XV məqalə
Multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması.
Aydındır ki, indiki mərhələdə müstəqil dövlətin təcrid olunmuş siyasət yeritməsi mümkün deyildir. Azərbaycan kimi regional lider üçün isə bu, ümumiyyətlə, qəbuledilməz olardı. Rəsmi Bakı xarici siyasəti daha da fəallaşdırmaq və onu yeni çalarlarla zənginləşdirməklə qarşıdakı illərdə dünya miqyasında daha fəal siyasi-diplomatik mövqe tutmaqda qərarlı olduğunu nümayiş etdirməkdədir. Buna görə də yeni tarixi mərhələdə xarici siyasətin prioritetlərindən birinin multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalmaqla dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması kimi müəyyən olunması tamamilə təbii haldır. Bu istiqamətin siyasi-nəzəri aspektdə təhlili bir sıra məqamların aydınlaşmasına imkan yaratmış olar.
14-cü istiqamət: regional və qlobal maraqların kəsişməsində
Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətinin 14-cü istiqaməti çox maraqlı və aktual mövzu ilə bağlıdır. Həmin istiqamət belə adlanır: "Multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması". Burada müasir dünya üçün əhəmiyyəti böyük olan iki dəyər – multikulturalizm və tolerantlıq beynəlxalq münasibətlərdə vacib sayılan digər iki faktorla – islamofobiya və neokolonializmlə mübarizə kontekstində verilir. Multikulturalizm həm sosial-mədəni dəyərdir, həm də siyasətdir. Bu iki vacib aspektin bir anlayışda sintez halında ifadə olunması onun həm fərdi, həm də cəmiyyət miqyasında çox aktual olduğunu əks etdirir. Belə ki, multikulturalizm hər bir cəmiyyətdə insanların fərd, qrup və bütövlükdə toplum olaraq münasibətlərinin xarakterinə aiddir.
Politologiyada multikulturalizmə cəmiyyətdə kültür fərqliliyini saxlamaqla inkişafı əsaslandıran nəzəriyyə kimi tərif verirlər. Yəni, burada multikulturalizmin dəyər kimi anlamı siyasi kurs kimi anlamının arxa planında, lakin siyasəti müəyyən edən faktor kimi yer alır. Bu o deməkdir ki, multikulturalizm dövlət siyasəti kimi multikultural dəyərlərin təmin edilməsi üzərində cəmiyyətin bütöv olaraq inkişafını nəzərdə tutur. Burada cəmiyyətin bütövlüyünü multikultural dəyərlərin və onların qarşılıqlı əlaqələrinin xarakteri müəyyən edir. Bu, özlüyündə mürəkkəb təbiətə malikdir və həmin səbəbdən siyasi-nəzəri araşdırmalarda neqativ fonda da qiymətləndirilir. Qərbdə multikulturalizmi "yerlilər" – "gəlmələr" (miqrantlar) dixotomiyası çərçivəsində təqdim edirlər və bu iki sosial qrupun mədəniyyəti arasında kəskin fərqləri nəzərə alaraq, qəbuledilməz olduğunu iddia edirlər (bax: 1).
Lakin bu cür yanaşma müasir dünyanın qloballaşma prosesinin mahiyyətinə, demokratik dəyərlərə, liberal anlamlara və insan haqlarının təmin edilməsinə uyğun olmayan yanaşmadır. Onu qəbul etmək mümkün deyildir. Bundan başqa, vurğulanan kontekstdə multikulturalizm məhdud anlamda verilir. Onun geniş və daha təbii məzmunu və funksiyası vardır. Multikulturalizm dövlət siyasəti kimi cəmiyyətdə hər bir kəsin haqq və hüquqlarını, mədəni özəlliyini saxlamaqla bütöv toplum naminə birgəyaşam tərzini ifadə edir. Dövlət bu xətti siyasi kurs olaraq yeridirsə, o, multikulturalizmin ən güclü və ədalətli müdafiəçisidir.
