AZ

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Syasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. 

Uzun müddət bu istiqamətdə tədqiqatlar aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənilməsi və təhlil edilməsinə nail olmuş, həm də mövcud təcrübəsindən bəhrələnərək milli təhlükəsizliyin təminatı prosesinin praktik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada milli təhlükəsizliyin mahiyyəti, predmeti, kateqoriyaları, tədqiq və tətbiq metodlarının aydınlaşdırılmasından başlamış, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətləri, bu siyasətin hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, parametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. Bununla yanaşı, müasir dövrdə Avropa təhlükəsizlik strategiyasının əsasları və aparıcı dövlətlərin, o cümlədən ABŞ, Fransa, Yaponiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Ukrayna və sair ölkələrin milli təhlükəsizlik strategiyaları barədə məsələlərin tədqiqi, bu sahədə həm dünya, həm də Azərbaycan alimlərinin, ekspert və mütəxəssislərinin yanaşmalarının hərtərəfli araşdırılaraq təhlil süzgəcindən keçirilməsi monoqrafiyanın elmi-praktik əhəmiyyətini daha da artırmışdır.

Cəlil Xəlilovun milli təhlükəsizlik siyasəti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələrinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti yanında İdarəçilik Akademiyasında tədris prosesi ilə məşğul olması ilə əlaqədardır. Onu da qeyd edim ki, bu imkandan lazımınca faydalanan müəllif bir neçə il əvvəl ölkədə milli təhlükəsizlik siyasəti məsələlərinin tədqiqinə həsr edilmiş ilk geniş həcmli və elmi ictimaiyyətin diqqətini çəkən “Milli təhlükəsizlik strategiyası” adlı monoqrafiya yazaraq çap etdirmiş, bu əsər respublikanın bir sıra ali və xüsusi təhsil məktəblərinin tədris proqramlarına dərslik kimi daxil edilmişdir. Cəlil Xəliovun adıçəkilən elmi əsərlərindən əlavə bu mövzuda yazdığı ilk tədqiqat işi olan və milli təhlükəsizlik məsələlərinin spesifik istiqamətlərindən birinə həsr edilmiş “Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu” kitabı da mütəxəssislər və tədqiqatçılar tərəfindən kifayət qədər maraqla qarşılanmışdır. Əlbəttə, “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası müəllifin bu sahə üzrə araşdırma və çalışmalarının yekunu, elmi-nəzəri və praktik cəhətdən təkmilləşdirilmiş nəticəsi sayıla bilər.

Ən qədim dövrlərdən başlayaraq əvvəlcə insan (fərd), sonrakı inkişaf mərhələlərində insan birlikləri (icma, qəbilə) və nəhayət, dövlət və cəmiyyət miqyasında qiymətləndirilən təhlükəsizlik probleminin həlli, yaşayış və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb etmişdir. Şəraitin və miqyasın dəyişməsi ilə yeni mahiyyət qazanan və etibarlı təminatı üçün fərqli üsullar və vasitələr tələb edən təhlükəsizlik məsələsində yeni dünya düzəninin formalaşdığı “Vestfal sülhü”nün imzalanmasından (1648-ci il 24 oktyabr) sonra fundamental dəyişikliklər baş verdi. İlk dəfə suverenitet anlayışının qəbul olunduğu və müasir beynəlxalq hüququn əsasının qoyulduğu bu sülh sazişi dövlətlərarası münasibətlərin əsas prinsiplərini müəyyənləşdirərək, bərabər hüquqlu dövlətlərin yaranması və öz üzərlərinə mümkün problemlərin sülh yolu ilə həlli öhdəliklərini götürmələri, birgə asayiş ideyasını dəstəklənməsi ilə tarixə düşdü. Beynəlxalq münasibətlərin özünü doğrultmayan iyerarxik qaydalarını dağıdaraq, əvəzində qanunlara əsaslanan qarşılıqlı əməli mexanizmlər yaradan “Vestfal sülhü” yeni dünya düzəni qurulması ilə yanaşı, ümumi və dövlət təhlükəsizliyi məsələlərinə münasibəti də kökündən dəyişdirdi. Artıq dövlətlərin və xalqların təhlükəsizliyinin etibarlı təminatı məsələləri onlar arasında qarşılıqlı münasibətlərin səviyyəsindən və inkişafından birbaşa asılı vəziyyətə düşürdü.

