AZ

"Qurban müəllimi tanıyan bilir ki..." - Mahir "Qarabağ"a qayıdıb-qayıtmayacağını "Futbol+"ə açıqladı

Mahir Emreli yenə diqqət mərkəzindədi: son günlər onun haqqında həm yerli, həm də xarici mediada çoxlu xəbər yayılır. Yanvardan bəri zədə üzündən yaşıl meydandan kənara qalan 26 yaşlı futbolçunun bu yay Zaqreb “Dinamo”sunu tərk edəcəyi deyilir.

Təcrübəli hücumçunun karyerasını Belçika və Şotlandiya klublarında davam etdirmək variantları var. Bir müddət öncə isə Mahirin vətənə qayıdıb icarə əsasında doğma klubu “Qarabağ”da forma geyəcəyi ilə bağlı fikirlər səslənirdi. Bəs Mahir necə seçim edəcək? Uzun-uzadı cəhdlərdən sonra, nəhayət, dünən onunla danışa bildim.

- Hazırda vəziyyətin necədi, komanda ilə məşqlərə qatılırsan? Mövsümün  sonuna qədər səni yaşıl meydanda görə biləcəyikmi?
- Vəziyyətim yaxşıdı. 4-5 həftədi məşqlərə qatılıram. Hər şey qaydasındadı. Ümid edirəm ki son bir neçə oyunda meydanda şans qazanacam.

- Xorvatiya və Azərbaycan çempionatlarını necə müqayisə edərdin? 
- Bu çempionatda mübarizə səviyyəsi daha üstündü. Komandaların bir-biri ilə mübarizəsi fərqlidi, futbola maraq daha yüksəkdi. Müqayisə etmək istəməzdim, ona görə ki, elə böyük fərq yoxdu. Yəni azarkeşin çoxluğu, derbilərin gərginliyi futbol üçün normal hallardı. Hətta burdakı derbilər o qədər gərgin keçir ki, əcnəbi hakimlər dəvət etməyə başlayıblar. Bu da çempionatin nə qədər maraqlı olduğunun göstəricisidi.

- “Qarabağ”a qayıdacağın, hətta Qurban Qurbanovun səni icarə əsasında klubda görmək istəyində olduğu haqda xəbərlər yayılıb. Bunlar nə dərəcədə doğrudu?  
- Belə xəbərlərin yayılması normaldı. Çünki “Qarabağ” mənim evimdi, böyük futbola addım atdığım yerdi. Bu gün “Dinamo” kimi bir kluba gələ bilmişəmsə, bunda “Qarabağ”ın, Qurban müəllimin, Rəşad Sadıqovun və bir çox insanların böyük rolu, dəstəyi olub. Onların hamısı ilə işləməyimin səyi nəticəsində bu uğurları qazanmışam. Belə xəbərlərin yayılması da normaldı. Amma mən bütün fikrimi çempionatımıza kökləmişəm. Var gücümlə məşq edirəm ki, son turlarda forma şansı qazana bilim. Çempion kimi və zədədən sonra meydana çıxmış, pozitiv bir ab-hava ilə  mövsümü bitirim. Qurban müəllimi tanıyan bilir ki, çempionluğu rəsmiləşdirsə belə, mövsüm bitməmiş heç vaxt transfer söhbəti ola bilməz.

- Həmçinin Belçika  və Şotlandiya klublarının sənlə maraqlandığı deyilir. Bu ölkələrdə legioner həyatı yaşamaq ehtimalın nə qədərdi?     
- Əlbəttə, istəyərəm. Belçika, xüsusilə də Şotlandiya liqası yüksək səviyyəli liqadı. Amma o barədə zamanı gələndə danışarıq. Sadəcə, mənə faydalı olacaq, xoşbəxt ola biləcəyim yer lazımdı. Mən hiss eləməliyəm ki, məni istəyən komanda ürəkdən istəyir. Bunu sözdə yox, əməli də göstərir. Həm də belə nüansları nəzərə alaraq seçim edəcəm. Çünki hər bir futbolçu oynadıqca xoşbəxt olur. Ona görə də vacib olan meydanda olmaq və komandanın aparıcı üzvlərindən olmaqdı.

- “Qarabağ”ın son oyunlarını izləyirsən?
- Zaman tapdıqca izləyirəm. Çünki bizdə də gərgin mübarizə gedir. Təbii ki, vaxtaşırı izləməyə çalışıram. Onların uğurlarına da sevinirəm.

- Avrokuboklara vəsiqə yolunda hansı klubları daha şanslı sayırsan?
- Məlum olduğu kimi, “Qarabağ”ın Avropada çıxış edəcəyi dəqiqdi. Digər namizədlərdən isə “Zirə” daha üstündü. Bu il həm fiziki, həm də taktiki planda yaxşı çıxış edirlər. Həvəsli komandadı, yaxşı heyəti var. Həm gənclərdən, həm də təcrübəli futbolçulardan qurulub. Düşünürəm ki, “Zirə”nin avrokuboklara qatılmaq şansı böyükdü.

RÖYANƏ OĞUZ

Seçilən
175
football-plus.az

1Mənbələr