Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi sertifikasiya prosesindən uğurla keçib.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, imtahanı uğurla keçənlər keçməyən müəllimlərin ümumi sayından dəfələrlə çoxdur:
"Sertikatlaşdırmadan 51+ bal toplayan müəllimlərimizin sayı da uğurlu nəticə göstərməyən müəllimlərimizin sayından çoxdur".
"Bu günə kimi sertifikatlaşdırma prosesində iştirak etmiş 35 mindən çox müəllimin əməkhaqqı artırılıb. Yeni tədris ilindən əməkhaqqı artırılan müəllimlərin sayının 55 minə çatması proqnozladırılır", - deyə Eşqi Bağırov qeyd edib.
O, həmçinin qeyd edib ki, şəffaflığın təmin edilməsi məqsədilə sertifikatlaşdırmanın test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir:
"İmtahan başa çatdıqdan dərhal sonra topladığı bal namizədə elan edilir. Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 müxtəlif şəhərində 27 imtahan mərkəzində təşkil edilir. Sertifikatlaşdırmanın test imtahanı mərhələsi ölkənin bütün coğrafiyasını əhatə edir. Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan 24 064 sayda müəllim prosesə cəlb olunub".
"Yeni tədris ilindən təhsilverənlərin əməkhaqqı sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq müvafiq artımla hesablanacaq", - deyə o bildirib.