AZ

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi” - ŞƏRH + FOTO

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı ilə Azərbaycanın yeni dövr üzrə prioritetlərini, o cümlədən daxili və xarici siyasət kursunun konturlarını aydın formada cızdı. Dövlət başçısı proqram xarakterli tarixi çıxışında daxili və xarici siyasətlə bağlı mühüm mesajlar verdi, azad olunan ərazilərdə yenidənqurma işlərindən tutmuş, kommunikasiya xətlərinin açılması və s. kimi məsələlərə toxundu. Bunlar arasında sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, orada həyatın yenidən canlandırılması, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı mühüm yer tutub. Təsadüfi deyil ki, tarixdə görünməmiş sürətlə aparılan quruculuq işlərini bölgəyə səfər edən əksər xarici qonaqlar, media nümayəndələri də xüsusi vurğulayırlar. Onlar hazırladıqları hesabat və reportajlarda bu amillər qabarıq əks olunur.

Qarşıdakı illər Azərbaycan tarixinə inqilabi yenidənqurma, bərpa-quruculuq dövrü kimi düşəcək. Bunu tam əminliklə deyə bilərik. Sözsüz ki, bunu şərtləndirən əsas amil də xalq-iqtidar birliyidir. İlham Əliyevin 2003-cü ildə Prezident kimi and içəndə verdiyi vədləri yerinə yetirməsi də bu qənaəti gücləndirir.

Azərbaycan liderinin andiçmə mərasimində toxunduğu prioritet məsələlərin bir qisminə nəzər salaq. Birincisi, Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda yekunlaşdırılacaq. Buna uyğun olaraq o vaxta kimi 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bu da yüzminlərlə insanın uzun illər həsrətində olduğu məsələdir. Bununla paralel olaraq, lazımı sosial infrastruktur yaradılacaq, xəstəxanalar, məktəblər, bağçalar, idman obyektləri tikiləcək, yollar çəkiləcək, 40 tunel və 90 körpü salınacaq. Bütün elektrik təsərrüfatı yenidən qurulacaq, dəmir yolları çəkiləcək. Füzuli və Zəngilanda iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. Yəni, geniş quruculuq işləri görülür və görüləcək. Əlbəttə ki, doğma yurduna qayıdan keçmiş məcburi köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq, şəhərlərin, rayonların, tarixi siması bərpa olunacaq.

İkincisi, dövlət başçısının prioritet kimi qiymətləndirdiyi məsələlər sırasında şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi kimi görməsidir. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.

Üçüncüsü, bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Prezidentin də vurğuladığı kimi, bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və Azərbaycan da bunu edir. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. Prezident də vurğulayıb ki, bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir: “İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir. Yəni, biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq”.

Dördüncüsü, Prezident xüsusi vurğulayıb ki, Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq, bu gün ölkəmiz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Gələcək də getdikcə rolumuz artacaq, müraciətlər də çoxalacaq.

Beşinci və ən mühüm olan məsələlərdən biri Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə münasibətlərin genişlənməsidir. Prezident vurğulayıb ki, siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Və bunu da dahiyanə şəkildə əsaslandırıb. “Bəli, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, deyə prezident vurğulayıb.

Altıncıs, şübhəsiz ki, Prezidentin Naxçıvanla nəqliyyat əlaqəsini vurğulaması Zəngəzur dəhlizinin açılacağına işarədir. Dövlət başçısının muxtar respublika ilə bağlantı məsələsini vurğulanması qarşıdakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılacağının ilkin işarəsi sayıla bilər. Reallıq odur ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi yeni dövrün başlanğıcını qoyub. İlham Əliyev bu dövrdə böyük uğurlara imza atılacağı söylədi. Hədəf güclü Azərbaycandır. Xaricdən bizə sırınan gündəlik, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması artıq gündəmdə olmayacaq. Güclü Azərbaycan artıq özü həm daxili, həm də xarici gündəliyi diktə edən tərəfdir.

Beləliklə, fevralın 14-də keçirilən andiçmə mərasimi Azərbaycan tarixinə ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunandan sonra baş tutan ilk inauqurasiya kimi düşdü. Dövlət başçısı çıxışında yeni dövr üzrə hədəfləri müəyyənləşdirdi, buna keçidin əsasını qoydu və prosesi mükəmməl siyasi hadisəyə çevirdi.

“Report” İnformasiya Agentliyi

Seçilən
535
39
oxu.az

10Mənbələr