AZ

Rusiya- Azərbaycan dostluğu iqtisadi əməkdaşlığın genişlənməsinə yeni töhfələr verir

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərini genişləndirməyi özlərinin priortiet xarici siyasətləri hesab edirlər. Çünki hər iki ölkə həm zənginliyinə, həm də coğrafi yaxınlığına görə iqtisadi əməkdaşlıqda maraqlıdırlar. Məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Rusiya Federasiyası ilə münasibətlərin nizama salınmasına mühüm töhfələr verdi. Keçmiş SSRİ-də və indiki Rusiya Federasiyasında Ulu Öndəri dahi şəxsiyyət və bacarıqlı dövlət adamı kimi qiymətləndiriblər. Məhz Sovet hökuməti dövründə Rusiyanın Sakit okeana çıxışını təmin edən Baykal-Amur Magistral dəmir yolunun qurulmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olmuşdur. Ulu Öndər hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyəti dövründə bu məsələyə xüsusi diqqət yetirirdi. Bu da onu deməyə əsas verir ki,  Heydər Əliyevin fədakar mövqeyi nəticəsində magistral dəmir yolu 1988-ci ildə istifadəyə verildi və bu gün də müasir Rusiyanın əsas dəmir yollarından biridir.

Həm Ulu Öndərin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra  Rusiya -Azərbaycan dövlətlərarası, hökumətlərarası və idarələrarası yüzlərlə müqavilə və sazişlər, o cümlədən iqtisadi sahədə 50-yə yaxın saziş imzalanıb və həyata keçirilib. Xüsusilə iki ölkə arasında 2008-ci ilin iyulun 3- də Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Eyni zamanda, 2022-ci il fevralın 22-də Moskvada aparılan danışıqlardan sonra iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. Sənədə əsasən, Rusiya və Azərbaycan tərəflərdən birinin təhlükəsizlik maraqlarına təhlükə yaranarsa, dərhal məsləhətləşmələrə hazırdır, milli maraqlara cavab verən və digər ölkələrə qarşı yönəlməyən hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Son 25 -30 ildə Azərbaycanda Rusiyanın iştirakı ilə 1,4 mindən çox şirkət qeydiyyatdan keçib ki, onlardan  300-ə yaxını Rusiya kapitalı ilə, qalanları isə birgə müəssisələr arasındadır. Respublikada təmsil olunan iri rus istehsalçıları, şirkətləri və bankları arasında "Qazprom", "Lukoyl", VTB Bank, "Avtovaz", "Rosselxozbank" var. Azərbaycanda “Kamaz” və “Ural” markalı yük avtomobillərinin istehsalı və yığılması layihələri həyata keçirilir, “Qazel” markalı avtomobillərin yığılması zavodu istifadəyə verilib.

Aprelin 22 də Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazıldı. Belə ki, həmin gün zərbaycan Prezidenti İlham Əliyevin Rusiya  Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına kömək edəcək. Moskvada hər iki prezidentin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilmişdir. Rusiya prezidenti bu magistral yolun tikintisində ulu öndər Heydər Əliyevin rolunu da xüsusi qeyd edib: «BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.»

Bu gün Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsinin 4,5 milyard ABŞ dollarına çatıb. Belə ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Bəli, bu gün ərazi bütövlüyünü  tam bərpa etmiş Azərbaycan dövləti regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Təbii ki, bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya sözügedən işgüzar səfəri məhz bu baxımdan tarixi hadisədir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
25
3
ikisahil.az

5Mənbələr