AZ

Mutu niyə göndərilir? – Bildiyiniz və bilmədiyiniz DETALLAR

“Neftçi”nin baş məşqçisi Adrian Mutu yol üstədir.

Bir neçə gün əvvəl Rumıniya nəşri “Prosport”da bu barədə xəbər dərc olunmuşdu.

Bildirilmişdi ki, 44 yaşlı çalışdırıcı qış fasilədində Azərbaycanı tərk edərək vətəninə qayıda bilər. “ÇFR Kluj” rəhbərliyinin italyan mütəxəssis Andrea Mandorlini ilə yolları ayırmaq istəyində olduğunu nəzərə alsaq, yayılan məlumat yalana oxşamır.

Əldə etdiyimiz bilgiyə görə, bu iş “ÇFR Kluj” rəsmilərinin yox, məhz Mutunun istəyi ilə baş tuta bilər.

Ötənlərin məşhur hücumçusu qış fasiləsinə qədər “Neftçi”də qalmayacağını artıq hiss edib. Komandanın sərgilədiyi oyun, nəticələr və ən vacibi, düşərgədəki ab-hava klub rəhbərliyinin ürəyincə deyil.

Mutu hər dəfə vaxt istəyir, heyətdə rotasiyalar edir, lakin yaxşıya doğru dəyişən heç nə yoxdur. Başbilənlər bu adamın “Neftçi”ni yeni zirvəyə qaldıra bilməyəcəyini anlayıb və bununla barışıb. Üst dairələr daxildəki atmosfer barədə də kifayət qədər məlumatlıdır.

Sadəcə, çempionatın gedişində baş məşqçini yola salmaq heç bir halda işə yaramır. Digər tərəfdən, məşhur rumını mövsümün ortasında yola salmaq onu qıcıqlandıra bilər ki, bu, müqaviləyə sərfəli şərtlər altında xitam verməyi çətinləşdirər.

Üstəlik, özü də buradakı fəaliyyətindən razı deyil. İlk dönəmləri vaxt istəməklə ötüşdürə bilirdisə, artıq zaman limiti də dolub. Komandaya cavabdehlik daşımağa başladığı gündən 5 ay vaxt keçib.

Mutunun “Neftçi”dəki işini davam etdirməsi üçün komandanın oyun planında və son 3 turdakı nəticələrində möcüzə qeydə alınmalıdır. Amma hazırkı ab-hava ilə çətin, hətta mümkünsüz görünür.

Odur ki, Mutu işsiz qalıb nüfuzuna zərər gəlməməsi üçün iş yerini tərk etməmişdən özünə yeni qazanc (iş) yeri axtarır. “ÇFR Kluj” olmasa da, başqa klub opacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
110
50
Mənbələr
Şərh ()
Bağla