AZ

“O hakimiyyətin dövründə müstəqilliyimizi ehtiva edən bir sıra tədbirlər həyata keçirildi...”

“Bundan 3 gün sonra Surət Hüseynov Bakıya gəldi və iyunun 30-da baş nazir və bütün təhlükəsizik qüvvələrinin “ali baş komandanı” təyin edildi. Bununla Ulu Öndər H.Əliyev hakimiyyətə qayıtdı, hərbi-siyasi böhran qismən aradan qaldırıldı, baş nazir təyin edildi...”

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

SSRİ-nin süqutu. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi...- XXXXVI mövzu

(Əvvəli burada: )
 
1992-ci ilin əvvəlindən Azərbaycanda siyasi mübarizə daha da kəskinləşdi, bir çox hallarda milli maraqlar arxa plana keçdi. Azərbaycan Xalq Cəbhəsi nəyin bahasına olursa-olsun, Ayaz Mütəllibovu hakimiyyətdən devirmək xəttini götürdü. A.Mütəllibovun AXC ilə kompromislərə getmək cəhdləri nəticə vermədi. Tərəflər hakimiyyət uğrunda mübarizənin gedişində çox vaxt Qarabağ cəbhəsindəki ağır vəziyyətdən sui-istifadə hallarından  da çəkinmirdi. Xocalı faciəsindən sonra AXC hakimiyyətə gəlmək üçün cəhdlərini sürətləndirdi, A.Mütəllibov ölkəyə nəzarəti tam itirdi və 1992-ci il martın 6-da Milli Məclisin binasını mühasirə etmiş AXC fəallarının, həmçinin binanın daxilindəki müxalifət liderlərinin təzyiqləri altında istefa verməli oldu. Dövlət başçısı səlahiyyətləri Milli Şuranın sədri Yaqub Məmmədova keçdi. (1990-cı il sentyabrın 30-da Ali Sovetə keçirilən seçkilərdə 360 deputat yerinin əksəriyyətini (280 yer) kommunistlər, 45 yeri isə AXC qazanmışdı. AXC azlıqda olmasına baxmayaraq, “Demblok” deyilən fraksiya yaratmışdı və faktiki olaraq qərarların qəbuluna təsir edə bilirdi. Onların təkidi ilə 1991-ci ilin sonlarında hakimiyyət və müxalifətin hər birindən 25 deputat olmaqla Milli Şura yaradıldı və bu qurum faktiki olaraq Ali Sovetin fəaliyyətini əvəz etdi. Milli Şuranın sədri vəzifəsini 1992-ci ilin fevralında Yaqub Məmmədov tutdu. O, bu vəzifədə Elmira Qafarovanı  (1989-1992) əvəz etdi.).
 
Y.Məmmədov ağır şəraitdə ölkəni idarə etməyə, müxtəlif siyasi, həmçinin hərbi qüvvələr arasında manevr etməyə çalışırdı. A.Mütəllibov 1992-ci il mayın 15-də Moskvanın dəstəyi və parlamentin qərarı ilə yenidən hakimiyyətə qayıtdı. Lakin ertəsi gün AXC-nin izdihamlı mitinqi, parlamentin binasının mühasirəyə alınmasından sonra yenidən istefa verib Moskvaya getdi [1] (O, Rusiya mühacirətindən yalnız 2012-ci ildə vətənə dönə bildi, prezident imtiyazları bərpa olundu, 2022-ci ilin martında vəfat etdi, Birinci Fəxri Xiyabanda dəfn olundu).
 
