EN

“Masdar” “yaşıl” potensialımızı öyrənir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Mas­dar” şirkəti Azərbaycanda “yaşıl” hidrogenin istehsalı üzrə tədqiqatlarda iştirak edir. Bu barədə “Masdar Azerbaijan” şirkətinin direk­toru Murad Sadıqov məlumat verib. O deyib ki, şirkət Azərbaycanın İqtisadiyyat və Energetika nazirlikləri ilə birlikdə hidrogen istehsalı ilə bağlı tədqiqatlar aparıb.

2022-ci ildən başlayaraq Azərbaycan­da dəniz külək enerjisi və “yaşıl” hidrogen istehsalının texniki-iqtisadi əsaslandırma­sının aparıldığını xatırladan M. Sadıqov tədqiqatların hazırda da davam etdiyini, nəticələrin isə bir-iki ay ərzində açıqlana­cağını diqqətə çatdırıb. “Azərbaycan hö­kuməti gələcək addımlarla bağlı qərarlar verəcək. Hazırda SOCAR ilə birgə işlər aparılır. Demək olar ki, iki ilə böyük məlu­mat bazası yaradılıb”, – M. Sadıqov əlavə edib.

Yeri gəlmişkən, Niderlandın tanın­mış “Advision” məsləhətçi şirkəti "Avro­pa Yenidənqurma və İnkişaf Bankının dəstəyilə Azərbaycanın hidrogen poten­sialının qiymətləndirilməsi ilə bağlı təhli­lini yekunlaşdırıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkan­ları ilə bağlı müsbət məqamlar yer alıb. Tədqiqatın nəticələri göstərir ki, forma­laşmış emal, ammonyak və metanol ba­zarları və hidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə geniş sistem­lə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçün böyük potensi­ala malikdir. 

Ekspertlər hesab edirlər ki, hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Bö­yük həcmdə bərpaolunan resurslara, eləcə də “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkan­lara malikdir. Bundan əlavə, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdır­mağa imkan verəcək.

Yeri gəlmişkən, “Əsrin müqaviləsi” im­zalanandan sonra reallaşdırılan bir sıra neft və qaz layihələri hazırda bərpaolunan “yaşıl enerji” təşəbbüsləri ilə uğurla da­vam etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir müddət əvvəl “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoy­ma mərasiminin keçirilməsi də bunun ba­riz ifadəsidir. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yana­cağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qa­zıntı yanacağının uzun illər ərzində təkcə ölkəmiz üçün yox, həm də respublikamızın tərəfdaşları üçün mühüm önəm daşıyır. 

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdə­ki çıxışında bu barədə deyib: “Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsi­nin imzalanmasından 28 il sonra, 1 qiqa­vat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticə­sində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsin­də ən öndə gedən şirkətdir.

Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi et­məsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birinci­si, mən dostum nazir Sultan əl-Cabiri təb­rik etmək istəyirəm və salamlarımı qarda­şım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irə­lilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli töv­siyələrinə görə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə ve­rib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilib. Hazırda iki layihə işlənil­məkdədir, onlardan biri inşaat mərhələ­sindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqava­ta yaxın olacaqdır. Bura təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalar­la bağlı görülən işlər də əlavə olunar­sa, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsinin tamamilə real hədəf olduğu bir daha təs­diqlənir. 

M.YAQUBZADƏ
XQ

Chosen
110
xalqqazeti.az

1Sources