AZ

"ASGHS"MMC-nin baş direktoru: Əsas məqsədimiz xidmət səviyyəsini yüksəltməkdir"

"Əsas məqsədimiz uçuş təhlükəsizliyinin idarə edilməsi sisteminin ən son nailiyyətlərini tətbiq etmək, sərnişinlərə göstərilən xidmət səviyyəsinin inkişafına və yüksəldilməsinə nail olmaqdır".
Bunu müsahibəsində "ASG Helicopter Services" şirkətinin baş direktoru Azər Qəzənfər oğlu Sultanov deyib.
Həmin müsahibəni təqdim edirik:
- Müasir Azərbaycanda mülki aviasiya sahəsində helikopter əməliyyatlarını aparan şirkət "ASGHS"MMC barəsində qısa məlumat verərdiniz.
- "ASG Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Zabrat aeroportunun ilk helikopter eskadrilyasının yaranma tarixi ötən yüzilliyin 60-cı illərinə təsadüf edir. Həmin vaxtdan Azərbaycanda dayanıqlı və inkişaf edən, yerli peşəkar kadrların hazırlığına və ən müasir hava gəmilərinin istismarına fokuslanmış mülki aviasiya sahəsi formalaşıb. Bu sahənin fəaliyyət tarixində ümummilli lider Heydər Əliyevin xüsusi rolu var. Mülki aviasiya iqtisadiyyatının dayanaqlı inkişafı və sabitliyin təmin olunmasında ölkə başçısının mühüm diqqət və dəstəyindən yararlanaraq, respublikanın helikopter hava parkının köhnəlmiş modelləri ən müasir "Airbus", "Sikorsky", "Leonardo Helikopters" kimi Qərb aviasiya nəhənglərinin istehsal etdiyi hava gəmiləri ilə əvəz olunub.
2008-ci ildən fəaliyyət göstərən Azərbaycan və Xəzər regionunun helikopter xidmətləri sahəsində aviasiya lideri "ASG Helicopter Services" MMC bu sahənin tələbatlarını təmin edərək hər il 55 mindən çox sərnişin habelə ixtisaslaşmış yüklər daşıyır.
Hazırda şirkətdə 500 nəfərdən çox əməkdaş çalışır, peşəkar uçuş heyəti, Azərbaycan və xarici mütəxəssislərdən ibarət mühəndis texniki heyət mövcuddur.
- Hal-hazırda hansı növ hava gəmiləri şirkət tərəfindən istismar edilir?
- Hazırda baza aeroportu hesab edilən "Zabrat hava limanı"nda yerləşən helikopter parkına "Sikorsky S-92A, Leonardo Helicopters AW139", AW109, "Airbus Helicopters AS-332L1", "Airbus Helicopters EC-155B1", Mi-8MTV helikopterləri daxildir.
2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Air Show 2023" sərgisi zamanı şirkətlər arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən görüşlərdə 2 ədəd yeni "Agusta Westland 189" tipli müasir helikopterlərin alınmasına qərar verilib.
- Rəhbərlik etdiyiniz şirkətin işçilərinin peşə hazırlığı barəsində nə deyə bilərsiniz?
- Şirkət mövcud olduğu müddət ərzində helikopter xidmətləri bazarında tanınıb, uğurla xüsusi sertifikatlaşmalardan keçib, şirkətin texniki heyəti həm yerli, həm də beynəlxalq "EASA Part-145" tənzimləyiciləri tərəfindən və digər beynəlxalq mərkəzləri tərəfindən sertifikasiya olunub, Avropanın "AgustaWestland" helikopterlərinin istehsalçısı "Leonardo" şirkəti tərəfindən "AW" tipli hava gəmiləri üçün "Təsdiq olunmuş Servis Mərkəzi" olaraq tanınıb. Şirkətin personalı ilkin və yenidən hazırlıq təlimlərini dünya miqyaslı tanınmış CAE, "HELİSİM", "COPTERSAFETY" kimi beynəlxalq təlim mərkəzlərində keçir və aviasiya sahəsində yüksək ixtisasa malikdirlər. Şirkətdə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislərdə çalışır.
Aviaşirkətimizin pilot heyəti helikopterləri üzən platforma və gəmilərə eniş etməli olurlar ki, bu da yüksək səviyyədə peşəkarlıq və bu növ uçuşların keçirilməsi üzrə böyük təcrübə tələb edir. Böyük qürur hissi ilə demək olar ki, şirkətin pilotlarının təqribən hamısı bu cür peşəkar keyfiyyətlərə malikdir. Şirkətin pilotları "Formula-1" yarışlarının havadan çəkilişlərini təmin etmək üçün Bakı şəhəri üzərində uçuşlar həyata keçirdirlər ki, bu da şəhər mühitində dəyişkən relyef üzərində uçuşlar etməyin mürəkkəb elementlərindən biridir.
- Hava gəmisinin uçuşu zamanı fövqəladə hallar baş verərsə hansı tədbirlər nəzərdə tutulub, ümumiyyətlə helikopterlərin təhlükəsiz uçuşları necə təmin olunur?
