AZ

Bakıdakı ATƏT seçki missiyasında qalmaqal - nə baş verir?

Deputatdan açıqlamalar: “O missiyanın tərkibində seçkilərə obyektiv qiymət verənlər, vermək istəyənlər olacaqsa belə, həmin kəsləri prosesdən dərhal çıxdaş edəcəklər və...”

Azərbaycanda tarixi seçkilərə bir gün qaldı. Həmişəki kimi, səsvermə prosesini, ümumiyyətlə, seçki prosesini əvvəldən axıradək beynəlxalq təşkilatlardan olan missiyalar da müşahidə edir. 

Bu arada ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühitinin, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikaların yaşandığı barədə ilginc məlumat yayılıb (Axar.az). Bildirilir ki, missiyanın tərkibində olan ABŞ nümayəndələri dominantlığı ələ almağa və hamını təzyiq altında saxlamağa çalışırlar. Onlar nəinki uzunmüddətli və qısamüddətli sıravi müşahidəçilərə, hətta missiyanın rəhbərliyinə belə təzyiq göstərir. Seçkilərlə bağlı missiya üzvlərinin azacıq da olsa pozitiv besabatları, qeydləri isə dərhal cırılır və atılır.

Bəllidir ki, ATƏT seçkiləri müşahidə missiyalarının fəaliyyətini tənzimləyən daxili qaydalar var. Amma bu qaydalar ayaqlar altına atılır, elə təəssürat yaranır ki, Azərbaycanda bu müşahidə missiyasına başqa “missiya” tapşırılıb. Redaksiyaya daxil olan məlumatda daha sensasiyalı məqam da var: qeyd edilir ki, seçki günü ATƏT müşahidəçilərindən biri ilə polis arasında qarşıdurma mühiti yaratmaq və sonra da bunu “polis ATƏT müşahidəçilərinə işləməyə imkan vermədi, onlara qarşı zorakılıq tətbiq etdi” adı altında hesabata daxil etmək və bunu “dünyaya car çəkmək” planlaşdırılır.

Bundan başqa, missiyanın işinə cəlb olunmuş yerli insanlarla, məsələn, tərcüməçilərlə qəddar, təhqiramiz davranış halları var. Tərcüməçilərdən biri bugünlərdə təhqir olunub və alçaldılıb, ona qarşı şiddət tətbiq edilib və o, sarsıntı keçirib. İş o yerə çatıb ki, missiyaya daxil olan bəzi nümayəndələr bunu vicdanlarına sığışdırmayıblar və məsələyə müdaxilə edib onun qarşısını alıblar.

Məlumdur ki, ATƏT missiyasının tərkibində cinsi azlıqların nümayəndələri də var. Bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə həmin mənzərəni seyr edən yerli sakinlərin narazılığına səbəb olub.

Maraqlıdır: belə biabırçı ab-havanın hökm sürdüyü bir missiya seçki kimi məsuliyyətli bir prosesi necə adekvat qiymətləndirəcək? Davalar, qarşıdurmalar, etik qaydaların kobud pozulması, daxili qaydalara riayət etməmə, yerli insanlara qarşı alçaldıcı münasibət bir tərəfdən, amerikalılardan ibarət bir qrupun dominantlığı və hamını təzyiq altında saxlaması, əvvəlcədən hazırlanmış ssenari, hesabat, öyrədilmiş müşahidəçilər də digər tərəfdən.

Bədniyyətli çevrələrin bu dəfə seçki pozuntuları adı ilə ölkəmizə qara yaxmaq, şərləmək planı niyyəti baş tutacaqmı? 

Elşən

Elşən Musayev 

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in seçkiləri müşahidə missiyasının üzvləri prosesin lap əvvəlində siyasi partiya rəhbərləri ilə Milli Məclisdə görüş keçiriblər və həmin görüşlə bağlı şəxsi qənaət formalışıb: “Şəxsi qənaətim budur: Onlar dinləmirdilər, sadəcə danışırdılar. Onlar üçün prosesin mahiyyəti, əsl gedişatı qətiyyən maraqlı deyil və bu səbəbdən də nəticə barədə missiyanın obyektiv fikir söyləyəcəyi indidən şübhə doğurur.  Nəhayət, missiya üzvləri məlum görüşdə özlərini elə aparırdılar, guya hər şeyi bilirlər və bizimlə də yalnız nəyisə dəqiqləşdirməyə gəliblər.

Bir daha təkrar edirəm, bu mənim şəxsi fikrimdir. Amma həmin fikir də göydən, havadan formalaşmayıb. Səbəblidir. Təsəvvür edin, hələ namizədliyin şifahi formada elan edilməsi mərhələsində bunlar bizdən soruşurdular ki, namizədlərin insanlarla görüşünə, təmasına maneçilik törədilirmi? Dedim, şifahi namizədlik bilirsinizmi nədir? Hələ sadəcə arzu. Bunu reallaşdırmaq üçün isə imzalar toplanmalıdır, onların həqiqiliyi yoxlanılmalıdır, qərar verilməlidir, namizədlik təsdiq edilməlidir və yalnız bundan sonra sizin sualınıza cavab vermək mümkündür. Yəni demək istəyirəm ki, bunların hər sözündə sanki bir provokasiya, ironiya, qabaqdangəlmişlik, hirs və müştəbehlik vardı. Tam dəqiq desəm: Ən azından məndə bu təəssüratı yaratdılar və fəaliyyətləri ilə bağlı nikbin düşünməm üçün “əlyeri” qoymadılar".  

Deputat hesab edir ki, o missiyanın tərkibində seçkilərə obyektiv qiymət verənlər, vermək istəyənlər olacaqsa belə, həmin kəsləri prosesdən dərhal çıxdaş edəcəklər, verdikləri rəyləri nəzərə almayacaqlar, üzərlərinə “səlib yürüşü” təşkil edəcəklər. Artıq indidən müşahidəçilərin aralarında qalmaqalar, gərginliklər yaşandığı barədə yayılan xəbərlər də bunu təsdiqləyir: “İlkin görüntü budur. Çünki məqsəd və məram artıq hiss olunur. Bunların seçki ilə bağlı bəyanatları çox güman ki, ən az 2 ay bundan öncə hazırlanıb. 

Hər halda, gözləyək. Düşüncəm hazırkı vəziyyətdə budur və həmin düşüncələrlə bağlı yanılsam, ATƏT-in seçki müşahidəçilərinin timsalında ədalətli və obyektiv mövqe görsəm, buna ancaq sevinərəm".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Seçilən
195
2
musavat.com

3Mənbələr