Bu günlərdə bəziləri sosial şəbəkələrdə elə fəxrlə “mən vətənpərvər deyiləm” yazırdılar ki, sanki vətənpərvər olmaq ayıb, olmamaq isə yaxşı şeydir.
Bunu gənclik çılğınlıqlarına söykənərək, axına qarşı üzmək azarına yoluxaraq deyənlər də vardı, sadəcə, çoxdan bəri beynini işğal etmiş düşüncəsini dilə gətirənlər də.
Bu, psevdopatriotizmin astar üzüdür. Hər dəqiqəbaşı vətənpərvərliklərini gözə soxanlar, bu yolla özlərinə başqalarının qarşısında üstünlük qazanmaq istəyənlər nə dərəcədə ikrah doğurursa, “vətənpərvər deyiləm” deyərək öyünmələr də o qədər ikrahdoğurucudur.
Vətənpərvər olmursan, olma, ta bunu niyə reklam edirsən, özünü kimə göstərir, kimdən təqdir gözləyirsən?
Vətən mücərrəd məfhum deyil, konkret anlayışdır.
Hər bir insan üçün vətən ilk növbədə öz evidir, ailəsidir. Evinin, ailəsinin təəssübünü çəkməyən varmı? Yəqin ki, yoxdur. Varsa, beləsi qıçına şalvar geyib, adam içinə çıxa bilməz, el içində başı töhmətli və qapazlı olar.
Sonra vətən yaşadığın məhəllədir, küçədir, kənd\qəsəbə\şəhərdir, mahaldır, ölkədir. Adam istər-istəməz onların hər birinin təəssübünü çəkir.
Başlanğıcdan zirvəyə doğru irəlilədikcə təəssübkeşlərin sırası seyrələ bilər. Məsələn, elə adam var ki, o, kəndinin, rayonunun təəssübünü, qeyrətini çəkməyi özünə iş bilmir. Kimsə onun yanında sakini olduğu rayon barədə yaxşı-yaman nəsə desə, adama baş qoşmaz.
Təcrübə göstərir ki, xaricdə olanda ölkəsinə, vətəninə münasibətdə eyni mövqeni tutanlar, öz başının salamatlığını düşünənlər olur. Xüsusilə qüvvələr qeyri-bərabər olanda. Amma qanını qaşığa qoyanlar da tapılır. 2020-ci ilin payızında, 44 günlük müharibə vaxtı Kaliforniyada 4-5 yüz həmvətənimiz 30-40 min erməninin qabağından qaçmamışdılar.
Bir ölkəyə hücum edən, nifrət püskürənlər heç də onun ayrıca götürülmüş bir rayonunin sakinlərini yox, bütün vətəndaşlarını hədəfə alırlar. Bu aqressiyanın hamıya dəxli var. Amma “mən vətənpərvər deyiləm” deyənlər samki özlərinə alibi və ya bron təşkil edirlər, elə çıxır ki, onlar düşmənin qarşısında dayanmaq mükəlləfiyyətindən azaddırlar, çünki vətənpərvər deyillər, qoy vətəni vətənpərvərlər qorusun. Belə şey ola bilərmi?
Bir məsələ də var: hər kəs fəal vətənpərvər olmaya bilər, amma heç kəsin vətənə xain olmaq kimi lüksü yoxdur. Dünyanın heç bir yerində belələrinə rast gəlmək olmaz.
Kosmopolit də olmaq olar, liberal da, pasifist də, amma bunların heç biri yaşadığın ölkənin, vətəndaşı olduğun dövlətin ümdə maraqlarını ayağa verməyə, ona qarşı olmağa, yadelli qüvvələrin əlində maşa olaraq öz xalqına zərərinə fəaliyyət göstərməyə əsas vermir.
Yaxın tariximizdə bu xüsusda elə hadisələr olub ki, adam xatırlamaq belə istəmir, amma yeri gəlib.
