AZ

“Niyə 700 bal toplayan olmadı” sualına ekspertlərdən cavab

II və III ixtisas qrupları üzrə keçirilən imtahanlarda sualların çətin olduğu deyilir, amma...

II və III ixtisas qrupları üzrə imtahan verən abituriyentlərin qəbul imtahan nəticələri açıqlanıb. Nəticələrə görə imtahanda heç kim maksimum - 700 bal toplaya bilməyib.

Belə ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Qeyd edək ki, bu il buraxılış imtahanının iştirakçıları arasında 53 nəfər 300 bal toplayıb. Bir çox ekspertlər bir neçə abituriyentin bu il son illərdə qeydə alınmayan 700 bal toplayacağını proqnozlaşdırıb.

Onu da qeyd edək ki, I və IV qrupların nəticələri gələn həftə açıqlanacaq. Bundan başqa, növbəti ay qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdi keçiriləcək.

Təhsil eksperti Elçin Murad Modern.az-a bildirib ki, buraxılış imtahanının ötən illərə nisbətən asan olması bu il həddən artıq abituriyentin yüksək bal toplaması ilə nəticələndi, yəni bir növ balans pozuldu: “Birinci blok imtahanında isə keçən müsahibələrimdə də qeyd etdiyim kimi, suallar çətin oldu. Birinci blok imtahanında III qruplarda ədəbiyyat fənni, II qruplarda isə coğrafiya fənni çətin oldu. Digər fənlər isə çətin, orta və asan olmaqla qaydasında bölüşdürüldü. Bu mərhələdə ölkə üzrə 700 bal toplayan olmadı, ən yüksək nəticə 692 bal oldu”.

E.Murad qeyd edib ki, ikinci şans imtahanı da bu formatda olsa, həm plan yerlərinin artırılması, həm də blok imtahanlarında səviyyənin aşağı olması bəzi ixtisaslarda balların sabit, bəzi ixtisaslarda balların qalxmasına, bəzi ixtisaslarda isə balların enməsinə gətirib çıxaracaq: “Yəni yekun olaraq belə deyim ki, ikinci şans imtahanının nəticələri də bilinəndən sonra daha dəqiq proqnozlar vermək yerində olar”.

Qeyd edək ki, 2023, 2021, 2019-cu illərin qəbul imtahanlarında da 700 bal toplayan olmamışdı. 2022-ci ildə 1 nəfər, 2020-ci ildə 2 nəfər bu yüksək balı toplaya bilmişdi.

Bəs səbəb nədir?

Təhsil

Elşən Qafarov

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb. Ekspert qəbul imtahanlarında abituriyentlərin 700 bal toplaya bilməməsinin faciə olmadığını deyib: “Bu il buraxılış imtahanlarının nəticələri rezonans doğurdu. Belə ki, 54 nəfər yüksək bal topladı. Bu vaxta qədər belə yüksək nəticə olmamışdı. Hər zaman mən və digər təhsil mütəxəssisləri bildirirdik ki, buraxılış imtahanının sualları çətin olmamalıdır. O ki qaldı qəbul imtahanlarından 700 balın toplanılmamasına, bunu abituriyentlər, repetitorlar da bilir ki, suallarda səhvlər, yanlışlıqlar, problemlər var idi. Bununla bağlı kütləvi apelyasiyaya şikayətlər olunmuşdu. Və nəticədə 700 bal toplanılmadı. Amma ümumilikdə hesab edirəm ki, 700 balın toplanılmaması faciə deyil”.

Həmişə

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov dedi ki, mart aynın 3-ü və 10-da keçirilən buraxılış imtahanlarından sonra 54 nəfərin maksimal bal toplaması insanlar arasında belə bir fikir formalaşdırmışdı ki, qəbul imtahanında yüksək bal toplayanların sayı çox olacaq: “Biz isə öncədən proqnoz vermişdik ki, II və III ixtisas qrupları üzrə imtahanların birinci cəhdində 700 bal olmayacaq. Çünki 54 nəfərin böyük əksəriyyəti məhz I və IV ixtisas qruplarının üzərinə düşür. Buna görə də iyun ayının 2-də keçirilən imtahanların nəticələri açıqlanandan sonra biz 700 bal toplayanları görəcəyik. Həmçinin iyul ayında ikinci cəhd imtahanlar var və burada abituriyentlər birmənalı şəkildə 700 bal toplaya biləcəklər. Sadəcə, təhsil prosesindən xəbəri olmayan bəzi şəxslər bir imtahan nəticəsi ilə proqnoz verməyə çalışırdı”.

Ekspert qeyd edib ki, bu il imtahan nəticələri əvvəlki illərlə müqayisədə yaxşı olacaq, amma bu, ali məktəblərə qəbul olmaq istəyənlərə heç də ciddi təsir göstərməyəcək: “Çünki bu il ali təhsil müəssisələrində qəbul plan yeri 60 min olacaq. Doğrudur, bu il həm də sənəd verənlərin sayında 5 min artım var, amma bu da ciddi narahatlığa əsas vermir”.

Kamran Əsədovun fikrincə, II və III ixtisas qruplarında birinci cəhddə 700 balın olmamasının bir neçə səbəbi var: “Birincisi, II ixtisas qrupunda coğrafiya fənnindən suallar kifayət qədər çətin idi. Həmçinin tarix fənnindən verilən suallarda xüsusən situasiya, eyni zamanda açıq tipli suallarda ciddi çətinliklər var idi. Bundan başqa, antiterror əməliyyatları ilə ağlı təqdim edilən test tapşırığı müəyyən qədər şagirdlərdə çaşqınlıq yaratmışdı ki, bu da maksimum bal toplanmasına ciddi təsir göstərdi.

III ixtisas qrupunda Azərbaycan dilindən verilən suallar arasında mətn tipli sualın həcmi kifayət qədər geniş idi və müəyyən olunmuş imtahan vaxtı çərçivəsində bu suallara cavab vermək çətin idi. Lakin qeyd etdiyim kimi, bir neçə gün sonra I və IV ixtisas qrupları üzrə keçirilən imtahanların nəticələri açıqlanacaq və güman edirik ki, bu imtahanlarda bir neçə nəfər 700 bal toplamış olacaq. Həmçinin II və III ixtisas qrupları üzrə ikinci cəhd imtahanlarında 700 balın toplanması qaçılmazdır".

Mənbə: musavat.com

Aqreqator
Seçilən
111
4
musavat.com

4Mənbələr