AZ

Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - » AzadMedia.az



Bakı, 6 May — Azadmedia.az

Dünyadakı biomüxtəlifliyin qorunmasına fundamental töhfə verə bilən, çoxsaylı monitorinqlərin və kənd təsərrüfatı sahəsində qiymətli tədqiqatı işlərin nəticələrini özündə əks etdirən, nəyinki Respublikada hətda beynəlxalq flora aləmində əhəmiyyətli floristik mənbə sayıla bilən “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı yeni kitab nəşr olunub.

Azadmedia.az xəbər verir ki, ölkədəki flora aləminə həsr olunmuş kitabın müəllifi
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü Prof. İbrahim Cəfərovdur. Kitabın redaktoru, AMEA-nın vitse prezidenti akademik İradə Hüseynova, rəy verənlər akademik Tariyel Talıbov, akademiyanın müxbir üzvu, prof. Vaqif Novruzov, Türkiyə Cümhuriyyəti Ege universitetinin doktor professorları Mustafa Gümüş və Hatice Özoktandır.

Belə ki, “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı adından da göründüyü kimi bitki xəstəliklərindən bəhs edir, kitab 520 səhifə, 32,5 çap vərəqindən ibarətdir. Kitabda ölkədə becərilən dənli taxıl və dənli paxlalı bitkilər, texniki, tərəvəz, meyvə, giləmeyvə bitkilərinin patogen göbələk, bakteriya, virus, fitoplazma, aktinomisetlər və s. xəstəliklərindən bəhs edilir həmçinin onlara qarşı mübarizə yolları göstərilir.

Kitabın müəllifi AMEA-nın müxbir üzvü Prof. İbrahim Cəfərov kitab barədə bildirib ki,
“Qloballaşan dünyanın ən ciddi problemlərindən biri də insanların ərzaq təhlükəsizliyidir, bu dünyada 1 milyarddan çox insan aclıq və səfalət içərisində yaşayır, milyonlarla insan qarnını doyursa da gündəlik tələb olunan kalorini ala bilmir. Müharibələr, konfliktlər, qlobal iqlim dəyişmələri, su çatışmazlığı, bəzən sellər və digər kataklizmlər şəraitində kənd təsərrüfatı məhsulları istehsalında da ciddi problemlər yaşanır. İnsanın qida rasionunun 80%- dən çoxu bitkilərin payına düşür, lakin bitkilər də canlı orqanizmlərdir, onlar da digər canlılar kimi xəstələnir, minlərlə zərərvericilər onlara hücum edir, alaq otları ilə sirayətlənmələr də ciddi fəsadlar törədir. Bu nöqteyi nəzərdən BMT-nin FAO təşkilatı məlumat verir ki, dünyanın hətta inkişaf etmiş ölkələrində belə istehsal edilən kənd təsərrüfatı məhsullarının 40%-ə qədəri xəstəlik, zərərverici və alaq otlarının təsirindən itkiyə gedir, 10-12% məhsul isə saxlanma dövrü keyfiyyətini itirdiyindən çıxdaş edilir. Bir yandan planetin bir hissəsində aclıq, digər tərəfdən bu qədər itki… Bütün bunları nəzərə alarsaq, Kitab aqrar sahədə təhsil alan tələbələr, magistrantlar, doktorantlar, universitet müəllimləri, mütəxəssislər , fermerlər üçün qiymətli vəsaitdir.”


Nəzərinizə çatdıraq ki, Azərbaycanda kənd əhalisinin məşğulluğu və gəlirlərinin artı- rılmasında ərzaq bitkilərinin istehsalı ölkə qarşısında qoyulmuş prioritetlərdəndir. Ölkəmizdə müxtəlif torpaq iqlim şəraitinin mövcud olması aqrar sahədə tələb olunan əksər kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə şərait yaradır. Taxıl bitkiləri, xüsusən də buğda kənd təsərrüfatı məhsulları bazarının əsas tənzimləyicisi hesab olunur. Ondan un, qənnadı və makaron məmulatları, nişasta, pivə, spirt və başqa yeyinti məhsulları hazırlanır. Taxıl məhsullarından heyvandarlıq və quşçuluğun əsas yem bazası kimi geniş istifadə olunur. Ancaq hər bir halda bitkilərdə xəstəliklərin qarşlsının alınması hər bir şeydən önəmlidir. Bu mənada bitkilərdə fizioloji proseslərin pozulması, deformasiya, yanma, soluxma, quruma, müxtəlif ləkələrin, örtüklərin əmələ gəlməsi və başqa əlamətlərlə müşayiət olunan hər hansı bir qeyri-normal inkişaf xəstəliklərə səbəb olur. Bitkilərin normal inkişaf şəraitinin pozulması, ətraf mühitin və iqlim amillərinin təsirindən ortaya çıxan xəstəliklər qeyri-infeksion xəstəliklərə yol açır. Torpaqda bitkinin qida elementlərinin çatışmazlığından və yaxud həddindən artıq olması səbəbindən müxtəlif xəstəliklər əmələ gəlir. Bitki normal qidalanmadıqda zəifləyir, davamlılığı azalır. Təəssüf ki, belə bitkilər mikroorqanizmlər və zərərvericilərlə daha tez sirayətlənir. Bu tərz xəstəliklərin səbəbini aşkar etmək üçün bitkilərdə olan anormal əlamətlər aşkarlanmalı, sağlam bitki ilə olan hər bir fərq müqayisə edilməli və bu xəstəliklərə qarşı qarşı mübarizə yolları axtarılmalıdır. Bu minvalla yola çıxarsaq, “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitab Aqrar sahədə olduqca önəmli vəsaitdir.


Qeyd edək ki, “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı faydalı bitkilərin botaniki təsviri, bitki xəstəlikləri, ekologiyası, statusu, yayılması, istifadə sahələri ümumiyyətlə Azərbaycan florasının tibb və sənaye əhəmiyyətli potensial imkanlarının elmi əsaslarla dünyaya tanıdılması baxımından mühüm elmi nailiyyətdir.



Seçilən
190
43
azadmedia.az

10Mənbələr