AZ

Redon Cica Zamiq Əliyevə komanda yoldaşı ola bilər

Azərbaycan çempionu “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica ölkəsində daha bir klubun maraq dairəsinə düşüb.

Arena.az bu barədə Albaniya mətbuatına istinadən xəbər verir.

Balkanweb.com saytının yaydığı məlumata görə, “Eqnatiya” 26 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Belə ki, bu klubun qış transfer pəncərəsində almaq istədiyi futbolçulardan biri də Redon Cicadır. Bu komanda hazırda ölkə çempionatında 3-cü yerdədir.

Qeyd edək ki, “Eqnatiya”da azərbaycanlı müdafiəçi Zamiq Əliyev də çıxış edir.

Xatırladaq ki, daha əvvəl Albaniyanın digər klubu “Partizani”nin də Redon Cicanı heyətinə cəlb etmək istədiyi açıqlanmışdı. “Eqnatiya”dan fərqli olaraq, “Partizani” indi Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.

Redon Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər olan müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur. Bu səbəbdən, Albaniya klubları cari mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyirlər.

Cica özü də bir müddət əvvəl Albaniya mətbuatına verdiyi müsahibədə “Qarabağ”da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda Albaniyaya qayıdacağını istisna etməmişdi.

Redon Cica bu mövsüm “Qarabağ”da bütün turnirlər çərçivəsində 13 oyunda meydana çıxıb. O, bu oyunlarda 4 qol vurub.

Xatırladaq ki, Redon Cica 2023-cü ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. 26 yaşlı hücumçu Ağdam klubunun heyətində bütövlükdə 65 oyuna çıxıb. O, bu oyunlarda 12 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Laçi” və “Tirana”da oynamış Cica, Albaniya milli komandasında da 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 400 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
4
1
arena.az

8Mənbələr