AZ

Bu hadisə daha bir məsələyə yağlı nöqtə qoydu - Kamran Bayramov

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, cari məsələlər zamanı çıxış edən deputat Kamran Bayramov Qazaxın kəndlərinin azad olunmasından danışıb.

O bildirib ki, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin ilkin mərhələsində Qazaxın işğal altında olmuş qeyri-anklav kəndlərinin ölkəmizin nəzarətinə qeyd-şərtsiz qaytarılması barədə razılığa gəlinib:

“Azərbaycan və Ermənistan ortaya çıxan məsələləri müstəqil şəkildə həll etməyə qadir olduqlarını bir daha sübut etdilər. Ermənistanın Tavuş vilayətində revanşistlər nə qədər həyasızlıq etsələr də, Azərbaycan istəyinə nail oldu”.

Deputatın sözlərinə görə, heç bir şübhə yoxdur ki, bu hadisə sərhədlərin real delimitasiyası prosesinin bünövrəsini qoydu və onun ilk addımı məhz Qazax rayonunda atıldı:

“Çünki Azərbaycan delimitasiyanın konkret olaraq strateji əhəmiyyət kəsb edən bu ərazidən başlanılmasını israrla tələb edirdi və tələbin yerinə yetirilməsinə nail oldu”.

Deputat qeyd edib ki, əldə olunmuş razılıq Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxarılması da daxil olmaqla, mühüm qələbələr silsiləsində yeni bir mərhələ oldu:

“Biz bir daha şahidi oluruq ki, cənab Prezidentin irəli sürdüyü tələblər təmin edilir, qurduğu planlar isə dövlətimizin milli maraqlarına tam uyğun həyata keçirilir. Bu arada Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Qərb dairələri delimitasiya prosesinə müxtəlif yollarla təsir göstərməyə, Ermənistanın tərəfini tutmağa çalışsalar da, cənab İlham Əliyev onların müdaxiləsinin qarşısını qətiyyətlə almağı bacardı. Hətta onlar tərəfindən razılaşmanın alqışlanmasına və dəstəklənməsinə nail oldu. Artıq aydın görünür ki, Qərb adlanan dırnaqarası “sülhməramlılar” və “vasitəçilər” Azərbaycan-Ermənistan dialoquna və danışıqlarına nə qədər az müdaxilə etsələr, Cənubi Qafqaza sülh və sabitlik bir o qədər tez gələcək. Eyni zamanda, bu hadisə daha bir məsələyə yağlı nöqtə qoydu. Azərbaycanın guya Ermənistana hücuma və müharibəyə hazırlaşması ilə bağlı Fransanın və kollektiv Qərbin apardığı təbliğat darmadağın edildi. Artıq hamıya bəlli oldu ki, bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir əlaqəsi olmayan çirkin oyunun, qarayaxma kampaniyasının tərkib hissəsi idi. Son bir neçə gündə baş verən və hər iki ölkə üçün müsbət xarakter daşıyan hadisələr cənab Prezidentin çoxdan söylədiyi fikirləri sadəcə təsdiq etdi - Cənubi Qafqaz regionunda davamlı sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi Ermənistanın Azərbaycanla vasitəçisiz, havadarsız birbaşa dialoqun və təmasların davam etdirilməsindən keçir. Zaman da göstərdi ki, bu, alternativi olmayan yoldur”.

E.Paşasoy,
Musavat.com

Seçilən
66
1
musavat.com

2Mənbələr