Bakı, 4 may, AZƏRTAC
Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında güclü yağışlar nəticəsində ölənlərin sayı 39-a çatıb, 70-ə yaxın insan itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyi bildirib.
Agentliyin məlumatına görə, güclü yağışlar indiyədək 235 bələdiyyəni, o cümlədən əyalətin paytaxtı Porto Aleqrini əhatə edən ən pis iqlim faciələrindən biri olub.
Bazar ertəsindən bəri davam edən yağışlardan sonra çaylar daşıb, körpülər dağılıb.
Güclü yağışlar qonşu Santa-Katarina ştatında da qeydə alınıb, daşqın və torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb.
Təbii fəlakət nəticəsində 24 mindən çox insan yurdundan didərgin düşüb.