AZ

ŞKTC-nin Prezidenti Şuşa Zirvə görüşündə iştirakını böyük şərəf adlandırıb

ŞKTC-nin

Ankara, 8 iyul, AZƏRTAC

Türk dövlətlərinin liderləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirak edərək, tarixi torpaqlarını çoxillik işğaldan azad etmiş Azərbaycanın Qələbəsinin tanınması və dəstəklənməsini dünyaya nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türkiyənin “Ulusal Kanal” telekanalının efirində bildirib.

Siyasətçi Kiprin türk xalqı adından TDT-nin Zirvə görüşündə iştirakını böyük şərəf adlandırıb. “Şuşada keçirilən Zirvə görüşü Kiprin bütün türk xalqı üçün mühüm hadisəyə çevrilib”, - deyə Ersin Tatar vurğulayıb.

Onun sözlərinə görə, Lefkosanın təşkilatda müşahidəçi statusunu tanıyan TDT ölkələri dünyaya nümayiş etdiriblər ki, ŞKTC-ni gələcək naminə və inkişaf uğrunda mübarizəyə hazır olan öz mədəniyyətinə malik müstəqil bir dövlət kimi qəbul edirlər.

“Mənim digər türk dövlətlərinin liderlərinə müraciət etmək və birgə foto çəkilişlərində iştirak etmək imkanım olub. Əvvəllər ŞKTC-dən bu cür yüksək səviyyəli səfərlər yalnız Türkiyəyə təşkil edilirdi”, - deyə Tatar bildirib.

Kipr türklərinin lideri Şuşaya səfəri ilə bağlı təəssüratlarını da bölüşüb. “Bu, Azərbaycanın zəngin mədəni irsə malik tarixi şəhəridir. İşğaldan sonrakı dövrdə Azərbaycan dövləti azad edilmiş regionun bərpasına, yaşayış evlərinin inşasına, infrastrukturun inkişafına böyük sərmayələr qoyur. Azərbaycana bütün işlərində uğurlar arzulayıram”, - deyə dövlət başçısı bildirib.

ŞKTC-nin lideri, həmçinin qeyd edib ki, işğaldan azad edilmiş Xankəndini ziyarət edən ilk xarici dövlət başçısı olmaqdan da qürur duyur.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
45
4
azertag.az

5Mənbələr