AZ

Taksi qiymətləri enə bilər – nikbin gözlənti

“Taksilərdə gediş haqqının kəskin bahalaşmanın qarşısını almaq üçün müxtəlif addımlar atmaq olar”.

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov  açıqlamasında deyib.

Lakin o bildirib ki, hazırda taksilərdəki qiymət artımını dayandırmaq çətin olacaq: “Çünki avtomobillərlə bağlı qoyulan məhdudiyyətlər və taksi sürücülərinin imtahan verməsi kimi amillər olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, hazırkı dönəmdə taksilərdə gediş haqqının kəskin artmasının qarşısını almaq çətindir. Amma taksilərin qeydiyyata alınma prosesi, icazə və lisenziyaların verilməsi yekunlaşandan sonra qiymət məsələsi yenidən gündəmə gələ bilər”.

Ekspertə görə, taksilərlə bağlı yeni qaydaların tətbiqi bir qədər vaxt aparacaq: “Taksi xidmətinə yeni avtomobillərin cəlb edilməsi, sürücülərin qeydiyyatının aparılması görüləcək vacib işlər sırasındadır. Həmçinin taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin say tərkibi də tam olaraq müəyyənləşdirilməlidir. Bütün bu proseslər paralel şəkildə aparılacaq. Kəmiyyət və keyfiyyətin özünü doğrultması üçün balans da pozulmamalıdır”.

Xatırladaq ki, iyulun 1-dən yaşı 8 ildən çox olan minik avtomobillərindən taksi fəaliyyətində istifadə olunmasına icazə verilməyəcək. İyulun 1-nə qədər isə bu icazəni almaq istəyənlərin maşınının yaşı 15 ildən çox olmamalıdır.

Millət vəkili Vüqar Bayramovun fikrincə, qiymətlərin optimallaşdırılması vacibdir. “Yeni Müsavat”a şərhində V.Bayramov məsələ ilə bağlı təkliflərini söylədi: “Bir tərəfdən qiymətlər sərnişinlər üçün əlçatan olmalıdır, digər tərəfdən isə taksi fəaliyyəti ilə məşğul olanlar gəlir etmək imkanına malik olmalıdırlar. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin, eləcə də fərdi taksi fəaliyyəti ilə məşğul olan sürücülərin gəliri də önəmlidir, qiymətlərin əlçatan olması da. Yeni qaydaların tətbiq edilməsindən sonra qiymətlərin optimallaşdırılmasının mümkün olacağı gözlənilir. Qiymətlər tələb-təklif, mövcud xərclər əsasında müəyyənləşəcək ki, bu da təbii ki, nəticə etibarilə taksi xidmətinin əlçatan olması, həm də keyfiyyətin yüksəldilməsinə səbəb olacaq. Çünki keyfiyyət, təhlükəsizlik və digər amillər çox önəmlidir. Taksi xidmətində islahatlar yeni keyfiyyət və təhlükəsizlik meyarlarının tətbiqinə imkan yaradacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, taksi xidmətində qiymətlər kifayət qədər qalxıb. Ekspert qeyd etdi ki, bu, yeni sərt prosedur qaydalarının tətbiq edilməsi ilə əlaqədardır: “Taksi xidmətində qiymət artımı qaydaların kifayət qədər sərtləşməsi, taksi bazarında taksi fəaliyyəti ilə məşğul olan maşınların çıxması ilə əlqədardır. İqtisadiyyatın qızıl qanunu var – təklif azalan kimi, tələb yerində qalırsa, qiymət artır. Ona görə də qeydiyyat prosedurları başa çatdıqdan sonra ilkin ehtimala görə, 20-25 min maşın taksi xidmətindən kənarda qalacaq. Kənarda qalan maşınların sayı çoxaldıqca qiymət artacaq. Optimal qiymət siyasətinə iki istiqamətdə baxmaq olar. Elmi yanaşsaq, maya dəyərinin və taksi sürücüsünün əməyinin dəyərləndirilməsi kimi baxıla bilər. Burada rahat hesablamalar aparmaq mümkündür. Digər tərəfdən, məsələ rəqabətli mühitdən asılıdır. Tələb artdıqca qiymət də artacaq. Son sərtləşmə qərarlarına qədər Azərbaycanda taksi xidməti kifayət qədər ucuzlaşmışdı. Son 10 ildə taksi xidməti qiymətlərin ucuz olduğu yeganə sahə idi. İndi isə əksini görürük, taksi xidməti bahalaşıb. Təəssüf ki, sərt tənzimləmə ancaq qiymətlərə təsir edir, keyfiyyətlə bağlı hələ ki hər hansı dəyişiklik yoxdur. Keyfiyyət artsa idi, qiymət də artardı. Hələ ki ancaq qiymət artımının şahidi oluruq”.

Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti üçün icazə (Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6 mini keçib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, təlim keçən sürücülərin sayı isə 23 mini keçib.

Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.“Yeni Müsavat”

Seçilən
103
11
moderator.az

10Mənbələr