AZ

Adil Şükürov: “Meydanda və meydandan kənarda futbolçularla danışırıq”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov “Qəbələ” ilə keçirilən yoxlama görüşünün ardından İdmanxeber.az saytının əməkdaşının suallarını cavablayıb.

– “Qəbələ” ilə oyun da daxil olmaqla, ümumi toplanış necə keçir?
– Məşqlərə başladığımız ilk gündən hər kəs həvəslidir. Üçüncü və dördüncü dövrədə daha yaxşı oynayıb nəticə qazanacağımıza ümidliyik. Bu da bizi sevindirir. Matçlarda da gördüyünüz kimi, iki heyətlə mübarizə apardıq. Belə etdik ki, bütün oyunçular oyun yükünü götürə bilsinlər və hər birinə inandığımızı görsünlər. Hər kəsə hər an şans verib oynada bilərik.

– Yoxlanışda olan və maraqlandığınız futbolçular var?
– Ədilxan bizdə yoxlanışdadır. Ümid edirik, bu matçdan sonra qərarını verəcək. Başqa əlaqə saxladığımız futbolçular da var, amma haqqında yekun qərar verdiyimiz kimsə yoxdur.

Təxminən neçə oyunçu ilə danışıq aparırsız?
–  Daha çox müdafiənin sağına oyunçu istəyirdik. Bir də sol ayaqlı stopper istəyirik.

–  Yeni legionerlər və ya vidalaşdıqlarınız olacaqmı?
– Danışıq apardığımız legioner yoxdur. Bu gün əlimizdə olan futbolçulardan daha çox istifadə etməyə çalışırıq. Vidalaşmaq istədiyimiz yox, oynamaq üçün daha çox şans qazanmaq istəyən futbolçular var ki, onlar bizlə əlaqə saxlayırlar. Biz özlərinə də demişik ki, kimsə daha çox oynamaq şansı qazanacağı klub axtarırsa, gəlib müraciət edə bilərlər.

Nianenin və Vasilyuçekin  gedişi barəsində xəbərlər var. Bu xəbərlər həqiqəti əks etdirir?
–  Vasilyuçekinin  özünə məlumat vermişik. O, rəhbərliklə danışır. Nianeyə gəlincə, tam olaraq onun yanaşmasından çox şey asılıdır. Çünki daha çox diqqət istəyən, meydanda daha çox olmaq istəyən futbolçudur. Özü müraciət etmək istəsə, tam olaraq danışmaq olar.

Qısa müddət ərzində komandada nələri dəyişə bilmisiniz? Eyni zamanda nələri dəyişməkdə çətinlik çəkirsiz?
– Daha çox futbolçulara öz istədiyimiz oyun tərzini aşılamaq istəyirik. Bu barədə bir az çətinliyimiz var. Çünki bəzən tam olaraq istədiklərimizi ala bilmirik. Bəlkə də bu təbiidir. Çünki vaxt azdır. Baxmayaraq ki, fasilələr var, amma yenə də bu zaman kəsiyində nəyisə aşılamaq asan bir şey deyil. Meydanda və meydandan kənarda futbolçularla danışırıq. Hər biri ilə söhbət edirik. Onlara istəklərimizi bildiririk. Oyun aspektində sürəti artıra bilmişik. Amma daha yaxşı nəticələr qazanmaq üçün yetərli deyil. Futbolçular daha yaxşı ola bilərlər.

Sizcə, Premyer Liqada qalmaq, yoxsa üst pillələrdə yer alma daha realdır?
– İlk qarşımıza qoyduğumuz məqsəd komandanı Premyer Liqada saxlamaqdır. Bu yolda nə qədər uğurlu olsaq, komandanın xeyirinədir.

Tovuzda, yoxsa Qəbələdə oynayacaqsız?
– “Turan Tovuz”la oyunu Qəbələdə keçirəcəyik.

Yayılan məlumata görə, “Turan Tovuz”la matçın Qəbələdə keçirilməsini siz istəmisiz. Bu doğurdur?
– Bilirik ki, Tovuzun azarkeş dəstəyi çox böyükdür. Eyni zamanda, Gəncədə də belədir. Neytral meydanda olanda hər iki tərəfdə bərabər olur.

Ümumiyyətlə, mövsümü Qəbələdə keçirmək istəyiniz var?
– Burada meydanın təbii ot örtüklü olması bizim üçün daha önəmlidir. Amma hər şeyi nəzərə almalıyıq. Ona uyğun da qərar verməliyik.

İcarədə olan oyunçular haqqında maraqlandığınız doğrudur?
– Biz heç kim barədə danışmamışıq. Heç bir söhbət də olmayıb.

Seçilən
256
50
idmanxeber.az

10Mənbələr