Multikulturalizmin bu anlamı fonunda başqa bir etik dəyər – tolerantlıq da çox aktualdır. Çünki multikultural ruhlu insan üçün tolerant münasibət mənəvi-əxlaqi dəyər və davranış forması kimi ilk sırada yer almalıdır. Nəzəri ədəbiyyatda tolerantlıq (latınca – tolerantia – səbir, dözüm) sosioloji termin kimi izah edilir. Yəni, o, birbaşa sosiuma, sosial münasibətlərə aiddir. Tolerantlıq bu keyfiyyətdə başqa dünyagörüşünə, həyat tərzinə, davranışa və adət-ənənəyə səbirli münasibəti ifadə edir (bax: 2). Daha ümumi mənada da tolerantlıq başqa xalqa, millətə və dinə dözümlü, səbirli və xoşgörü münasibəti əks etdirir (bax: 3).
Bu qısa izah göstərir ki, multikulturalizm və tolerantlıq toplumsal miqyasda müxtəlifliyin sivil, hüquqi və ədalətli şəkildə bütöv yaratmasını, birgəyaşamın demokratik formasını ifadə edirlər. Tolerantlıq müxtəlif mədəni, dini, etnik, əxlaqi mənsubların bərabərhüquqlu surətdə mövcud olmağa haqqını təsbit edirsə, tolerantlıq bu haqqın sosial mühitdə təmin edilməsinin emosional və şüuri əsasını təmin edir.
Bununla dövlət siyasəti kimi multikulturalizm siyasi-nəzəri və elmi əsaslara malikdir. Onun konkret olaraq neqativ xarakterli hallara qarşı mübarizədə istifadə olunması isə artıq praktiki məsələdir. Xarici siyasət kontekstində problemin ən mürəkkəb və reallaşması çətin olan tərəfi bununla bağlıdır. Xüsusilə dini və dövləti faktorlar prizmasından multikulturalizmin tolerantlıq əsasında reallaşması özəl fəaliyyət tələb edir. Məsələnin bu tərəfi üzərində dayanaq.
İslamofobiya: dini dözümsüzlük mərəzi
İslamofobiya elmi ədəbiyyatda ksenofobiyanın (özgəyə olan dözümsüzlük) bir növü kimi təqdim edilir. İslamofobiya müsəlmanlara qarşı nifrət, kin və onlardan qaynaqlanan dağıdıcı, məhvedici fəaliyyət olaraq başa düşülür (bax: 4).
Faktlar göstərir ki, Qərbdə islamofobiya getdikcə genişlənir və güclənir. Bu mənfi tendensiyanı, təəssüf ki, körükləyən siyasi dairələr də mövcuddur. Bundan başqa, təcrübə göstərir ki, islamofobiya irqçilik və antisemitizmlə paralel şəkildə yayılır. Avropada son illər bu, özünün ifrat səviyyəsinə yüksəlib (bax: 5).
Məsələnin başqa bir tərəfi müasir cəmiyyətlər və dövlətlər üçün çox təhlükəli olan bir istiqamətlə əlaqəlidir. Onu Azərbaycan Prezidenti 2023-cü ildə keçirilən beynəlxalq konfransda yığcam ifadə edib. Azərbaycanın dövlət başçısı deyib: "Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik" (bax: 6).
Azərbaycan Prezidenti 2024-cü il martın 8-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına etdiyi müraciətdə məsələyə daha geniş və fundamental kontekstdə yanaşıb. Dövlət başçısı dünyada islamofobiya meyillərinin artdığını vurğulayıb. Bu prosesdə İslam potensial təhlükə mənbəyi kimi aşılanır. Müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrət təbliğ olunur. Hətta BMT-nin sənədlərində bütövlükdə dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalmasından dərin narahatlıq ifadə olunur. Müraciətdə fikirlərini konkretləşdirən İlham Əliyev ifadə edib: "Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür" (bax: 7).