- Ulu öndərin kəlamını yada salmaq istərdim "Azərbaycan Hava Yolların"nın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təminatıdır.
"Uçuşların təhlükəsizliyi" bizim aviaşirkətimiz üçün də bir nömrəli prioritet məsələdir.
Qeyd etmək istərdim ki, şirkət Dövlət Mülkü Aviasiya Agentliyi tərəfindən Texniki Servis Cari və Əsaslı Təmir (MRO) təşkilatı kimi tanınıb, yəni uçuş yararlığının saxlanılması departamenti, Qərb və Şərq tipli hava gəmilərinə texniki xidmət anqarlarına, avadanlıqlara, alətlərə və peşəkar mühəndis texniki heyətə malikdir. Eyni zamanda şirkət ildə bir dəfə EASA (Avropa Beynəlxalq Aviasiya Agentliyi) tərəfindən aparılan texniki auditin nəticəsində Texniki Servis Mərkəzlərin fəaliyyəti üçün mühüm olan xüsusi "Part 145" təşkilatı Sertifikatının uzadılmasına nail olur. Həmin sertifikat şirkətin istismarında olan bütün hava gəmilərinin, habelə Avropanın istənilən ölkəsinə məxsus hava gəmisinə texniki xidmətin və təmirin aparılmasına hüquq verir.
Təbii ki, nəqliyyatda fövqəladə hallar baş verə bilər və şirkətdə belə fəsadların aradan qaldırılması üzrə ciddi prosedurlar hazırlanıb və təsdiqlənib. Əlavə olaraq belə halların baş verməməsi üçün preventiv tədbirlərin görülməsi üzrə də müvafiq uçuşların təhlükəsizliyinə və texniki xidmət aparılmasına bir sıra nəzarət sistemləri mövcuddur.
Bütün hava gəmiləri hava gəmisində baş verə biləcək nasazlıqlardan dəlalət edən indikator və operativ nəzarət sistemləri ilə təchiz edilib, fövqəladə hallarda qəza enmə avadanlıqları daim işlək vəziyyətdə saxlanılır. Əlavə olaraq nəzərəçarpacaq təhlükəsizlik amillərdən biri də odur ki, şirkətdə istismar olunan, sərnişin və yüklərin daşınmasına cəlb edilən bütün hava gəmiləri məhz ikimühərriklidirlər və bir mühərrikdə nasazlıq baş versə ikinci mühərrikin gücü ilə təhlükəsiz eniş etmək mümkündür. İstənilən halda uçuş zamanı hər hansı nasazlıq baş verərsə HG kapitanı uçuşu davam etdirmək və ya bazaya qayıtmaq qərarı verir. Şirkətin təhlükəsizlik siyasətinə əsasən hər hansı cüzi nasazlıq olarsa uçuş heyəti geri dönməyə üstünlük verir, bu o demək deyil ki, kritik vəziyyətdir, risklərin tam sıfıra bərabərləşdirmək məqsədini daşıyır.
Şirkət istismarında olan bütün hava gəmilərinin istehsalçıları ilə daim kontaktadır, istehsalçıların HG yararlığının müşahidə edilməsi, yeniliklərin yerləşdirilməsi və izlənməsi üzrə xüsusi proqram təminatına abunəçidir və davamlı iş aparılır, orijinal ehtiyat hissələrin təchizatı onlar tərəfindən təmin edilir. Şirkətin Keyfiyyət Sistemi yalnız Orijinal İstehsalçı (OEM) məhsulların təchizatını təmin edir, dublikat, boz və ya qara bazar məhsullarından istifadə edilməsini istisna edir.
Bundan başqa, insan faktoru üzrə nöqsanların qarşısını almaq üçün şirkətdə bütün hava gəmilərinin uçuş yararlılığının saxlanılması üzrə xüsusi proqram təminatından istifadə edilir. Bu proqram Kanada şirkətindən əldə edilib və xüsusi açarlarla istifadə olunur. Həmin proqram təminatı vasitəsilə hava gəmilərinə aid bütün komponentlərin və aqreqatların dövrü, təqvimi təmiri və inspeksiya müddətləri avtomatik izlənilir və xüsusi indikatorlar vasitəsilə elektron poçt şəklində texniki departamentə məlumatlar ötürülür. Həmin məlumatlar əsasında lazımi komponentlərin vaxtında dəyişdirlməsi və təmirə göndərilməsi təşkil edilir.
Xüsusi diqqət şirkətin anbarlarına yönəldilir. Burada müəyyən ehtiyat hissələrinin və alətlərin saxlanılması şəraitinə fərqli yanaşma tətbiq edilir. Belə ki, bir sıra məsrəf materialların, alətlərin və komponentlərin saxlanılması üçün xüsusi saxlanma sahələri mövcuddur, sahələrdə rütubətin və hərarətin tələb edilən səviyyədə saxlanılması üçün müvafiq avadanlıqlar quraşdırılıb və işlək vəziyyəti daim izlənilir.
