Neftçala sakini oğlunun şərlənərək həbs olunduğunu, həbsxanada incidildiyini deyir Neftçala rayonunun Aşağı Surra kənd sakini Xədicə Nağıyeva deyir ki, bir ildən çoxdur oğlunu şərləyib həbs ediblər, amma bununla kifayətlənmirlər. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində də oğlunu rahat buraxmırlar. “Bilmədik ki, polislərdir, elə bildik ki, cinayətkarlardır, bizə hücum eləyirlər” 36 yaşlı Məftun Nağıyev 2023-cü ildə Azərbaycanda dini inanclı şəxslərin kütləvi şəkildə narkotik ittihamıyla həbs dalğasında tutulanlardan biridir. O, ötən il aprelin 9-dan həbsdədir. Cinayət işinin materiallarında onun narkotik şübhəsiylə Aşağı Surra kəndində saxlandığı yazılsa da, anası deyir ki, yalandır. Xədicə Nağıyeva danışır ki, həmin gün yaşadığı evə mülki geyimli polislər hücum edib, oğlunu götürüb aparıblar: Məftun Nağıyev. Foto: Ailə arxivindən “Axşam saat 8-in yarısı idi. Bir dəstə adam evimizə basqın elədi. Əyinlərində forma yox idi deyə, heç bilmədik ki, polislərdir. Elə bildik, cinayətkardılar, bizə hücum eləyirlər. Təsəvvür edin, bütün bunlar Məftunun üç körpə balasının gözünün qarşısında baş verdi. Uşaqlardan biri də xəstədi – iflicdi…”. Neftçala Rayon Polis Şöbəsinə aparılan Məftun Nağıyevə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib. İttihama görə, onun cibindən 32 qram narkotik tapılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən apelyasiya şikayəti verilsə də, nəticə dəyişməyib – Şirvan Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Şikayətə sentyabrın 18-də baxılacaq. “Düz-əməlli məhkəmə olmadı, gah işıqlar söndü, gah sistem pozuldu” “Lənkəranda düz-əməlli məhkəmə olmadı. Məftunun özünü gətirmirdilər, elə Bakıdan – təcridxanadan onlayn şəkildə qoşurdular. Onda da gah işıqlar sönürdü, gah kompüterdə sistem pozulurdu, qoşula bilmirdi. Məftunu necə apardıqlarını qonşularımız görmüşdü. Həmin qonşuların şahid kimi dindirilməsini istədik. Məhkəmədə dindirdilər, onlar da gördüklərini yerbəyer dedilər. Amma axırda hakimlər nəzərə almadılar ki, guya qonşuluğa görə Məftunun xeyrinə danışırlar. Necə olur, qonşuların dedikləri qəbul olunmur, amma polislərin yalan-palan, bir-birinə uyğun gəlməyən ifadələri qəbul olunur? Aydın məsələdir ki, sifariş verilmişdi”, – Xədicə Nağıyeva bildirib. Anası deyir ki, oğlu inanclı olduğuna, həmçinin sosial şəbəkələrdəki hesabında dini məzmunda paylaşımlarına görə narkotiklə şərlənərək cəzalandırılıb. Xədicə Nağıyevanın sözlərinə görə, oğlunu polis şöbəsinə aparandan sonra onun qarşısında şərt qoyulub ki, ya narkotiki üzərinə götürməlidir, ya da casusluq ittihamı ilə həbs olunacaq: “Bu qədər insafsızlıq, vicdansızlıq olar?! Məftun nə İrana gedib, nə şübhəli hərəkətləri olub. Nə olsun ki, dini inancı vardı, özü Equipment Rental Services (ERS) şirkətində işləyirdi”. “Qapalı həbsxanaya köçürmək üçün zəmin hazırlayırlar” Məftun Nağıyev haqqında apelyasiya məhkəməsinin qərarı bu ilin fevralında çıxarılıb. Ondan sonra o, 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Anası deyir ki, heç bir cinayət törətmədiyi halda, həbs olunması bir yana, həbsdə də oğluna əzab verirlər. Onun sözlərinə görə, oğlu iki aydır ki, müəssisədəki cəza kamerasında (“kars”) saxlanılır: “26 apreldən bu yana “kars”dadır. Nə telefonla danışa bilirik, nə xəbər tuturuq. İyunun əvvəlində Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarovun qəbuluna getmişdim. Məni dinlədi, elə yanımda cəzaçəkmə müəssisəsinə zəng elədi. Bilmədim ki, ona telefonda nə deyildi. Mənə bildirdi ki, “mütləq şikayətinizə baxılacaq”. Nəticə olmadı deyə, məcbur olub, iyunun 24-də Prezident Administrasiyasına getdim. Ondan sonra Məftun zəng elədi, 5 dəqiqəlik danışdıq”. Xədicə Nağıyeva hesab edir ki, oğlunu qapalı həbsxana rejiminə köçürmək üçün zəmin hazırlayırlar. Ona görə də “daxili intizam qaydalarını pozma” adı altında ona cəza verirlər ki, sonradan rejimini ağırlaşdırmaq üçün bəhanə olsun: “Az əvvəl o cəzaçəkmə müəssisəsində Xanəli adlı dindarın da başına belə oyun gətiriblər. Əvvəl onu martın 30-dan iyunun 8-nə qədər “kars”da saxlayıblar, sonra oradan çıxarıb, həbsxanaya köçürülməsi barədə qərar çıxarıblar. Günahsız insanları şərləmələri bəs eləmir, həbsdə də əl çəkmirlər. İnsanlara niyə bu qədər əziyyət verirlər, anlamaq olmur”. Xədicə Nağıyevanın dediklərinə münasibət öyrənmək üçün Meydan TV Penitensiar Xidmətə sorğu göndərib. Lakin sorğuya cavab almaq mümkün olmayıb. Son il yarım ərzində Azərbaycanda yüzlərlə dini inanclı narkotik ittihamıyla həbs edilib. Onlar bu ittihamı rədd edir, şərlənərək həbs olunduqlarını bildirirlər. Onların bir çoxunun məhkəməsini monitorinq edən “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı da narkotik ittihamının əsassız olduğu qənaətinə gəlib. Daxili İşlər Nazirliyi isə bu fikirləri qəbul etmir. Nazirliyin mətbuat xidməti həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edib. Meydan TV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta