AZ

Qonşu müttəfiqlər - Azərbaycan və Rusiya

Azərbaycan qısa müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə dinamik inkişaf templərinə malik əlaqələr qurmağa nail olub. Belə dövlətlərdən biri də Şimal qonşumuz Rusiya Federasiyasıdır.

İki ölkənin liderləri müntəzəm qaydada görüşərək aktual məsələlər ətrafında faydalı müzakirələr aparırlar. Prezident İlham Əliyev və Prezident Vladimir Putin iyulun 3-də Astanada növbəti dəfə görüşüblər. Görüşdə liderlər ikitərəfli əlaqələrin dinamikasından məmnunluqlarını ifadə edib və gündəliyin ayrı-ayrı məsələləri ətrafında fikirlərini bölüşüblər.

Müttəfiqlik Bəyannaməsinin bütün bəndləri real həyatda öz əksini tapır

Bu gün bütün dünyada liderlər arasında formalaşan münasibətlər dövlətlərarası əlaqələrə güclü impuls verən mühüm amilə çevrilib. Bu baxımdan Azərbaycanla Rusiya arasında siyasi dialoqun intensivləşməsində liderlərin müntəzəm görüşlərinin, telefon danışıqlarının önəmini xüsusi qeyd edə bilərik.  Bildirildiyi kimi, qarşılıqlı fəaliyyətin miqyası böyükdür, gündəlikdə dayanan məsələlərin sayı çoxdur. Həmin məsələləri həll etmək üçün liderlər sıx təmaslar qurublar. 

Sonuncu dəfə Prezident İlham Əliyev cari ilin aprel ayında V.Putinin dəvəti ilə Moskvada səfərdə olub. Bundan təxminən bir ay sonra prezidentlər yenidən görüşüblər. Belə intensiv dialoq münasibətlərin irəli aparılması üçün münbit zəmin formalaşdırır. Bu onu göstərir ki, böyük uğurla həll edilən çoxlu məsələlər var. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Görüşdə hər iki lider bəhs olunan sənədin əhəmiyyətinə diqqət çəkib. “Qeyd etdiyiniz kimi, 2022-ci ildə biz uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsini imzaladıq və Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Əmtəə dövriyyəsinin davamlı artımı

Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı müxtəlif istiqamətlərdə uğurla genişləndirirlər. Təsadüfi deyil ki, söhbət zamanı enerji, nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Qarşılıqlı ticarət dövriyyəsində cari ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumi ticarət dövriyyəsinin artmasından məmnunluğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Əlbəttə, həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir. Sevindirici haldır ki, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir”.

“Şimal-Cənub” layihəsinin aktuallığı

Qonşu dövlətlər olmaları Azərbaycanın və Rusiyanın birgə səylərlə regional nəqliyyat infrastrukturunun inkişafına töhfə vermələrinə geniş imkanlar yaradır. Bu sahədə hər iki dövlətin maraqları üst-üstə düşür - həm Azərbaycan, həm də Rusiya kommunikasiyalar, daşımalar üçün daha əlverişli şəraitin yaradılmasında, infrastruktur imkanlarının artırılmasında maraqlıdırlar. İndiyədək “Şimal-Cənub” layihəsi üzrə yaxşı əməkdaşlıq qurulub. 2023-cü ildə Azərbaycanla Rusiya arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Bununla belə, Şimal-Cənub Dəhlizi ilə bağlı müəyyən problemlər də yox deyil. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev “Keçən dəfə Moskvada “Şimal-Cənub” layihəsini müzakirə etdik. O vaxtdan bəri müsbət irəliləyişlər baş verdi. Bu barədə danışacağıq. Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik, fiziki cəhətdən mövcud olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir”, - deyə vurğulayıb.

Həqiqətən də, bəzi ölkələr öz öhdəliklərini yerinə yetirməyə tələsmirlər. Məsuliyyətli dövlət olan Azərbaycan indiyədək öz ərazisində Şimal-Cənub Dəhlizi ilə bağlı bütün layihələrin icrasını tamamlayıb. Lakin marşrutun digər ölkələrin ərazisindən keçən ayrı-ayrı hissələrində  müasir infrastrukturun yaradılmaması, o cümlədən dəmir yolu xəttinin inşasının ləngiməsi Şimal-Cənub Dəhlizinin ötürücülük imkanlarının tələbata uyğun genişləndirilməsinə imkan vermir. Məsələn, Ermənistanın layihədə təmsilçiliyi formal xarakter daşıyır. Bu ölkə indiyədək müxtəlif beynəlxalq tədbirlərdə dəhlizlə bağlı çoxsaylı bəyanatlar versə də, praktiki müstəvidə hər hansı bir iş görmür. Ümumiyyətlə, Ermənistanın Şimal-Cənub Dəhlizi ilə bağlı iddiaları xülyadan başqa bir şey deyil. Bu ölkənin öz ərazisində çətin relief şəraitində zəruri infrastruktur qurmaq imkanları sıfıra bərabərdir. 

Mübariz FEYİZLİ

Seçilən
95
1
yeniazerbaycan.com

2Mənbələr