AZ

Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu gündən-günə artır. Şübhəsiz, bunun əsasında ölkə başçımızın yeritdiyi uğurlu siyasət və dövlət başçılarının  Prezident cənab İlham Əliyevə olan etimadı dayanır. Cənab İlham Əliyevin irəli sürdüyü fikirlər həm regionda, həm də beynəlxalq arenada yüksək qiymətləndirilir.

2024-cü il iyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada oldu. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçirildi.

İkinci Qarabağ müharibəsində dünyanın Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün Türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib ƏrdoğanınAzərbaycan tək deyil” çağırışı dünyaya ciddi mesaj oldu. Bu dəstək Azərbaycana güc verdi, 44 gündə tarixi Zəfərə imza atmasında əhəmiyyətli rol oynadı. O zaman bir daha kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğu təsdiqləndi. Tarixi Zəfərimizdən dərhal sonra başlanan genişmiqyaslı bərpa-quruculuq işləri də türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı oldu. Qeyd etdiyimiz kimi, türkdilli ölkələrin dövlət başçıları müxtəlif vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə oldular, görülən işləri yaxından izlədilər, özlərinin dostluq, qardaşlıq hədiyyələrini təqdim etdilər. Dövlətimizin başçısı Şuşa Zirvə görüşündə bir daha bu məqamlara diqqəti yönəltdi. Bildirdi ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına təşəkkürünü bildirən cənab İlham Əliyev bu statistik rəqəmə də diqqəti yönəltdi ki, Böyük Qayıdış Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaqdır.

Azərbaycanın ev sahibliyi etdiyi, həmçinin fəxri qonaq qismində qatıldığı tədbirlər beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Dövlətimizin başçısının Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Dövlətimizin başçısı çıxışında diqqəti təxminən 200 ölkənin yekdil dəstəyi ilə ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bu əminliyi bildirdi ki, Azərbaycan tədbir çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə olunmasına çalışacaq.

Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Yekun olaraq qeyd edək ki, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Və ən mühümü gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platformadır.

 

Akif Teyli, Əməkdar müəllim

Seçilən
225
50
azerforum.com

10Mənbələr