AZ

Qəzada həlak olanların alələrinə kompensasiya veriləcək? - Vəkil ŞƏRH ETDİ

Bakı-Qroznı reysi ilə uçan Azərbaycanın sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəsə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.
Təyyarədəki sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib, 14-ü sağdır.

Qəzada həyatını itirənlərin ailələrinə kompensasiya ödəniləcəkmi? Kompensasiyanı kimlər ala biləcək?

Modern.az mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyevlə həmsöhbət olub.


Vəkil qəzada həyatını itirən hər kəsin ailəsinə başsağlığını bildirib:

“Bu həqiqətən böyük bir fəlakətdir. Yeni il ərəfəsi insanlar bayram keçirməyə hazırlaşırdılar. Qəzanın baş vermə səbəbləri araşdırılmalı, həlak olanların hansı ölkənin vətəndaşları olduqları bəlli olmalıdır. Yəqin ki, kompensasiyanın ödənilməsi təqsirkar məlum olduqdan sonra həyata keçiriləcək. Hadisədə təqsirkar olan tərəf həlak olanların ailələrinə ödəniləcək kompensasiyanı qarşılamalı olacaq. Amma bu təqsirkarın kim olması, hadisənin nə üçün baş verməsi müəyyən olunmalıdır. Bu anda nəsə demək tezdir. Qəza başqa dövlətin ərazisində baş verib, amma əmlak Azərbaycanda fəaliyyət göstərən şirkətə məxsusdur. Burada yəqin ki, işçi qrup yaradılacaq, beynəlxalq komissiya işləyəcək, dövlətlərarası iş görüləcək. Hər bir halda ölümlə bağlı məsələlər, sığorta məsələləri həll olunmalıdır”.

Ş.Mirzəyev qeyd edib ki, kompensasiyanın ödənilməsi üçün əvvəlcə həyatını itirən şəxslərin kimliyi dəqiqləşməlidir:

“Bundan sonra onların qohumları müəyyən olunur. Vəfat edən şəxslərin birinci dərəcəli qohumları (ana, ata, bacı, qardaş, həyat yoldaşı, övlad) müraciət edərək zərərçəkmiş şəxs qismində tanınırlar. Qanunda qohumluq dərəcələri dəqiqliklə müəyyən olunub”.

Seçilən
5
1
modern.az

2Mənbələr