AZ

Kərki Qarabağdan köçmüş haylara ev veriləcək kəndlərin siyahısında yoxdur -Ona görə ki...

Kərki Qarabağdan köçmüş haylara ev veriləcək kəndlərin siyahısında yoxdur -Ona görə ki...

Kərki kəndi Qarabağdan köçmüş ermənilərin mənzillə təmin olunması proqramında üstünlük verilən yaşayış məntəqələrinin hər iki siyahısına daxil edilməyib.

Moderator.az xəbər verir ki, bu haqda "Azatutyun" məlumat yayıb.

Baş nazirin müavini Tiqran Xaçatryan proqramın və həmin siyahıların təsdiqindən əvvəl izah etdi ki, inkişafında hökumətin xüsusi marağı olan qəsəbələr var və orada məskunlaşmaq istəyən Qarabağdan köçkün haylara adambaşına üç milyon dramdan çox pul alacaq. 390 yaşayış məntəqəsinin iki siyahısında daha çox sərhəd və ya ucqar kəndlərdir və bir nəfərə ayrılan vəsait 5 və ya 4 milyon dramdır. Həmin siyahılarda, məsələn, Ararat mərzi, Kərki olan Kirants, Nerkin Hand, Verin Shorja, Yerasx(Arazdəyən), Zəngakatun, Paruyr Sevak icmalarının adı yoxdur.

Müxalifətin "Şərəf duyuram" fraksiyasının deputatı Tiqran Abramyan Tiqranaşen məsələsində bu təftişi sərhədin demarkasiyası prosesi ilə əlaqələndirir, o, hökumətin ikinci mərhələdə 4 anklavı Azərbaycana təhvil verəcəyini düşünür.

"Birinci mərhələdə Tavuşda aparılan "demarkasiya" işlərindən sonra ikinci mərhələdə biri Tiqranaşen(Kərki-S.L.) olan 4 kəndin Azərbaycana verilməsi məsələsinə baxılmalı və təbii ki, bu şərtlərlə təkliflər irəli sürülməlidir. Artsax sakinlərinə və ya başqa qrupa həmin kənddə mənzil tikmək və ya almaq heç bir şəkildə hökumətin siyasətinə uyğun gəlmir", - deyə o bildirib.
Zəruri arayış və xatırlatma:

Qəsbkar Ermənistan 10 noyabr 2020-ci il bəyanat-razılaşmasına əsasən Azərbaycana qaytarılmalı olan Qazax rayonunun 7 kəndi kimi, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin də geri verilməməsində inad etsə də, bu günlərdə baş nazir N.Paşinyan Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıdığını və digər anklav kəmdlər kimi Kərkinin də həmin əraziyə daxil olduğunu bildirib.

Azərbaycanın ən qədim kəndlərindən olan Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir. İrəvandan 40 km aralıda yerləşir. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.

1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək, qədim diyarın müdafiəsində iştirak etdilər.

1990-cı il yanvarın 18-i səhərə kimi Kərki kəndi inadla müdafiə olundu. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna, silah çatışmazlığına və dörd bir tərəfdən mühasirə şəraitində olduğuna görə, vəziyyət faciə ilə nəticələnə bilərdi. Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Kərki də, digər işğal olunmuş ərazilərimiz kimi, xəyanət nəticəsində düşmənin əlinə keçib. 12–14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Ermənistan hökuməti kəndə "Tiqranaşen" adını verib. Kərkidə hazırda Bakıdan və Gəncədən qayıdan ermənilər məskunlaşıb. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.

Kərki kəndi - Sədərək rayonu, Arpa çayı sahilində, düzənlikdədir. Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.

Erməni mediasının yaydığı son məlumatlara görə, Kərkidə hazırda 180-ə yaxın erməni (40-a yaxın ailə) yaşayır.

2021-ci ilin yanvar-fevral aylarında artıq Kərkinin boşaldılaraq Azərbaycana qaytarılması haqda xəbərlər yayılsa da, Ermənistanda xaricdən təhrik olunan revanşist qüvvələr buna imkan vermir. 2022-ci ilin fevralında terrorçu "Daşnaksütyun" fəalları Kərki kəndində aksiya keçirərək "Tiqranaşen erməni torpağıdır və biz onu türklərə verməyəcəyik" -deyə bəyan edib.

Yenə də ümid edək ki, inşallah, digər ərazilərimiz kimi, Kərki də yaxın müddətdə əsl sahiblərinə - Azərbaycan türklərinə qaytarılacaq. Amma Kərkinin Ermənistanın Azərbaycan ərazisindəki eksklavı hesab olunan Başkənd kəndi ilə dəyişdirilə bilməsi ehtimalları da var...

S.Laçın

Seçilən
156
sonxeber.az

1Mənbələr