AZ

Bəzi rəhbərlər niyə yaxşı və pis işçini ayıra bilmirlər?

Günümüzdə bir çox müəssisə və təşkilatlarda, qurumlarda bəzi rəhbərlər yaxşı və pis işçini ayıra bilmirlər. Mövzunun məğzi isə odur ki, yaltaq işçilər daha çox “önə gedir”. Bunu müşahidə etmək üçün sosial şəbəkələrdə yazılan statuslara, əvvəlki iş yerindən ayrılan şəxslərin fikirlərinə diqqət etmək kifayətdir. 

Bəs bu məsələ nədən qaynaqlanır? Niyə yaxşı işçilər çox vaxt kölgədə qalırlar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Elmir Əkbər bildirib ki, cəmiyyətimizdə bu hal çoxdur:

“Normal əqli, zəka imkanları olmayanlar, hətta debillik dərəcəsi olanlar belə “qabağa gedirlər”, yer tuturlar. Bu da ondan  irəli gəlir ki, rəhbər vəzifədə olan bəzi şəxslərin peşəkarlığı kifayət dərəcədə deyil. Həmin şəxslər işçini hansı xüsusiyyətlərinə görə qiymətləndirməyi bilmirlər. İşçini iş bacarığına, şəxsi, psixoloji keyfiyyətlərinə görə deyil, yaltaqlığına görə qiymətləndirirlər. Çünki həmin şəxsin peşəkarlığı böyük bir sual altındadır. 

İkincisi isə bu cür rəhbərlərin çox ciddi daxili natamamlıq kompleksi olur. Sözügedən şəxslərin özünə inamı, güvəni yoxdur deyə təriflənməyə ehtiyac duyurlar. Buna görə də həmin şəxslər tərif deyən, yaltaqlanan adamlara xüsusi diqqət və dəstək ayırırlar.

Gözəl bir şeir var: “səhv düşəndə yerimiz”. Bəli, günümüzdə çox insanın yeri səhv düşüb. Rəhbər və liderlik xüsusiyyətləri olmayan insanlar müəyyən səbəblərdən, təsadüf nəticəsində rəhbər vəzifəsində oturanda nəticə acınacaqlı olur”.

Məhərrəm Əliyev, Bizim.Media

Seçilən
246
1
bizim.media

10Mənbələr