Təhlükəli sintez: islamofobiya üstəgəl neokolonializm
Multikulturalizmin siyasi kurs, tolerantlığın mənəvi-etik və toplumsal yaşam prinsipi kimi islamofobiya və neokolonializmlə münasibəti yuxarıda vurğulanan məqamlar işığında son dərəcə aktual görünür. Azərbaycan Prezidenti bu özəllikləri çıxışlarında dəqiq və dolğun ifadə edib. Aydın görünür ki, Azərbaycan Prezidenti vurğulanan faktorlara müasir dünyanın reallıqları kontekstində qiymət verir. Buna görə də islamofobiyanın neokolonializmlə əlaqəsi məsələsi prinsipial olaraq qlobal siyasi-ideoloji problemlərdən biri kimi dərk edilə bilər. Bu isə həmin problemin aradan qaldırılması üçün dəqiq düşünülmüş siyasi xəttin yeridilməsi zərurətini ortaya qoyur.
Qarşıdakı dövrdə xarici siyasətdə əsas istiqamətlərdən birinin məhz bu problemlə bağlı olması həmin səbəblərdən ciddi strateji məna daşıyır. Özü də bu, yalnız Azərbaycanın maraqları ilə məhdudlaşmır. Prezident İlham Əliyev məsələni bütövlükdə qlobal kontekstdə aktuallaşdırır və ölkənin xarici siyasətində bu səviyyədə uğur əldə etmək yeni tarixi mərhələdə xarici siyasətin əsas vəzifələrindən biri kimi qəbul edilir. Bu tezisin aktuallığı məhz islamofobiya ilə neokolonializmin paralellik təşkil etməsində özünü təsdiq edir.
Məsələ ondan ibarətdir ki, islamofobiya ilə hər hansı konkret ölkə çərçivəsində mübarizə aparmaq daha asandır. Çünki burada qlobal miqyasda siyasi, ideoloji, geosiyasi və diplomatik mexanizmləri işə salmağa ehtiyac olmaya bilər. Bundan başqa, islamofobiya konkret bir ölkənin siyasəti ilə bağlıdırsa, onu bütün dünyaya aid etməyin mənası yoxdur.
Lakin indiki müşahidələr göstərir ki, islamofobiya ayrı-ayrı dövlətlərin daxili məsələsi deyildir. Hazırda Avropanın güclü və böyük dövlətləri bu mərəzə tutulub. İslamofobiya xarici siyasətdə də əksini tapır. Məsələn, Fransa siyasətində islamofobiya ilə neokolonializm bir-biri ilə sıx əlaqədə təzahür edir. Son iki ildə antisemitizm də Avropada yeni müstəmləkəçilik siyasəti ilə bağlı özünü göstərməkdədir. Adətən İslama və yəhudilərə qarşı eyni dairələr çıxışlar edirlər. Halbuki məntiqə görə, onlar fərqli qrupların işi olmalıdır. Deməli, burada pərdəarxası koordinasiya vardır.
Bundan başqa, islamofobiya və antisemitizm yeni müstəmləkə siyasəti ilə sıx əlaqədə özünü göstərir. Bu, artıq dini dözümsüzlüyə siyasi dairələrin geosiyasi rəng verməsi deməkdir. Şübhə yoxdur ki, belə bir gedişat qlobal miqyasda çox təhlükəli nəticələr verə bilər. Tarixdə ilk dəfə olaraq geniş miqyasda dini dözümsüzlük dövlətin xarici siyasətinin məzmun çalarları sırasında yer alır.
Təbii ki, bu cür neqativ və mürəkkəb prosesə qarşı nəticəverici mübarizə aparmaq lazım gəlir. Bunun üçün davamlı olaraq xarici siyasətdə addımlar atmaq lazımdır. Azərbaycan hazırda məhz bu istiqamətdə fəallıq göstərir. Xarici siyasətin prioritet istiqamətlərindən biri kimi, bu istiqamətdə fəaliyyətin mənəvi, psixoloji və ideoloji əsası da müəyyən edilib. Bu, yuxarıda vurğuladığımız multikulturalizm və tolerantlıqdır.
