AZ

Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçirildiyi açıqlanıb

Azərbaycanda

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçirildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı AQTİ-nin İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov bildirib ki, sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq: “Bu kateqoriyalar iri və xırda buynuzlu heyvanların, qanadlı heyvanların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək. Sertifikatlaşdırma prosesi bir neçə mərhələdən ibarətdir. İlkin olaraq müraciət mərhələsində sertifikatı əldə etmək istəyən qida subyektləri halal qidaya dair ümumi tələblər üzrə uyğunluğu təsdiq edən sənədləri təqdim edəcəklər. Həmin sənədlər sertifikalaşdırma orqanının əməkdaşları tərəfindən yoxlanılacaq. Sənədlər uyğun hesab edildikdə, artıq müvafiq subyektlərdə yerində audit prosesi həyata keçiriləcək. Audit komandası texniki ekspertlərdən, auditorlardan, eyni zamanda İslam mütəxəssislərindən ibarətdir. Onların hər birinin müvafiq sahə üzrə beş ildən artıq təcrübəsi var. Audit prosesi uğurla həyata keçirilərsə, müvafiq sənədlər sertifikatlaşdırma komitəsinə təqim olunur. Sertifikat komitə tərəfindən təsdiq edildikdən sonra müvafiq sertifikat qida subyektlərinə təqdim ediləcək”.

İnstitut rəsmisi müraciət prosesinin asanlaşdırılması məqsədilə artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun veb-saytında təkmilləşdirilmə işlərinə start verildiyini də bildirib. O vurğulayıb ki, innovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq: “Veb-sayta əlavə edilən müvafiq bölmədə qiymət siyasəti, müraciət qaydaları, eyni zamanda halal qidaya dair ümumi tələblər barədə məlumatlar ətraflı şəkildə öz əksini tapacaq”.

Qeyd edək ki, AQTİ halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir.

İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib.

Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində “OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər” standartı üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.

Seçilən
95
8
azertag.az

10Mənbələr