AZ

Azərbaycan Bəstəkarlar İttifaqında yeni kitabın təqdimatı olub

Bakı, 3 aprel, AZƏRTAC

Aprelin 3-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarından elmi məqalələr” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri layihənin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarının əhəmiyyətindən danışıb. O, Bəstəkarlar İttifaqının bu festivallarda fəal iştirak etdiyini qeyd edib: “Bu mənada festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfransların keçirilməsi sanki bir ənənəyə çevrilib. Həmin konfranslarda çıxış edən musiqişünaslar Üzeyir bəy yaradıcılığının daha dərin qatlarını tədqiq edərək maraqlı çıxışlar ediblər. Bu elmi konfranslarda Üzeyir bəyin yaxın silahdaşı Müslüm Maqomayevin yaradıcılığından da bəhs olunub. Yeni topluya daxil olan məqalələr məhz bu illər ərzində festival çərçivəsində elmi konfranslarda iştirak edən müəlliflərin çıxışları əsasında tərtib olunub”.

Bu məqalələr toplusunu o, həm də Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqələndirib, yubiley çərçivəsində daha bir neçə maraqlı nəşrin işıq üzü görəcəyini və tədbirin keçiriləcəyini söyləyib.

Bildirilib ki, kitabda tanınmış və gənc musiqişünas alimlərin elmi məqalələri yer alıb.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq üzrə elmlər doktoru Kamilə Dadaşzadə, nəşrin redaktorları, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Günay Məmmədova və Aytən Babayeva çıxış edərək yeni çap olunmuş bu kitabın Üzeyir bəy irsinə daha bir dəyərli töhfə olduğunu vurğulayıblar.

Təqdimat mərasimində Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev və pianoçular Günel Rəhimova, Gülnaz Eldarlının ifasında Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
3
azertag.az

4Mənbələr