, həm özündən Amerika kəşf edir, həm də kəşf etmir. Birincisi, beynəlxalq birlik sözdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edirdi. Görünür, beynəlxalq hüquq normalarını pozmaq istəmirdi. Amma həmin beynəlxalq birlik hər vasitə ilə çalışırdı ki, Azərbaycan özü Qarabağın Ermənistan ərazisi kimi olmasına, yaxud onun tərkibində ən yüksək status əldə etməsinə razılaşsın.

Yeri gəlmişkən, Azərbaycan ikinci variantı qəbul edirdi, Ermənistan isə Qarabağı beynəlxalq hüququn ayrıca subyekti sayırdı. Hətta, müəyyən dövrlərdə öz havadarları ilə birlikdə Qarabağdakı separatçı rejimi də danışıqlar masasına oturtmağa cəhd göstərirdi. Bu mənada Paşinyan haqsızdır, çünki Ermənistanın əvvəlki rəhbərliyi Qarabağı əldən vermək istəmirdi. Nəinki Qarabağı, heç işğal etdiyi ətraf bölgələri də boşaltmaq niyyətində deyildi. Ancaq Nikol, belə demək mümkünsə, özündən ona görə Amerika kəşf etmir ki, beynəlxalq birlik haqqında söz açdığımız beynəlxalq hüquq nöqteyi-nəzərindən davranırdı. O qəbul edirdi ki, Qarabağ Azərbaycanındır. Hər halda, məsələnin belə qoyuluşu başqadır, rəsmi İrəvanın Qarabağ dirənişi və həmin dirənişə göstərilən dəstəklər bir başqa.

Elə həm də buna görə S.Markedonov bildirir ki, sülh yolu ilə nizamlanma variantlarını müzakirə etmək bir şeydir, məğlubiyyətlər və rüsvayçılıqlar fonunda güzəştlərlə bağlı konkret qərarlar qəbul etmək başqa şey. Mövcud məsələdə politoloqun gəldiyi başlıca qənaət isə budur ki, Ermənistanda mühüm dövlət xadiminin məsuliyyəti əsas məsələyə çevrilir. Yəni, Markedonov faktiki olaraq bildirir ki, Ermənistanda məsuliyyəti öz üzərinə götürməyə hazır olan şəxs yoxdur. Ancaq, o, bu fikirdədir ki, Paşinyan mahir taktiki gedişə əl atır və özünün “şəbəkə döyüşçüsü” keyfiyyətlərini nümayiş etdirməkdə israrlıdır. Başqa sözlə desək, şoumenlik keyfiyyətlərindən istifadəyə baş vurur.

Sonda onu da deyək ki, ümumən Qarabağ məsələsi erməni cəmiyyətində müzakirə olunmaqdadır. Daha doğrusu, Qarabağ itkisi erməni ictimai rəyini psixoz duruma salıb və heç cür onun təsirindən çıxa bilmir. Ölkə müxalifəti bölgənin itirilməsinə görə iqtidarı ittiham edir. İqtidarın da əks arqumentləri özünü təmizə çıxarmaqla bağlıdır. Reallıqda hər iki tərəf, obrazlı desək, gedən qatarın arxasınca baxmaqla məşğuldur. Yekunda bu “məşğuliyyət” illüziya yaradır. İllüziya Azərbaycanla barış mühitinin formalaşmasına, bütövlükdə, Cənubi Qafqazda sülhün qərarlaşmasına maneçilik törədir. S.Markedonovun təbirincə ifadə etsək, Ermənistanda məsuliyyəti üzərinə götürəcək siyasi liderin olmaması o deməkdir ki, bu ölkədə barış mühit naminə qətiyyətli qərar verəcək rasional düşüncəli şəxs yoxdur. Bu durumda isə Ermənistanı yalnız bir aqibət gözləyir ki, o da tam şəkildə iflasa uğramaqdır.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr