AZ

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

Su şəbəkəsinə qoşulma sahəsində aparılmış son islahatlar nəticəsində şəbəkəyə qoşulmanın 3 prosedur üzrə ümumilikdə 30 gün müddətində həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu və təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli qərarı ilə “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası” təsdiq edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, yeni qaydalara əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri sifarişçinin ödənişi əsasında su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması üçün də sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir. Lakin bu zaman layihənin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podrat təşkilat və ya su təchizatı müəssisələri tərəfindən həyata keçirilir. Qaydalara əsasən, qoşulma layihələri hazırlanarkən tikinti obyektinin yerləşdiyi ərazidə ən yaxın məsafədə tələbata, şəhərsalma və tikinti normalarına uyğun su təchizatı mənbəyi mövcud olmalıdır.
Qeyd edilib ki, yeni qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli müvafiq qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli fərmanının icrası məqsədilə hazırlanıb.
Bütövlükdə su şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın ADSEA-nın rəhbərlik etdiyi “Su şəbəkəsinə qoşulma” işçi qrupu tərəfindən təşəbbüs olunub və işçi qrupu çərçivəsində müzakirələr aparılaraq müvafiq təkliflər təqdim edilib.

Seçilən
189
25
turk.az

10Mənbələr