AZ

Fuad Muradovla birləşib məmurları şantaj edən qadın kimdir?

Ötən il saxlanılan Milli Fədailər Hərəkatının rəhbəri Fuad Muradovun hansı vəzifəlilərdən hədə-qorxu ilə pul alması məlum olub.

Lent.az-ın məlumata görə, bu məqsədlə F.Muradov G.Hacıyeva və R.Paşşanovla cinayət əlaqəsinə girib. Əvvəlcə G.Hacıyeva 2023-cü ilin yanvar ayında Ə.Əliyevlə görüşüb. Bu zaman o, aralarında olan danışıqları öz telefonu ilə qeydə alıb. G.Hacıyeva həmin səs yazılarını Ə.Əliyevin həyat yoldaşı və digər ailə üzvlərinə təqdim edəcəyini bildirərək, zərərçəkəndən 3000 manat pul alıblar.

Cinayətkar qrupun razılaşmasına əsasən G. Hacıyeva həmin ilin mart ayında Ə. Musayevlə yaşadığı evdə görüşüb və onunla könüllü cinsi əlaqədə olub. Bütün baş verənləri də otaqda yerləşdirdiyi kamera ilə çəkdiyini deyərək videomaterialı həyat yoldaşı və ailə üzvlərinə göstərəcəyini deyib. Bununla da qadın Ə. Musayevin 12 min manatını ələ keçirib.

Onların növbəti qurbanı isə R. Nağıyev olub. G. Hacıyeva onunla “Whatsapp” tətbiqi ilə danışıb. Aralarında olan rüsvayedici danışıqları zərərçəkənin ailə üzvlərinə göndərəcəyi ilə hədələməklə ondan 6500 manat pul alıb.

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciəti əsasında G. Hacıyeva 2023-cü ilin oktyabr ayında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə pul tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham elan olunub.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə G. Hacıyeva barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin G. Hacıyeva ifadəsində, F. Muradovun onu qeyd olunan cinayət əməllərini törətməyə məcbur etdiyini deyib. Onun sözlərinə görə, F. Muradovu tanıyana qədər belə hərəkətlər etməyib.

Hazırda məhkəmə istintaqı davam edir.

Seçilən
59
3
avtosfer.az

2Mənbələr