AZ

“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir

Gədəbəy rayonu, Kəlaman kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin növbəti dəfə saytımıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Gədəbəy rayonu, Kəlaman kəndinin ən vacib problemi mavi yanacaq və yol olsa da, başqa problemləri də çoxdur. Yəni yazılası dərdimiz yetərincədir.

Dəfələrlə Prezidentə, Birinci xanıma, SOCAR-a, Gədəbəy Regional Qaz İstimar İdarəsinə müraciət etsək də, heç bir faydası olmur.

2024-cü ilin sentyabr ayında regiondan gəlib, kənd sakinləri ilə görüş keçirdilər. Gələn işçinin biri havanın soyuqluğundan maşına mindi və “siz bu soyuqda necə dözürsünüz, burdan gedən kimi, bu ağır şəraiti sizin problemin həll olunması barədə aidiyyatı qurumlara bildirəcəm” dedi. Lakin yenə heç bir tədbir görülmədi.

Artıq vəziyyət o həddə çatıb ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri biz sakinləri qəbul etməyi özlərinə yaraşdırmırlar.

Qazı olmayan, yolu bərbad olan kəndlər bütün qurumların yadından çıxıb. Amma deputat və bələdiyyə seçkiləri zamanı kənd sakinləri yada düşür. Məcbur edirlər ki, gəlin bu adama səs verin. Həmin vaxt da namizədlər bildirirlər ki, sizin probleminiz bizim problemimizdir. “Daima sizin yanınızdayıq”, - deyib Məlikməmmədin nağılını danışırlar.

Arzu Nağıyev adında bir deputat var, bir dəfə də olsun sakinlərin problemi ilə maraqlanmayıb. Bir dəfə olsun kəndin problemini parlamentdə qaldırmayıb. Nə edirik biz  belə deputatı?!

“Azəriqaz” isə deyir ki, səbrli olun, mərhələli şəkildə mavi yanacaq veriləcək. 16 ildir növbə gəlib çatmayıb. Odun da “od qiyməti”nədir. İmkanı olan, olmayan var. Qışı çıxarmaq üçün 2 maşın odun lazımdır. İndiki zamanda oduna 1800 manat pul vermək olar?

Kəndin 5 şəhidi var, amma həmin evlərdə qaz yoxdur. Biabrçılıq deyil, bəs nədir bu? Kəndimizin 70 nəfərə yaxın da müharibə iştirakçısı var. Amma heç bir rəsmi qurum bizimlə maraqlanmır.

Şəhidlərimiz İbrahimov Nüsrət Vəli oğlu, Cəfərov İrəddin Furdin oğlu, Həsənov Eldəniz Novruz oğlu, İsgəndərov Etibar İsmayıl oğlu və Paşayev Firdofsi Afiq oğludur. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərə işə şəfa versin.

Bu kəndi bu günə qoyan məmurlara isə insaf versin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
16
1
hurriyyet.az

2Mənbələr