AZ

“Yaşıl” iqtisadiyyat ekoloji fəlakətdən xilas meydanıdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirəcək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfəsini artıracaq. Eyni zamanda, ölkələri bir araya gətirməklə ətraf mühitin yaxşılaşdırılması, insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdidlərin aradan qaldırılması istiqamətində qərarların qəbulunu şərtləndirəcək. 

Tərəflər Konfransının 29-cu sessiya­sının Azərbaycanda keçirilməsi həm də ölkəmizin qlobal iqtisadiyyata inteqrasiya siyasətini reallaşdırması, regional infrast­rukturu yaratması və genişləndirməsi ilə bağlıdır. Bakı bu gün, eyni zamanda, iri neft-qaz layihələrində iştirak edir və bü­tün regional enerji təşəbbüslərində əsas oyunçu kimi diqqət çəkir. Respublikamı­zın iqtisadi potensialı, xammal və faydalı qazıntı ehtiyatları və əlverişli iqtisadi-coğ­rafi mövqeyi də beynəlxalq aləmlə əmək­daşlığın güclənməsinə şərait yaradır ki, bu da xarici iqtisadi əlaqələrdə struktur və keyfiyyət dəyişikliyindən xəbər verir.

Beynəlxalq münasibətlər üzrə profes­sor, iqtisadçı, Çin üzrə ekspert Cüzeppe Sakko Azərbaycan mediasına müsa­hibəsində bu barədə deyib: “Azərbay­canın beynəlxalq rolu getdikcə güclənir, mövqeyi əhəmiyyətli şəkildə möhkəmlə­nir. Xarici iqtisadi əlaqələrinin əsas xüsu­siyyəti isə onun beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olması, habelə ölkənin ictimai həyatının bütün sahələrinin bu təşkilatlara inteqra­siyasıdır. Buna, ilk növbədə, Azərbayca­nın əlverişli coğrafi mövqeyi, böyük kar­bohidrogen ehtiyatlarının olması, ölkənin enerji, nəqliyyat və gələcəkdə telekom­munikasiya dəhlizlərinin inkişafında fəal iştirakı kömək edir”.

C.Sakkonun sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji təchizatın­da, o cümlədən Asiya ilə Avropa arasın­da ticarətin genişləndirilməsi üçün Orta Dəhliz layihəsinin inkişafında önəmli rol oynayır. Orta Dəhliz layihəsi Çini Avro­pa ilə birləşdirməyə yönəlmiş böyük bir layihədir. Bu, Çin–Azərbaycan münasi­bətlərinin iqtisadi və siyasi gələcəyinin müəyyən olunduğu “masadır”. 

İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın Çinlə əməkdaşlığa böyük ehtiyacı var. Bu gün ölkə “Bir kəmər, bir yol” layihəsinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə birləşdirilməsi istiqamətində ciddi iş aparır. Bu dövlət­lər arasında alternativ enerji mənbələri sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın Çində 5 ticarət evi açma­sı, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin rekord həddə – 3,1 milyard dollara çataraq 43 faiz artım əldə etməsi məhz bunun parlaq ifadəsidir. 

Azərbaycan hazırda karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur. Lakin buna baxmaya­raq, bu ölkə postkarbon iqtisadiyyatı­nın inkişafında dünyanın digər ölkələri, o cümlədən Çinlə əməkdaşlığa xüsusi diqqət yetirir. Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin böyük potensialını reallaşdırmaq üçün irimiqyaslı layihələr­də iştirak etməkdə maraqlıdırlar.

C.Sakko müsahibəsində COP29-un ev sahibi kimi Azərbaycanın strateji plan­ları və təşəbbüslərini də yüksək dəyər­ləndirib. Ölkəmizin karbonsuzlaşma sahəsindəki fəaliyyətinin əsas istiqaməti olan enerji keçidi sahəsindəki fəaliyyəti­nin COP29 prezidentliyinin Azərbaycana keçməsindən xeyli əvvəl başladığını vur­ğulanıb.

Beynəlxalq münasibətlər üzrə profes­sor təmiz hidrogenin COP29 sədrliyinin təşəbbüslərindən biri olacağına, xüsusilə də beynəlxalq sertifikatlaşdırma sxemləri sahəsində atılacaq addımların bu sahə­nin inkişafına təkan verəcəyinə əminli­yini diqqətə çatdırıb. C.Sakko, həmçinin Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edib və Xəzər–Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, həm də yaşıl hidrogenin ixrac im­kanlarının araşdırıldığını vurğulayıb.

Müsahibəsindən bəzi məqamları diqqətə çatdırdığımız xarici ekspertin sözlərindən aydın gürünür ki, Azərbay­can COP29-a evsahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji də­yişikliklə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, respublikamız artıq “yaşıl enerji” iqtisadiyyatını əməli fəaliy­yəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirib. 

Bəşəriyyətin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qə­dəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur. Belə ki, “yaşıl dünya” ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləş­diriləcəyi gözlənilir ki, bu da qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq. Eyni zamanda, uzun illərdir ki, dünya ölkələri qlobal istiləşmənin, karbon emis­siyalarının təsirlərinin azaldılması, uy­ğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrin maliyyələşdirilmə­si ilə bağlı yekdil rəyə gələ bilmirlər. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 mil­yard dollarlıq fond yaradacaqlarını bildir­sələr də, məsələnin həlli düyünə düşüb. Ekspertlərin fikrincə, COP29 bu düyünün açılmasına, iştirakçı ölkələrin maliyyə məsələsində razılığa gələ biləcəyinə bö­yük ümid bəsləyirlər.

Yeri gəlmişkən, dünya mediası da COP29 ərəfəsində Azərbaycanın bu mö­təbər tədbirə ciddi hazırlaşdığını, eyni zamanda, ölkəmizin “yaşıl enerji”dən uzunmüddətli faydalar əldə etməyə ça­lışdığını bildirir. Bolqarıstanın “Standard” milli informasiya qəzetinin saytında yer alan məqalədə bununla bağlı deyilir: “Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəf­lərin 29-cu Konfransına evsahibliyi etmək hüququ əldə edən Azərbaycan növbəti onillikdə “yaşıl enerji”yə doğru irəliləməyi qarşısına məqsəd qoyub. Bu ölkə zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq “yaşıl enerji”dən də uzun­müddətli faydalar əldə etməyə çalışır”.

Məqalədə, həmçinin vurğulanıb ki, Azərbaycan öz vətəndaşları üçün sağ­lam həyat şəraitinin, eləcə də regionda və bütövlükdə, dünyada insanlar üçün təhlükəsiz yaşayış mühitinin yaradılma­sına yardım etmək istiqamətində “yaşıl enerji” siyasətini prioritetə çevirmək arzu­sunu ifadə edib.

Seçilən
400
xalqqazeti.az

1Mənbələr