1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya paytaxtında 26 iyun-Azərbaycan Silahlı Qüvvələrü günü münasibətilə təntənəli qəbul keçirilib.
APA xəbər verir ki, qəbulda Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və Rusiyanın hərbi ekspert cəmiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu Silahlı Qüvvələr Gününün əhəmiyyətindən danışıb: "Azərbaycan Silahlı Qüvvələr Gününün dövlətçilik tariximizdə xüsusi əhəmiyyəti var və sevindirici haldır ki, onun yaradılmasının 106-cı ildönümü bu gün xalq tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində qeyd olunur".
Səfir qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni səhifə başlayıb:
"Azərbaycan üçün bu ən ağır dövrdə, ərazilərimizin 20%-nin Ermənistan tərəfindən silahlı işğalı zamanı Heydər Əliyevin göstərişi ilə o dövrün ən yaxşı zabit kadrları ordunun yaradılmasına, əsasların qoyulmasına cəlb edilib, hərbi peşə hazırlığının əsası qoyulub. Məhz onun 22 may 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sı Əlahiddə Azərbaycan Korpusunun yaradılması günü Azərbaycan Silahlı Qüvvələri Günü elan edilib".
P.Bülbüloğlu Azərbaycan ordusunun mövcudluğunun ən şərəfli mərhələsində olduğunu və dünyanın ən güclü orduları sırasında yer aldığını, bunun sübutunun 44 günlük Vətən Müharibəsində Azərbaycanın hərbi qüdrətini regionda nümayiş etdirən tarixi qələbə olduğunu vurğulayıb: "Silahlı Qüvvələr ordumuzun əsgər və zabitlərinin nə qədər yüksək mənəvi-fiziki keyfiyyətlərə, vətənpərvərlik hisslərinə malik olduğunu göstərib. Azərbaycan Respublikası Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qələbə qazanan Azərbaycan ordusu dünyaya müasir müharibə nəsli nümunəsi göstərərək işğal altında olan torpaqlarımızı azad edib".
Diplomat çıxışında Azərbaycanı daha bir həll edilməmiş probleminə, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olan mina terroruna diqqət çəkib.
"Azərbaycan ərazilərinin 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğalı səbəbindən dünyada minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib. Ümumilikdə, Ermənistanın ölkəmizə hərbi təcavüzü başlayandan indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib və bu rəqəm artmaqda davam edir. Hazırda ölkəmiz bu problemin həlli üçün beynəlxalq aləmdə təşəbbüslər irəli sürür və minalarla çirklənmənin nəticələrinin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyinə ümid edir", deyə Azərbaycan səfiri yekunlaşdırıb.
Azərbaycan Səfirliyin hərbi attaşesi polkovnik Kənan Təhməzov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin siyasəti Azərbaycanın silahlı qüvvələrini bütün regionun ən güclü və döyüşə hazır ordusuna çevirib:
"Qeyd etmək istərdim ki, Azərbaycan xalqı öz ordusu və hamımıza qələbə sevincini yaşadan qalib Ali Baş Komandanı ilə fəxr edir. Bu bayram günündə bəyan edirəm ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət hər bir Azərbaycan vətəndaşı üçün hədsiz qürur və borc mənbəyidir. Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda şəhid olmuş qardaşlarımızı hörmət və minnətdarlıq hissi ilə anırıq", deyə polkovnik Təhməzov bildirib.
Daha sonra Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin çıxış edib. RF Müdafiə Nazirliyi və şəxsən müdafiə naziri adından Azərbaycanı Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edib. Fomin Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdiyini söyləyib: "Azərbaycan müstəqil xarici siyasəti olan dövlətdir. Güclü ordu güclü dövlətin etibarlı dayağıdır. Azərbaycan Silahlı Qüvvələri öz ölkəsinin etibarlı qalası və qürurudur. Silahlı qüvvələrdə xidmət təkcə şərəfli vəzifə deyil, həm də üstünlükdür. Qeyri-sabit beynəlxalq vəziyyətdə hər hansı bir dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi məsələləri ön plana çıxır. Bu kontekstdə milli silahlı qüvvələrin hazırlıq səviyyəsi isə xüsusi aktuallıq qazanır", deyə RF MN başçısının müavini qeyd edib.