20-ci əsrdə Birləşmiş Millətlər Təşkilatının və müxtəlif dövlətlər birliklərinin yaranması, xüsusi ilə kollektiv təhlükəszizlik anlayışının meydana çıxması milli təhlükəsizlik məsələlərinə tamamilə yeni yanaşma metodlarını və tələbləri formalaşdırdı. Milli təhlükəsizlik anlayışının yeni məzmun kəsb etməsi ilə bu sahədə həm elmi-nəəri, həm də praktik baxımdan əsaslı dəyişikliklər baş verdi. Dünyanın kürəsəlləşdiyi indiki dövrdə bu məsələyə yanaşmalarda daha sürətli dəyişikləri müşahidə edilməkdə, yeni baxışlar formalaşmaqdadır. Ancaq nə qədər parodoksal səslənsə də, deyə bilərik ki, milli təhlükəsizlik anlayışı öz ilkin, bəsit qavramından təsəvvürəgəlməz dərəcədə kənarlaşıb, ən müasir yanaşma metodları tələb etsə də, əsl mahiyyətindən, ibtidai insanın təhlükəsizliyə olan ehtiyacı dərk etməsindən çox da uzaqlaşa bilməmişdir. Baxmayaraq ki, milyon il əvvəl təhlükəsizliyi üçün (qida, təhlükısiz məskən, vəhşi heyvanlardan və düşmən qəbilələrdən müdafiə olunmaq və sair) yollar axtaran ibtidai insandan fərqli olaraq tələbatına uyğun olaraq təhlükəsizliyinin təminatına daha böyük ehtiyac duyan çağdaş insanın bu tələbatlarının ödənilməsi daha təkmil vasitələr tələb edir. Ancaq hər iki halda təhlükəsizlik təminatının təxirəsalınmazı zərurəti azalmayıb, əksinə yeni təhdid və təhlükələr fonunda daha da artıb və artmaqda davam edəcək.

Siyasi elmlər üzrə fəlsəfə doktoru C.Xəlilovun  təhlükəsizlik nəzəriyyəsinin ölkəmizdə yeni bir elm sahəsi kimi dərindən araşdırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəllifin bu istiqamətdə tədqiqatlarının əahatə dairəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. Bu baxımdan C.Xəlilovun öz arqumentlərini ardıcıl xətlə və istisnasız olaraq elmi-nəzəri cəhətdən əsaslandırmaqla mövzunu sadədən mürəkkəbə doğru təkamül prosesi kimi təqdim etməsi və bu sahədə mövcud elmi-nəzəri bazadan səmərəli istifadə ilə genişləndirməsi təqdirəlayiqdir. Bütün bunlar mövzunun şərhində beynəlxalq miqyasda qəbul olunmuş yanaşmaların, sadəcə, təkrarlanması deyil, yenidən dəyərləndirilməklə, elmi təhlil əsasında təqdim edilməsinə imkan vermişdir.

Monoqrafiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin təşkili, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqanlarının bu sahədəki vəzifələri, səlahiyyətləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslandırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyərləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin vacib məqamlarına toxunmuşdur. Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər və digər məqamlar da də ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilməsindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətindən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə yaşıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. Bu mənada müəllifin Azərbaycan Respublikasında ölkə həyatının müxtəlif sahələrində təhlükəsizliyin təminatı sahəsində həyata keçirilməlo olan tədbirlərlə bağlı mülahizələri, elmi və təcrübi cəhətdən mükəmməl şəkildə əlaqələndirilmiş bitkin fikir və qənaətləri xüsusi maraq kəsb edir.

Müəllif həmçinin Azərbaycan Respublikasında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində, müvafiq sistemin formalaşmasında həm sovet dövründə, həm də müstəqilliyin bərpasında sonrakı illərdə dövlət tərəfindən görülən ardıcıl tədbirlərdən bəhs etmiş, bu istiqamətdəki fəaliyyətin bir sıra nəticələrini təhlilə cəlb edərək, lazımi nəticələr çıxarmışdır. O, haqlı olaraq İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdirilməsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsizlik sistemləri ilə münasibətlərinin bu reallıqlar zəminində təşəkkül tapması zərurətini xüsusi vurğulamışdır. Hazırda Azərbaycan dövləti tərəfindən milli təhlükəsizliyin təminatı sahəsində müasir çağırışların hərtərəfli nəzərə alındığını, müvafiq dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirildiyini diqqətəlayiq hal kimi qiymətləndirmişdir.

Milli təhlükəsizlik siyasətinin etibarlı təminatı sahəsində aparılan fəaliyyətin hüquqi tənzimlənməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasının vacibliyi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətin təhlili də müəllif tərəfindən çox doğru olaraq monoqrafiyanın mühüm tədqiqat obyektlərindən biri kimi seçilmişdir. Belə ki, “Milli təhlükəsilik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlarından, Azərbaycan Respublikasının milli təlükəsizlik konsepsiyası, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər strateji sənədlərdən irəli gələn vəzifələr, qanunvericiliyin tətbiqi mexanizmləri barədə kifayət qədər əsaslandırılmış mülahizələr irəli sürən müəllif Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu istiqamətdə daimi və səmərəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd etmişdir.

Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqamlar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin ortaya çıxmasına nail olunmuşdur. Mövzunun elmi-nəzəri təhlilində kifayət qədər geniş və bu sahədə həqiqi dəyərə malik olan elmi və elmi-publisistik ədəbiyyatdan (Azərbaycan, rus və ingilis dilində) istifadə olunması da monoqrafiyanın elmi dəyərini daha da artırmışdır. Bu sanballı monoqrafiyanın Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında, bu mövzunun tədris edildiyi digər xüsusi və ali məktəblərdə tədris vəsaiti kimi istifadə ediləcəyinə, eləcə də milli təhlükəsilik məsələlərinin araşdırılması ilə məşğul olan alimlərin, tədqiqatçıların və mütəxəssilər üçün dəyərli mənbə olacağına inanırıq.

Lətif Babayev, tarix üzrə fəlsəfə doktoru.

Seçilən
156
redaktor.az

1Mənbələr