- Hava gəmilərini idarə edən uçuş heyətin ixtisas səviyyəsini necə qiymətləndirirsiniz?
- Uçuş heyətinin ixtisas səviyyəsini yüksəltmək, uçuşların təhlükəsiz yerinə yetirilməsi, öncədən keçdikləri təlimlərdən asılıdır.
Məsələn, qəza hallarını imitasiya edən qurğularda keçirilən təlimlər. Bu qurğularda pilotlar mümkün olan bütün qəza hallarının qarşısını almaq məqsədi ilə müvafiq təlimlər keçirlər və sonda imtahan olunurlar. Bu təlim hər pilot üçün ildə iki dəfə keçirilir. (hər 6 aydan bir)
Əlavə olaraq bildirim ki, əsas işimiz dəniz üzərində olduğu üçün nəinki pilotlar, hətta bütün dənizə uçan sərnişinlər belə hər üç ildən bir Su altında helikopterdən xilas olma təlimi (Helicopter Underwater Escape Training) keçirlər. Bu təlim xüsusən helikopter suya qəza enişi edərsə enmədən sonra ekipajın və sərnişinlərin HG-ni necə tərk etməsini öyrədir.
- Qeyri-ixtisas təlimləri də var ki, bunlardan "First Aid" (ilkin tibbi yardım), "Fire Fighting" (Yanğın zamanı yanğının söndürülməsi üsulları), DG (Təhlükəli yüklərin daşınması) göstərmək olar. Bütün uçuş heyətləri bu təlimləri keçirlər və bu təlimlərin vaxtının çıxmasına nəzarət proqramı da mövcuddur ki, hər bir pilotun istənilən təliminin vaxtının çıxmasına 30 gün, 15 gün, 7 gün və 1 gün qalmış ay ərzində 4 dəfə Təlim şöbəsinin rəhbərliyinə elektron məlumat göndərir. Təlim şöbəsi də öz növbəsində təlimlərin təşkil edilməsini və pilotların ixtisas səviyyəsinin yüksək səviyyədə saxlanılmasını təmin edir.
- Müasir tələblərə və çağırışlara görə iqtisadiyyatın istənilən sahəsində yeni termin SMS tətbiq edilir, bu nədir və sizin şirkətdə bu tətbiq edilirmi?
- SMS - abreviaturası "Safety Management System" kimi ifadə edilməklə tərcümədə "Təhlükəsizliyin İdarəetmə Sistemi" anlamına gəlir. Aviasiya industriyasında bu sistemin ərsəyə gəlməsində əsasən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) müstəsna rolu olub. SMS-dən bir sistem olaraq 2006-cı ildən etibarən həmin təşkilata üzv ölkələr tərəfindən istifadə edilməsi tövsiyə edilib və daha sonralar bu bir tələb formatına keçid edib. Təhlükəsizliyin idarəetmə sistemi (SMS) zəruri təşkilati strukturlar, hesabatlar, siyasət və prosedurlar daxil olmaqla, təhlükəsizliyin idarəedilməsində sistemli bir yanaşmadır. Sistem əsasən təşkilatda mövcud olar təhlükələrin təyin edilməsi, risklərin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin effektivliyinə əminlik yaratmaq kimi fəaliyyətlərin icrasını tələb edir. Daha açıq ifadə etsək, fəaliyyətimizdə bütün təhlükələr öncədən öyrənilməklə təhlil edilir, onların təsir sahələri müəyyən edilməklə yaratdığı risklər qiymətləndirilir və yalnız riskin dərəcəsi qəbuledilən səviyyəyə salındıqdan sonra qiymətləndirilən fəaliyyətin icrası məqbul hesab edilir.
Fəxr hissi ilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası məkanında, aviasiya industriyasında bu sistemi ilk tətbiq edən məhz "ASG Helikopter Services" olub ki, bunun da tarixi 2011-ci ilə təsadüf edir. Təşkilat olaraq bu sistemi daim təkmilləşdirməklə fəaliyyətimizdə tətbiq edir və bununla da prioritet hədəfimiz olan uçuşların təhlükəsizliyini təmin edirik.
Sonda qeyd etməyi vacib bilirəm ki, sərnişinlərə göstərilən xidmət səviyyəsinin daim artırılması, inkişafı və müasirləşməsi bizim üçün prioritet və önəmli məsələdir. Əsas hədəfimiz qayda və qanunlara şərtsiz əməl etmək, təhlükəsiz uçuşları təmin etmək, və mühüm iqtisadi əhəmiyyət kəsb edən neft sənayesinin işçilərinə qulluq etməkdən ibarətdir.
"ASG Helicopter Services" MMC helikopter xidmətləri sahəsində üzərinə düşən vəzifələrin icrasına və qoyulan tapşırıqlarla bağlı bütün zəruri fəaliyyətinin təmin olunmasına sadiqdir, ölkə aviasiyasının perspektiv inkişafına xidmət etməyə davam edəcəyini əmin edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
oxu.az

10Mənbələr