O vaxt, 20 il öncə Macarıstanda hərbi kurs keçən həmvətənimiz Ramil Səfərovla erməni hərbçi Qurgen Markaryanın qovğasında ikinci zərər çəkəndə Avropa dövlətlərindən və fondlarından qrant alan onlarla vətəndaşımız ermənilərə qoşularaq ağlaşma-şivən qurmuşdular, Ramili təhqir edir, onu müdafiə edənləri pisləyirdilər. Hətta Ramili bir döyüşçü olaraq gözdən salan nağıllar da uydurulmuşdu: “Qurgeni gecə yatdığı yerdə vurub”, “xaincəsinə hücum edib”, “bu, Azərbaycan dövlətininin yeritdiyi nifrət siyasətinin nəticəsidir” və sair və ilaxır.
Baltalı karikaturalar çəkənlər, balta ilə bağlı saysız-hesabsız variantda ironiya edənlər vardı. Sosial şəbəkənin Ermənistan seqmentində nə paylaşılırdısa, Azərbaycanın seqmentinin bir cinahında da eyni şeylər paylaşılırdı. Hələ daha bir fırtına Ramil Səfərov Azərbaycana ekstradisiya edilərkən təyyarədəcə həbsdən azad edilməsi zamanı qopdu. Öz ölkəmizdə buna etiraz edən qrup ermənilərdən ötə oldu.
Sonradan, məhkəmə materialları yayılanda ortaya çıxdı ki, Qurgenlə Ramilin davası heç də şəxsi münasibətlər zəminində baş verməyib. Erməni hərbçi silsiləvi şəkildə, Ramilə və digər azərbaycanlı kursantlara eşitdirə-eşitdirə Azərbaycan xalqını, dövlətimizin bayrağını təhqir edib, “əsir götürdüyümüz azərbaycanlı qızları elə zorlamışıq, belə zorlamışıq” deyib, avtobusa minəndə soydaşlarımıza badalaq vurub və sair və ilaxır yaramazlıqlara qol qoyub.
Əvvəl-axır kimsə bu xroniki təhqirlərin cavabını verməiydi, şair demiçkən, “alşalıb yaşamaq ömür-gün deyil” ovqatına dalmalıydı. Nəhayət, o təhqirlərə son qoymaq funksiyası Ramil Səfərovun boynuna düşür və o, məsələni həll edir. Bu, macarlar üçün qətl epizodu ola bilərdi, amma azərbaycanlılar üçün müharibə epizoduydu.
Bizim özlərinə “vətənpərvər deyiləm” deyənlər isə burada onu qınayırdılar. Hətta əksinə olsaydı, o dueldən Qurgen salamat çıxsaydı, bizim qrantyeyən pasifistlər yenə Ramili qınayacaqdılar ki, nədən kursant yoldaşını təhrik edib ki, o da onu vurub.
İndi belə çıxır ki, ölkədən kənarda bir yerdə hansısa aqressiv bir yadelli “vətənpərvər olmayan”ların yanında ölkəmizi, xalqımızı, bayrağımızı təhqir etsə, onlar durub baxacaqlar və hər hansı bir etiraz etməyərək, üzlərinə qarşı edilmiş təhqiri yeyəcək, boyunlarının ardını çevirib gedəcəklər?
Söhbət heç də həmişə və hər yerdə əlbəyaxaya davaya çıxmaqdan getmir, ölkəyə, xalqa, həmvətənlərə ünvanlanan təhqir və təhdidlərə biganə qalmamaqdan, qanunlar çərçivəsində reaksiya verməkdən, etriaz etməkdən gedir.
Uzun sözün kəsəsi, “vətən anadır” deyimi boş yerdən ortaya çıxmayıb. Heç kəs anasının təhqir olunmasına təhəmmül etmədiyi kimi, gərək vətənin təmsilçisi olduğu yerlərdə də ona qarşı nəsə deyənin (eləcə də nəsə yeyənin) cavabını versin.