Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanda “yaşıl” hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir. Bu barədə “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıqov məlumat verib. O deyib ki, şirkət Azərbaycanın İqtisadiyyat və Energetika nazirlikləri ilə birlikdə hidrogen istehsalı ilə bağlı tədqiqatlar aparıb.
2022-ci ildən başlayaraq Azərbaycanda dəniz külək enerjisi və “yaşıl” hidrogen istehsalının texniki-iqtisadi əsaslandırmasının aparıldığını xatırladan M. Sadıqov tədqiqatların hazırda da davam etdiyini, nəticələrin isə bir-iki ay ərzində açıqlanacağını diqqətə çatdırıb. “Azərbaycan hökuməti gələcək addımlarla bağlı qərarlar verəcək. Hazırda SOCAR ilə birgə işlər aparılır. Demək olar ki, iki ilə böyük məlumat bazası yaradılıb”, – M. Sadıqov əlavə edib.
Yeri gəlmişkən, Niderlandın tanınmış “Advision” məsləhətçi şirkəti "Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyilə Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlilini yekunlaşdırıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb. Tədqiqatın nəticələri göstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları və hidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə geniş sistemlə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçün böyük potensiala malikdir.
Ekspertlər hesab edirlər ki, hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Böyük həcmdə bərpaolunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan əlavə, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.
Yeri gəlmişkən, “Əsrin müqaviləsi” imzalanandan sonra reallaşdırılan bir sıra neft və qaz layihələri hazırda bərpaolunan “yaşıl enerji” təşəbbüsləri ilə uğurla davam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir müddət əvvəl “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi də bunun bariz ifadəsidir. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə ölkəmiz üçün yox, həm də respublikamızın tərəfdaşları üçün mühüm önəm daşıyır.
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdəki çıxışında bu barədə deyib: “Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.
Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Cabiri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilib. Hazırda iki layihə işlənilməkdədir, onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Bura təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər də əlavə olunarsa, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsinin tamamilə real hədəf olduğu bir daha təsdiqlənir.
M.YAQUBZADƏ
XQ