Müəllimlərin sertifikatlaşdırma imtahanının ikinci günü keçirilir.
"Operativ Media" xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci gününə ingilis dili fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 797-ə yaxın təhsilverən dəvət edilib.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.
Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.
Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 24 iyun tarixində də davam edəcək.