İyunun 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfərdə olan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yaxın Şərq ölkəsinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi mətbu orqanı Əmirlik Xəbər Agentliyi (WAM) məlumat yayıb.
“Prezident Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bu gün Əbu-Dabidə Qəsr Əl-Bəhrdə (Dəniz Qəsri – red.) Azərbaycan Respublikasının daxili işlər naziri Zati-aliləri Vilayət Eyvazovu qəbul edib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Vilayət Eyvazov BƏƏ liderinə Azərbaycan Prezidenti İlham Əliyevin “BƏƏ-yə davamlı çiçəklənmə və tərəqqi, habelə BƏƏ və Azərbaycan arasında münasibətlərin inkişafını” arzularını çatdırıb.
Görüşdə “ikitərəfli əlaqələr və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq müzakirə edilib”.
Digər məlumatda Vilayət Eyvazovun BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşərək “öz ölkələri arasında ikitərəfli əlaqələri və onların hər iki xalqın maraqlarına uyğun olaraq, xüsusilə təhlükəsizlik və polis sektorunda inkişaf etdirilməsi yollarını müzakirə ediblər”.