AZ

Seçkilər, Paşinyanın Peterburq sərgüzəştləri və Navalni - Dünənin icmalı Modern.az-da

Dünənin önəmli hadisələrinə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, seçkilərlə bağlı ayrı-ayrı təşkilat və siyasi partiyaların, eləcə də ictimai fiqurların mövqeyini açıqlamağa davam etməsi, uzun müddət taleyi bilinməyən həbsdəki rusiyalı siyasətçi Aleksey Navalnının tapılması və digər xəbərlər aiddir.

 

Modern.az 25 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 2024-cü ilin 4 yanvar tarixləri müəyyən olunub. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

 

“Seçki prosesi zamanı şikayətlər həm seçicilər, həm də namizədlər tərəfindən ola bilər”. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan tədbirdə deyib. Politoloq Ərəstun Oruclu növbədənkənar Prezident seçkilərində namizəd olmaq istəyini açıqlayıb. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, sabiq təhsil naziri Firudin Cəlilov, Azərbaycan Ağsaqqallar Şurası və Ana Vətən Partiyası, Güney Azərbaycandan olan bir sıra siyasi şərhçilər Prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıb.

 

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana uçuşlar və geri dönüş üçün Ermənistana 90 min avro ödəniş edib. Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb. Məlumata görə, Azərbaycan aviaşirkətləri 2021-ci ilin oktyabrından bəri Ermənistanın hava məkanından uçuşlar həyata keçirir. Xatırladaq ki, bundan əvvəl Naxçıvana uçuşlar İranın hava məkanı üzərindən gerçəkləşdirilirdi.

 

Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa gedib. Bununla bağlı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məqsəd Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammitində iştirak etməkdir. Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammiti dekabrın 25-26-sı tarixlərində davam edəcək. Belarusun prezidenti Aleksandr Lukaşenko Aİİ və MDB sammitlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb. Dekabrın 25-də keçiriləcək sammitin gündəliyinə 20-dən çox məsələ daxildir. Bunlara Aİİ-də inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas istiqamətlərə, beynəlxalq fəaliyyətə, makroiqtisadi siyasətə, maneələrin aradan qaldırılması işinə, ittifaqın daxili bazarında istisnalar və məhdudiyyətlər daxildir. Dekabrın 26-da isə MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqdadır. Özbəkistan prezidenti Şavkat Mirziyoyev də Rusiyaya gedib.

 

İsmayıllıda 31 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb. Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Rusiyada atom enerjisi ilə işləyən konteyner gəmisində yanğın olub. Məlumata görə, dekabrın 24-dən 25-nə keçən gecə Murmanskdakı Atomflot körpüsündə "Sevmorput" nüvə konteyner gəmisinin kabinələrindən biri yanıb. Yanğının səbəbi dəqiqləşdirilməyib. Yanğın zamanı xəsarət alan olmayıb. Nüvə qurğusuna heç bir təhlükənin olmadığı bildirilir. “Sevmorput” nüvə yüklü konteyner gəmisi Rusiya Federasiyasında 29 MVt gücündə atom elektrik stansiyasına malik yeganə buzqıran nəqliyyat gəmisidir. O, təxminən 3,7 km/saat sürətlə qalınlığı bir metrə qədər olan buz sahələrində müstəqil şəkildə yeriyə bilir.

 

Qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.

 

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

 

"Əsasən müxalifət partiyaları ilə, amma ola bilsin ki, hardasa iqtidar bizim qəbul etdiyimiz yaxşı namizəd irəli sürür, bu, şəhərin xeyrinədir, biz də onu dəstəkləyəcəyik". Bunu müxalif Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı deyib. "Prinsipcə, iqtidardan, müxalifətdən asılı olmayaraq, bütün tərəflərlə danışmağa hazırıq. Bəzi yerlərdə MHP və ya AKP bizim namizədimizi dəstəkləmək istəyərsə, niyə belə etdiklərini soruşmarıq. Yaxud bəzi yerlərdə o qədər yaxşı, vicdanlı, bacarıqlı bir namizəd irəli sürərlər ki, danışıqlar yolu ilə iqtidarın namizədini dəstəkləyə bilərik. Önəmli olan odur ki, şəhərlərimizi ən vicdanlı və bacarıqlı insanlar idarə etsin", - siyasətçi bildirib. Qeyd edək ki, Ahmet Davutoğlu 2014-2016-cı illərdə həm də hakim Ədalət və İnkişaf Partiyasının sədri olub.

