Qusar, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda payızlıq taxıl səpini başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2025-ci ilin məhsulu üçün rayonda 19 min 710 hektar sahəyə payızlıq taxıl səpilib. Bunun 10 min 650 hektarı buğda, 9 min 60 hektarı isə arpa sahələridir.
Qeyd edək ki, Qusar rayonunda son illər bağçılıq sahəsinin sürətli inkişafı taxıl sahələrinin azalması ilə müşayət olunur.
2016-cı ildə rayonda 28 min hektar payızlıq əkin sahəsi mövcud idisə, 2024-cü ilin məhsulu üçün rayonda 23 min hektar taxıl əkini sahəsi olub. Fermerlər daha çox gəlir gətirən bağçılığa diqqəti artırıblar. Son illər rayon ərazisində kütləvi şəkildə intensiv və superintensiv bağlar salınır.