Bu ilin I rübündə Azərbaycan hökuməti 900 milyon ABŞ dolları (ümumi həcmin 39,35 %-i) dəyərində qiymətli kağızları (avrobondlar) geri alıb.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, bu məbləğdə olan qiymətli kağızların vaxtının bitməsi ilə əlaqədardır və ölkənin xarici borcunun azalmasına xidmət edən bir amildir.
“Kapital və maliyyənin hərəkəti balansında 1,6 milyard ABŞ dolları dəyərində kəsir yaranıb. Kəsir ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların maliyyə öhdəliklərin yerinə yetirməsi ilə bağlıdır. Yəni bu dövrdə ölkəmizin böyük maliyyə öhdəliklərinin azalması həyata keçirilib”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 35,4 %-ni və ya 2 milyard 287,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib. Bunun 900 milyon ABŞ dollarının (kupon ödənişləri 4,75 %) ödəniş müddəti 2024-cü ildə, 310,7 milyon ABŞ dollarının (kupon ödənişləri 5,125 %) ödəniş müddəti 2029-cu ildə başa çatacaq, 1 milyard 76,6 milyon ABŞ dollarının (kupon ödənişləri 3,5 %) ödəniş müddəti isə 2032-ci ildə başa çatacaq.