 

Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani gündəlik mətbuat konfransıda danışıb.

 

"Son zamanlar, xüsusilə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etməsindən sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilən mesajları təbii ki, diqqətlə izləyirik. Burada biz müəyyən pozitiv mesajları eşidirik". Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına məxsusi müsahibəsində söyləyib. “Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, - deyə nazir əlavə edib.

 

"İrəvan sülh müqaviləsi ilə bağlı Bakıdan daha bir təklif paketi alıb". Bu barədə Ermənistan XİN məlumat yayıb.

 

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə kapitalının minimum həddi müəyyən edilib. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

 

Rusiyada həbsdə olan müxalif siyasətçi, bir müddətdir yaxınlarının əlaqə qura bilmədiyi Aleksey Navalnı tapılıb. Belə ki, Aleksey Navalnı Rusiyanın Yamal-Nen Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı islah koloniyasında saxlanılırmış. Qeyd edək ki, Navalnı ardıcıl olaraq videobağlantı vasitəsilə məhkəməyə qoşula bilməyib. Onun tərəfdaşları uzun müddət siyasətçinin harada olduğunu bilməyiblər. Həbsxana işçiləri Aleksey Navalnının iclaslarda iştirak etməməsini “qəza və elektrik enerjisinin olmaması” ilə izah ediblər. Bundan başqa, vəkilin siyasətçi ilə görüşünə icazə verilməyib.

 

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan televiziyasına müsahibə verib. Müsahibədə Kolomina Ermənistanın xarici siyasət kursundan danışıb. "Məncə, Ermənistan xarici siyasətində Moskvadan müəyyən məsafədə düzəlişlər etdi. Biz bunu alqışladıq. Məncə, Ermənistan artıq bizə yaxınlaşmağa başlayıb", - o əlavə edib.

 

Gürcüstan prezidenti Salome Zurabişvili Yeni ilə görə məhbusları əfv edib.

 

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan keçmiş Dağlıq Qarabağ separatçılarının rəhbərləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib.

 

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 min 674 nəfərə çatıb. Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.

 

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətini qeyd edib. Katoliklərin ruhani lideri Papa Fransisk Milad bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyub, çıxış edib və təbrikini çatdırıb. Çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən danışan Roma Papası vurğulayıb: “Qoy Ermənistanla Azərbaycan arasında yekun sülh günü yaxınlaşsın. Bu sülh prosesini dəstəkləmək üçün humanitar təşəbbüslərin davam etdirilməsi, köçkünlərin qanuni və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, hər bir icmanın dini adət-ənənələrinə və ibadət yerlərinə qarşılıqlı hörmətin olması vacibdir”. Papa Fransisk, həmçinin Yaxın Şərqdə, eləcə də digər münaqişə zonalarında sülhün əldə olunmasının vacibliyini bildirib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq mümkündür:

 

Ermənilər də namizəd ola və deputat seçilə bilər - Siyavuş Novruzovla MÜSAHİBƏ

Prezidentliyə namizəd olmaq istəyən digər 8 nəfər KİMLƏRDİR...

Türkiyənin 2-ci prezidentinin vəfatından 50 il ötür

"Yabancı Damat"ın "Memik dede"si illər sonra: Bəlkə məni tanımazsınız... - VİDEO

Mərkəzi Bank uçot dərəcələrini niyə endirdi? - İnflyasiya gözləntisi

Azərbaycan Demokrat Partiyası seçkilərdə namizəd irəli sürəcək?

Serbiyada nələr baş verir: Gərginlik səngiyəcəkmi...

“Bura mənim evimdir” - Qazimizin Türkiyədə mükafata layiq görülən filmi - FOTO

Emin Əmrullayevin yeni müavini KİMDİR... - DOSYE

Dünya Milad Bayramını belə qeyd edir - FOTOLAR

Seçilən
237
50
modern.az

10Mənbələr