Beləliklə, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi multikultural dəyərlərə və dözümlü münasibətə əsaslanan, islamofobiya və yeni müstəmləkəçilik siyasətinə qarşı yeridilən kurs müəyyən edilib. Onun reallaşmasına artıq başlanılıb. Azərbaycan aktiv surətdə həm islamofobiya, həm də yeni müstəmləkəçiliyə qarşı mübarizə aparır. Vurğulanan aspektdə məsələnin daha geniş geosiyasi anlamda başqa bir əhəmiyyəti mövcuddur. Biz hazırda politoloji fikrin və praktiki siyasətin aktual mövzularından olan "Qlobal Cənub" – "Qlobal Şimal" şərti geosiyasi bölgüsü fonunda multikultural dəyərlər, tolerantlıq, ksenofobiya və yeni müstəmləkəçi siyasəti nəzərdə tuturuq.
Faktlar göstərir ki, Azərbaycan bu istiqamətdə də çox aktivlik göstərir. Xüsusilə Qoşulmama Hərəkatının üzvü kimi Bakı səmərəli barışdırıcı, sülhsevər və sosial, iqtisadi, hüquqi, iqtisadi, enerji və digər aspektlərdə konstruktiv fəaliyyətini davam etdirir. Həmin bağlılıqda Prezident İlham Əliyevin Əlcəzairə və 2024-cü ilin iyununda Misirə səfərini "Qlobal Cənub"un fəallıq nümunəsi kimi qiymətləndirirlər. İlham Əliyevin Misir səfərini ekspertlər "Qlobal Cənub dirçəlir" kimi qiymətləndirirlər (bax: məs., 8). Bu qiymətləndirmə politoloqların "Qlobal Cənub" haqqında son illər yazdıqları fonunda tamamilə məntiqidir. Məsələn, siyasi-nəzəri təhlillərdə "Qlobal Cənub"un təmsilçisi kimi Qoşulmama Hərəkatında birgə əməkdaşlığın təcrübəsi, yeni əlaqələr formatlarının yaranması və qlobal geosiyasətə təsir gücünün çoxalması kimi mühüm faktorlar göstərilir (bax: 9).
Deməli, "Qlobal Cənub" anlamı müstəvisində də Azərbaycanın xarici siyasətinin 14-cü istiqaməti ayrıca aktuallıq daşıyır. Məsələnin bu tərəfi Azərbaycanın dövlət başçısının Realpolitik ruhda xarici siyasətə konseptual yanaşmasını təsdiq edən faktorlardan biridir.
Prezidentin Realpolitik məzmunlu konseptual yanaşması
Yeni tarixi mərhələdə islamofobiya ilə yeni müstəmləkəçiliyə qarşı xarici siyasət xətti ilə mübarizə aparmaq diplomatiyaya yaradıcı yanaşma tələb edir. Azərbaycan Prezidenti bunun mükəmməl nümunəsini göstərir. Məsələ ondan ibarətdir ki, postmüharibə dövründə dünyanın güclü dövlətləri ilə islamofobiya və yeni müstəmləkəçilik aspektində nəticəverici mübarizə aparmaq kifayət qədər ciddi geosiyasi və siyasi-diplomatik hadisədir.
Bunun dəqiq konseptual əsasları olmalıdır ki, praktiki diplomatik fəaliyyətə adekvat transformasiya edə biləsən. Bu səbəbdən multikulturalizm və tolerantlıq kimi dəyərlər təsadüfən seçilməyib. Əksinə, uğura aparan yolda bu anlayışlar ciddi töhfələr verməkdədir.
Burada onu vurğulayaq ki, Prezident İlham Əliyev faktiki olaraq xarici siyasətdə multikulturalizmlə multilaterallığın vəhdətini yarada bilib. Bu vəhdət daxili mühit üçün hazırlanmış multikulturalizm modelinin xarici siyasətin mühüm istiqamətlərindən biri olan multilaterallığa proyeksiyası əsasında təmin edilməkdədir.