A.Mütəlibovun ikinci dəfə istefa verməsindən sonra AXC-nin hakimiyyətə doğru yolu açıldı. 1992-ci il mayın18-də müxalifətin liderlərindən İsa Qəmbər parlamentin sədri, həmin vaxta qədər sədrin müavini olan Tamerlan Qarayev birinci müavin vəzifəsinə seçildi. Həmin il iyunun 7-də prezident seçkiləri keçirildi. Əbülfəz Elçibəy prezident seçildi [6]. Ağır mübarizə şəraitində, iqtisadi, sosial problemlərin kəskinləşdiyi bir dövrdə hakimiyyətə gələn yeni qüvvələr ciddi nəticlərə nail ola, ölkəni böhran vəziyyətindən çıxara bilmədi. Siyasi rəhbərliyin əksəriyyəti vətənə, dövlətə sadiq insanlar idi. Amma dövlətçilik təcrübələri, kadr ehtiyatları yox dərəcəsində idi. Onlar milli valyutanın-manatın dövriyyəyə buraxılması (Azərbaycan manatının hazırlanmasına A.Mütəllibovun vaxtında başlanmış, Əbülfəz Elçibəyin vaxtında, 1992-ci ilin avqustunda dövriyyəyə buraxılmışdı), ali məktəblərə qəbulda test üsulunun tətbiqi və sair addımlar atdılar. Müstəqilliyimizi ehtiva edən bir sıra tədbirlər həyata keçirildi. Hələ 1991-ci il fevralın 5-də üçrəngli Dövlət Bayrağı bərpa edilmişdi. 1992-ci il mayın 27-də Dövlət himni qəbul edildi, 1993-cü il fevralın 23-də Dövlət gerbi təsdiq olundu.
Lakin yeni hökumət dövlətimizin qarşısında duran strateji məqsədlərə nail olmaq baxımından əvvəlki hökumətdən uzağa gedə bilmədi. 1992-93-cü illərdə Azərbaycanda dövlət quruculuğu sahəsində hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Bu dövrdə Azərbaycan iqtisadiyyatının ən mühüm problemi istehsalın, investisiya qoyuluşunun aşağı düşməsi idi. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə təkcə 1992-1993-cü illər ərzində ümumi daxili məhsul və sənaye məhsulu istehsalı 2 dəfə, kənd təsərrüfatı məhsulu 35%, əsaslı vəsait qoyuluşu 64% azaldı. Qısa müddətdə inflyasiya sürətlə artdı. İstehlak mallarının qiyməti 124 dəfə bahalaşdı [2, s.449.].
 
1992-1993-cü illərdə Azərbaycan hökuməti xarici siyasət sahəsində də bir sıra səhvlərə yol verdi. Bir sıra dövlətlər, o cümlədən, ABŞ, Rusiya, İran, Çin, Özbəkistanla münasibətlərdə kobud səhvlər oldu, hətta qardaş Türkiyə ilə münasibətlər real siyasət müstəvisinə keçirilmədi, beynəlxalq və regional təşkilatlarla səmərəli iş qurulmadı, xarici münasibətlərdə ciddi rol oynayan neft siyasətində səhvlərə yol verildi. 
 
