Cənub zonasında baş verən zəlzələ zamanı Lerik rayonunda ev və obyektlərə dəymiş ziyanla bağlı araşdırmalara başlanıb.
Bunu Metbuat.az-a açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib. O bildirib ki, səhər saatlarında baş verən zəlzələ nəticəsində evlərə dəymiş ziyanla bağlı vətəndaş müraciətləri daxil olmaqdadır: "Hazırda rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları ərazilərə səfərbər olub, ziyan dəymiş ev və obyektlərə baxış keçirilir. Dəymiş ziyanın miqdarı hələlik tam məlum deyil, iş gedir. Vətəndaş müraciətləri dərhal yerində araşdırılır, dəymiş ziyan müəyyən edilir".
H. Məlikov bildirib ki, zəlzələ nəticəsində ziyan dəymiş ev və obyektlər əsasən köhnə tikililərdir, yeni tikililərdə hələlik ciddi ziyan aşkar edilməyib: "Köhnə tikililər var ki, həmin ev və obyektlərdə əvvəldən çatlar olub, indi həmin çatlar nisbətən böyüyüb. Əhali ərasında heç bir təlaş və təşvişə ehtiyac yoxdur".
Xatırladaq ki, bu gün səhər saat 07:40 radələrində ölkənin cənub bölgəsində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.
Zəlzələ ocağının dərinliyi 18 km olub.
Telegram kanalımız