Daha açıq ifadə etsək, Azərbaycan rəhbərliyi cəmiyyətdə çoxcəhətliliyi və müxtəlifliyi demokratik üsullarla təmin etdiyi kimi, xarici siyasətdə də çoxtərəfli əlaqələri eyni qaydada qurur. Bu, Azərbaycanın daxili inkişaf yolu ilə beynəlxalq arenada fəaliyyətinin uyğunlaşdırılması deməkdir. Deməli, yeni tarixi mərhələdə islamofobiya və yeni müstəmləkəçiliklə mübarizədə Azərbaycan cəmiyyətində mövcud olan sosial-siyasi həmrəylik baza rolunu oynamalıdır.
Bu, olduqca mühüm seçimdir. Çünki Azərbaycan özü daxilən sağlam olmasını təmin edərək beynəlxalq miqyasda gerçəkçi, real və pozitiv geosiyasi funksiya yerinə yetirməyə mənəvi, mədəni və hüquqi haqq qazanmış olur. Vurğulanan özəllik yeni tarixi mərhələdə 14-cü prioritet istiqamətin əsas xüsusiyyətlərindən biri olacaqdır.
Digər məqam islamofobiya və yeni müstəmləkəçiliyə qarşı aktiv mübarizədə multikulturalizm və tolerantlığın eyni dərəcədə baza parametri kimi seçilməsi ilə bağlıdır. Bu aspektdə məsələ onunla bağlıdır ki, islamofobiya bizim dinimizə qarşı olan təşkil olunmuş fəaliyyəti ehtiva edir və bu o deməkdir ki, Azərbaycan faktiki baxımdan öz dini dəyərlərini müdafiə edir. Bu müdafiənin baza mənəvi, mədəni və siyasi prinsipinin multikulturalizm və tolerantlığın olması təbiidir. Eyni zamanda, Azərbaycan həmin yanaşmanı genişləndirərək beynəlxalq hüquq və xarici siyasət kursu sferalarına da tətbiq edir. Yəni, eyni qaydada multikulturalizm və tolerantlıq müstəvisində yeni müstəmləkəçiliyə qarşı mübarizə aparır – irqindən, dinindən, coğrafi mövqeyindən, siyasi quruluşundan, ideologiyasından asılı olmayaraq müstəmləkəyə məruz qalmış hər bir dövlətin müdafiəsinə qalxır. Bu, siyasi-diplomatik müstəvidə maraqlı transformasiyadır.
Konkret olaraq, Azərbaycan dini dözümsüzlüyə qarşı mübarizəsini dinlərarası münasibətlər müstəvisinə transformasiya edir. Və bu zaman heç bir dinə ayrı-seçkilik etmir – İslamı necə müdafiə edirsə, Okeaniya regionundakı kiçik bir dövlətin dini etiqadına qarşı olan haqsızlıqla da eyni dərəcədə mübarizə aparır. Oradakı insanların dini azadlığını təmin etməyə çalışır. Bunu həmin azadlığı pozan böyük dövlətlərlə gərgin savaşda edir.
Bununla Azərbaycan islamofobiya ilə mübarizəni düşündürücü bir formada konstruktiv ruhda dini çərçivədən çıxararaq ümumbəşəri dəyərləri müdafiə etmək müstəvisinə keçirir. Hesab edirik ki, bu məqam müstəqil dövlətin xarici siyasət kursunda bir yenilikdir ki, hər bir dövlət üçün nümunə ola bilər. Bu, "XXI əsr türk əsridir" deyiminin konkret təsdiqlərindən biri olan mühüm siyasi-diplomatik tezisin əhəmiyyətinin göstəricisidir!
Müxtəlifliyin qorunmasından müstəmləkəçiliklə mübarizəyə: Azərbaycan modeli
Prezident İlham Əliyev bu modelin başlıca özəlliklərini ifadə edib. Müxtəlifliyin qorunmasına Azərbaycan daxildən başlayıb. Dövlət başçısı bununla bağlı deyib: "Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir" (bax: 7).
