AZ

“Avropa Parlamentinin qətnamələrinin hüquqi qüvvəsi yoxdur, amma…” – Natiq Cəfərli ilə MÜSAHİBƏ

Azərbaycanda mühüm hadisələrin baş verdiyi bir vaxtda Avropanın bir sıra qurumları ölkəmizə qarşı müxtəlif neqativ addımlar atmağa hazırlaşırlar. Bunu dünən Avropa Parlamentində (AP) ölkəmizə qarşı yeni qətnamə layihəsinin müzakirəyə çıxarılması da sübut edir.

KONKRET.az qətnamə ilə bağlı REAL Partiyasının icra katibi, tanınmış ekspert Natiq Cəfərli ilə danışıb.

– Qətnamənin qəbul olunması nəyi dəyişəcək?

– Əvvəla, Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır. Belə sənədlərin qəbulu ictimai rəy yaratmaq baxımından lazım olur və ictimai rəyə də təsir edir. Amma onların hüquqi qüvvəsi yoxdur. Çünki buna bənzər qətnamələr əvvəllər də olub.

– Avropalı parlamentarlar Rusiya və Belarusa olan prinsipial yanaşmanın Azərbaycana da şamil olunmasına çağırışlar edirlər. Bu, ədalətsiz yanaşma deyilmi?

– Görünən odur ki, bir çox ölkələr, deputatlar və Qərb dairələri məsələləri belə qoymaqla, Azərbaycana başqa yöndən təzyiq və təsir göstərmək imkanları əldə etməyə çalışırlar. Məsələn, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı çox həyasızcasına səsvermə hüququndan məhrum edəndə, orada Qarabağda, Xankndidə baş verənlərə çox qeyri-obyektiv və haqsız qiymət verilmişdi. İndi buna bənzər qətnamələri qəbul edərək, məhz bu yöndən də Azərbaycana təsir fürsətləri yaratmağa çalışırlar.

– Yeri gəlmişkən, qətnamə layihəsində həbsdən çoxdan buraxılmış jurnalist Rüfət Muradlının da adı var. Qətnamə layihəsində o, həbsdə olan jurnalist kimi göstərilib. Azərbaycan hakimiyyətinin xaricdəki tənqidçiləri bunu “texniki qüsur” kimi qələmə verirlər. Görünür, avropalı parlamentarları kimin azadlıqda olub-olmaması çox da maraqlandırmır, əsas say olsun. Buna münasibətiniz necədir?

– Gəlin açıq danışaq. Azərbaycanda insan haqları, media, vətəndaş cəmiyyəti ilə bağlı problemlər bu gün və dünən yaranmayıb ki? Həmişə olub. Bu, hamımıza və beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur. Amma son zamanlar bu mövzunun qabardılması həm də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyin tam bərpa etməsi ilə əlaqəlidir. Bir çox dairələr, çevrələr bunu həzm edə bilmir. Buna görə də müxtəlif bəhanələrlə Azərbaycanın üzərinə gəlirlər. Biz də bunu biliriksə, həmin bəhanələrə yol verməmək lazımdır.

– Azərbaycan hansı mövqeyi nümayiş etdirməli və hansı addımları atmalıdır?

– Burada məsələləri bir-birindən ayırmaq lazımdır. Azərbaycanda söz, mətbuat azadlıqları, vətəndaş cəmiyyəti ilə bağlı problemlər varmı? Var. Bunu inkar etmək üçün əsas yoxdur. Bunu etiraf edib, Qərbə, Avropaya xoş gəlmək üçün deyil, özümüz üçün problemləri həll etməliyik. Bu problemlər ölkə daxilində qanunvericiliyə uyğun olaraq həll edilməlidir. Bu, hansısa Avropa Birliyinin istəyinə görə yox, ölkənin demokratikləşməsi yönündə atılmış addım kimi nəzərdən keçirilməlidir. Çünki bu məsələlər ölkəmizin daxili problemləridir və onları həll etməyə çalışmalıyıq.

Vətəndaş institutları cəmiyyəti genişlənməli, media azadlığı, insan haqları ilə bağlı problemlər aradan qaldırılmalıdır. Təkrar edirəm: bu, kimlərəsə xoş gəlmək üçün yox, Azərbaycanın sivil inkişafının davam etdirilməsi, bu yolda addımlaması üçün mühümdür.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
66
konkret.az

1Mənbələr