AZ

İrəvan,Türkiyə- Ermənistan münasibətlərinin normallaşmasını istəyirsə... - AÇIQLAMA

“Ermənistan Avropaya keçid və NATO üzvü olan Türkiyə ilə münasibətlərin yaxşılaşdırmasına səy göstərir. Azərbaycanla Ermənistan münasibətlərinin yaxşılaşdırılması məsələsi müzakirə edilən bir vaxtda Türkiyə- Ermənistan münasibətlərinin yaxşılaşdırılması məsələsi də danışıqlar mövzusundan biridir. Burada Azərbaycanın önəmli faktor olması danılmazdır”.

“Türkiyə- Ermənistan münasibətlərinin normallaşması, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına və daha çox sülh sazişi ilə bağlı proseslərin hansı məcrada davam etməyindən çox asılıdır. Çünki Ermənistanla Türkiyə arasında sərhədlərin bağlı olması məsələsində əsas səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması idi. Amma Azərbaycan öz suverenliyini tam olaraq bərpa etdikdən sonra Türkiyədə bildirdi ki, Ermənistanla sərhədləri aça bilərlər. Son danışıqlar prosesində biz görürük ki, Ermənistanın yanaşmasında müəyyən ziddiyyətli məqamlar var. Azərbaycanın beynəlxalq norma və prinsiplərindən irəli gələn tələbləri ilə bağlı Ermənistan tərəddüdlü siyasət nümayiş etdirir. Proseslər kifayət qədər yubadılır və bu, sülh danışıqları prosesinin ləng getməsinə səbəb olan amillərlərdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, xüsusilə müəyyən Qərb dairələri daxil olmaqla üçüncü qüvvələrin prosesə müdaxilə etmək cəhdləri və Ermənistan hökumətinə edilən təzyiqlərlə bağlıdır.

“Azərbaycan tərəfi qəti və konkret mövqeyini ortaya qoyub, öz şərtlərini irəli sürüb, bu anklavların geri qaytarılması, Azərbaycanın digər ərazilərdən Naxçıvana maneəsiz gediş gəlişinin təmin olunması, eyni zamanda Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı tələblərdən ibarətdir. Xüsusilə Azərbaycan Ermənistan Konstitusiyasında olan separatçı müddəaların aradan qaldırılması üçün tələb kimi çıxış edir. Bu hesab edirəm ki, kifayət qədər zəruri və uzaq perspektivə hesablanan məsələdir. Çünki Ermənistan əgər indi sülhə imza atarsa, o zaman tutaq ki, 10 ildən sonra yeni hökumət formalaşa bilər. Yeni hakimiyyət Konstitusiya Məhkəməsinə müraciət edib bu sülh sazişini tanımaya bilər. Ona görə də Azərbaycan bu təhlükələrdən sığortalanmaq üçün Ermənistanın Konstitusiyasında separatizm meyllərinin aradan qaldırılmasına çalışır. Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiaları var. Yəni qardaş Türkiyədə, əslində Ermənistanın Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycanın tələbini dəstəkləməlidir. Əgər sülh danışıqlarında pozitiv meyllər müşahidə olunarsa, o zaman Ankara- İrəvan münasibətlərində də müsbət meyillərin önə çıxması müşahidə olunacaq. Yox, əks təqdirdə, əgər Ermənistan yenə də əgər uzaq perspektivə hesablanan və hansısa geosiyasi vəziyyətinin Ermənistan üçün müsbət zəmin yaradılması xəyalını qurarsa və sülh danışıqları prosesini nəticəsiz davam etməsi üçün imitasiya xarakterli fəaliyyət yürüdərsə o zaman Türkiyə- Ermənistan münasibətlərinin normallaşması mümkün olmayacaq. Əgər İrəvan,Türkiyə- Ermənistan münasibətlərinin normallaşmasını istəyirsə, sadaladığımız faktorlar üzərində ciddi düşünməlidir”.

Seçilən
52
50
aznews.az

10Mənbələr