Deməli, Azərbaycan multikultural dəyərlərə hörmət əsasında çoxkonfessiyalı cəmiyyətdə müxtəlifliyin qorunmasını təmin etməkdədir. Buradan Azərbaycan xarici siyasətdə müstəmləkəçiliyə qarşı mübarizəyə keçid üçün siyasi-diplomatik və hüquqi əsas yaradır. Həmin keçidin ümumi xarakteristikasını da dövlət başçısı ifadə edib. İlham Əliyev deyib: "Ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir. Azərbaycan müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər irəli sürür" (bax: əvvəlki mənbəyə).
Beləliklə, aydın olur ki, yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətində islamofobiya və yeni müstəmləkəçiliklə mübarizə vahid siyasi-diplomatik məntiq çərçivəsində aparılacaqdır. Azərbaycan bununla qarşıdakı dövrdə regional güc kimi qlobal miqyasda haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparan fəal ölkələrdən biri statusuna yüksələcəkdir. Özlüyündə bu proses sistemli fəaliyyət tələb edir ki, xarici siyasətin prioritet istiqamətləri kompleks halda həmin sistemliyi təmin edir. Buradan daha bir maraqlı siyasi-nəzəri qənaət əldə edə bilərik.
Belə təəssürat yaranır ki, Azərbaycanın islamofobiya və yeni müstəmləkəçiliyə qarşı apardığı mübarizə xarici siyasətin başqa istiqamətlərinin bir-biri ilə sıx əlaqəsinə hesablanıb. Onların sistem halında yekun effekti müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada mövqeyini daha da möhkəmlətməli, fəaliyyət diapazonunu genişləndirməlidir ki, dövlətimiz üçün əlavə diplomatik dividendlər qazandırılmasına yardımçı olsunlar. Bu cür ümumi səmərəli fəaliyyət, əlbəttə, islamofobiya və yeni müstəmləkəçiliyə qarşı daha səmərəli mübarizə aparmağa imkan verəcəkdir.
Bununla aydın olur ki, Azərbaycanın yeni mərhələdə müəyyən etdiyi hər bir prioritet istiqamət digərləri ilə sıx bağlı olur və onlar kompleks formada siyasi-diplomatik uğuru təmin edir. Azərbaycan geniş təhlil və düzgün proqnostik fəaliyyətlə xarici siyasətdəki uğurlarına davam etməyi qərarlaşdırıb! Bunların yeni tarixi mərhələdə yeni-yeni zəfərlər gətirəcəyinə qətiyyən şübhə etmirik!
Kamal Adıgözəlov
Mənbələr
Headley, J.M. The problem with multiculturalism: The uniqueness and universality of Western civilization. New Brunswick: Transaction Publishers. – 2012, – 122 pp. Karlheinz Biller & Maria de Lourdes Stiegeler. Wörterbuch der Logotherapie und Existenzanalyse von Viktor Emil Frankl.– Böhlau, – 2008. – 989 pp. Философский энциклопедический словарь / Под ред. А.Б. Васильева. – 2-е изд. – М.: Инфра-М, – 2011, – 576 с. Professor Sir Gordon Conway obituary // The Times, 06.08.2023. URL: https://www.thetimes.com/uk/obituaries/article/professor-sir-gordon-conway-qz253gc3z Fransada irqçilik, islamofobiya və antisemitizm ifrat həddə çatıb // AZƏRTAC, 01.12.2022. URL: https://azertag.az/xeber/fransada_irqchilik_islamofobiya_ve_antisemitizm_ifrat_hedde_chatib-2392829 Prezident: "Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiya da geniş vüsət alıb" // Report.az, 20.10.2023. URL: https://report.az/xarici-siyaset/prezident-fransada-neokolonializm-meylleri-ile-paralel-olaraq-irqcilik-ve-islamofobiya-da-genis-vuset-alib/ "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına // 08 mart 2024. URL: https://president.az/az/articles/view/65229 Глобальный Юг восстает. Почему Алиев полетел в Египет // 8 июня 2024, URL: https://minval.az/news/124399066?sfnsn=mo Яковлев П.П. (2021) Глобальный Юг: концептуальные подходы и социально-экономические процессы // Контуры глобальных трансформаций: политика, экономика, право. – 2021, т. 14, № 2, с. 6-27.