AZ

Azərbaycan Mədəniyyət Mərkəzindən unikal layihə 

Azərbaycan mədəniyyəti, ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orjinaldan Türk dilinə tərcüməsi və nəşri layihəsinə start verib.

Musavat.com xəbər verir ki, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orjinaldan türk dilinə tərcüməsi məqsədi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ərzurum Atatürk Üniversiteti Fars Dili və Ədəbiyyatı bölümünün müdiri, professor, doktor, tərcüməçi Nimet Yıldırım arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tarixdə ilk dəfə olaraq “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsəri Türk dilinə tərcümə edilərək nəşr olunacaq.

Tərcüməçi Nimet Yıldırım “İskəndərnamə” əsərinin əvvəlki illərdə tərcüməsini həyata keçirib və əsər 2022-ci ildə Türkcə nəşr olunub. Lakin Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvi əsərlərinə Türkiyədə Türk dilində böyük tələbatın olduğunu nəzərə alaraq, “İskəndərnamə” əsərinin də “Xəmsə”yə daxil edilərək yeni buraxılışda nəşrini planlaşdırır.

Yekunda isə Azərbaycan Mədəniyyət Mərkəzi “Xəmsə”nin toplu halında Türkiyədə xüsusi nəşrini reallaşdırılacaq.

İmzalanma mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin daim Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə mühüm önəm verdiyini qeyd edərək, 2021-ci ildə dahi şair və mütəfəkkirin 880 illiyi münasibəti ilə Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyini vurğulayıb.

Samir Abbasov Prezident İlham Əliyevin Nizami Gəncəvi şəxsiyyəti haqqında fikirlərini qeyd edib: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si isə dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır”.

Tərcüməçi-alim Nimet Yıldırım dahi Azərbaycan şairi, bəşər ədəbiyyatının zirvəsi sayılan Nizami Gəncəvinin “Xəmsə”nin bütün əsərlərin orjinaldan Türk dilinə tərcüməsi layihəsinə sahib çıxdığı üçün Azərbaycan dövlətinə, dövlət başçısı İlham Əliyevə öz təşəkkürünü bildirib. O, Türk dünyasının qüruru olan Nizami Gəncəvi əsərlərinin çox az sayda türk dilinə tərcümə edildiyini və bu səbəbdən dünya şöhrətli şairin qardaş ölkədə geniş tandılması və təbliğinə ciddi ehtiyac olduğunu qeyd edib. Nimet Yıldırım Nizami Gəncəvi əsərlərinin tərcüməsinin həyata keçirməyin olduqca çətin, şərəfli və məsuliyyətli iş olduğunu qeyd edərək, bu təkrarsız layihəyə imza atdığına görə özünü xoşbəxt saydığını qeyd edib.

Professor, doktor Nimet Yıldırımın tərcüməçilik sahəsində böyük təcrübəsi var və o, ədəbiyyat camiəsi arasında nüfuzlu alim kimi tanınıb. Nimet Yıldırım Türkiyədə çox sayda tərcümələr həyata keçirib, o, tanınmış şair Firdovsinin əsərlərini və Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İskəndərnamə”ni də Farscadan türkcəyə çevirib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvinin “Xəmsə”si dünyanın müxtəlif dillərinə tərcüməsi həyata keçirilir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin xalq şairi Camal Kamal “Xəmsə”ni 2015-2020-ci illərdə orjinaldan özbək dilinə tərcümə edib və xüsusi nəşrlə buraxılıb. Bundan başqa, Nazirliyin layihəsi ilə 2021-2023-cü illərdə Misirli professor Abdelaziz Mostafa Mohamed Bakuşi Nizami Gəncəvinin “Xəmsə”sini ərəb dilinə tərcüməsini həyata keçirib və yaxın günlərdə sözügedən nəşrin də çapı nəzərdə tutulub.

Musavat.com

Seçilən
155
1
musavat.com

10Mənbələr