Daxili və xarici siyasətdəki uğursuzluqlar Azərbaycanı ağır vəziyyətə saldı. 1992-ci ilin sonu 1993-cü ilin əvvəlində ölkə ağır siyasi böhran vəziyyətinə düşdü. 1993-cü ilin yanvarında Surət Hüseynovun başçılığı altında təhlükəli hərbi müxalifət ortaya çıxdı. Az sonra bu müxalifət ölkənin Gəncə və ətraf bölgələrini nəzarətə götürdü, hakimiyyətin istefası tələbini irəli sürdü. 1993-cü ilin yayında ölkənin cənubunda Əlikram Hümbətovun başçılığı ilə separatçı hərəkat başladı, qondarma “Talış-Muğan Respublikası” yaradıldı. Təxminən eyni vaxtda şimalda separatçı “Sadval”  hərəkatı fəallaşdı, Qusar, Quba, Xaçmaz rayonlarını nəzarətə götürməyə cəhd etdi.  Bütün bunlar xarici dövlətlərin siyasəti və himayəsi altında həyata keçirilirdi. Uğursuz daxili siyasət isə bu təxribatların həyata keçirilməsi üçün əlverişli zəmin yaradırdı. Bu hadisələrin fonunda Ermənistan da işğalçı hücumlarını genişləndiridi. Bu şəraitdə Azərbaycan dövlətçiliyi təhlükə qarşısında idi, ölkə bir neçə yerə parçalana, müstəqilliyini itirə bilərdi.
Hadisələr polkovnik Surət Hüseynovun Bakı istiqamətində yürüşə başlaması ilə fəlakətli həddə çatdı. 1993-cü il iyunun 4-də hökumət qüvvələri qiyamı yatırtmaq üçün Gəncəyə yeridildi. Qiyamçılarla hökumət qüvvələri arasında atışma baş verdi, hər iki tərəfdən 35 nəfər həlak odu. S.Hüseynovun qüvvələri Gəncəyə gələnlərin bir hissəsini, o cümlədən baş prokuror İxtiyar Şirinov, Milli Təhlükəsizik nazirinin birinci müavini Sülhəddin Əkbərov, Daxili işlər nazirinin müavini Qabil Məmmədovu və digərlərini həbs etdi. S.Hüseynovun qüvvələri ertəsi gün prezident Ə.Elçibəyin istefası  tələbi ilə Bakıya doğru hərəkət etdi, Ələt və Acıdərə istiqamətlərində paytaxta yaxınlaşdı [11]. Ə.Elçibəy vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevi Bakıya dəvət etdi. Hakim komandadan baş nazir Pənah Hüseyn iyunun 7-də istefa verdi. H.Əliyev iyunun 9-da Bakıya gəldi, ertəsi gün prezident Ə.Elçibəylə görüşdü, vəziyyətdən çıxmaq üçün Ali Sovetin sədri vəzifəsini tutmağa razılaşdı, birgə hərəkət etmək üçün razılığa gəldilər. Ali Sovetin sədri İsa Qəmbər iyunun 13-də istefa verdi. H.Əliyev həmin gün Gəncəyə getdi, 2 gün ərzində S.Hüseynovla danışıqlar apardı, böhrandan çıxmaq üçün bəzi məsələləri razılaşdırdılar. Əhalinin böyük əksəriyyəti tərəfindən ümummilli lider kimi qəbul olunan H.Əliyev iyunun 15-də Bakıya qayıtdı, həmin gün Ali Sovetin sədri seçildi. İyunun 17-dən 18-nə keçən gecə prezident Elçibəy müəmmalı şəraitdə gözlənilmədən təyyarə ilə Naxçıvana, oradan isə doğma kəndi Kələkiyə getdi. İyunun 24-də Ali Sovet prezident səlahiyyətlərinin H.Əliyevə verilməsinə dair qərar qəbul etdi [3, s.137-138]. Üç gün sonra Surət Hüseynov Bakıya gəldi, iyunun 30- da isə baş nazir və bütün təhlükəsizik qüvvələrinin “ali baş komandanı” təyin edildi. Bununla Ulu Öndər H.Əliyev hakimiyyətə qayıtdı, hərbi-siyasi böhran qismən aradan qaldırıldı, ölkədə vəziyyətin nizama salınması üçün şərait yarandı.
 
 Ədəbiyyat:
 
1. Azərbaycanın ilk prezidenti necə xatırlanacaq?- bbc.com/azeri/azerbaijan-60898848.
 
2. Qəniyev H. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. “Elm və Təhsil” nəşriyyatı. Bakı, 2019.
 
3. Naxçıvan ensiklopediyası, Bakı, Elm, 2002.
 
4. Tuncay B. Azərbaycan xalqının Çənlibel təşkilatının tarixi.- muhaz.org/bextiyar-tuncay-azerbaycan-xalqnn-cenlibel-teşkilatnn-tarix-se.html.
 
5. Yaqublu N. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: “Qanun” Nəşriyyatı, 2018.
 
6. “Azerbaijan profile-Timeline”. –bbc.com/news/world-europe-17047328.
 
7. “The World Factbook: Azerbaijan.-cia.gov/library/publikations/the world- factbook/glos/aj.html.
 
8. Августовский кризис 1991. Большая Российская энциклопедия.-bigenc.ru/domestic_history/text/3785347.
 
9. Беловежские соглашения// Новая Российская Энциклопедия. Т. III (I). Москва, Инфра, 2007.
 
10. Зверев А. Этнические конфликты на Кавказе, 1988-1994 г.// Спорные границы на Кавказе. Москва, «Весь мир», 1996.
 
11. Зенькович Н. Самые закрытые люди: энциклопедия биографий. Алиев Г.А.- Москва, Олма-Пресс, 2002.
 
12. Мехтиев А. Мятежный полковник хочеть быть президентом// Независимая газета, Москва, 18.06.1993.
 
13. Постановление ВС СССР от 21 марта 1991 года № 2041-1 «Об итогах референдума СССР» 17 марта 1991 года.// Ведомости СНД и ВС СССР.-1992.
 
                                      
 
Seçilən
135
moderator.az

1Mənbələr