Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin Ermənistana ilk rəsmi səfəri Azərbaycanda da diqqət çəkib. Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, nazirin İrəvana səfəri zamanı mühüm sənədlər imzalanıb. Ermənistan və Gürcüstanın müdafiə nazirlərinin görüşü zamanı Suren Papikyan və İrakli Çikovani 2024-cü il üçün əməkdaşlıq planı imzalayıblar. Razılaşmanın təfərrüatları açıqlanmır. O da bildirilir ki, tərəflərin yaxın gələcəkdə birgə hərbi təlimlər keçirməsi ehtimalı azdır, amma bununla belə, müəyyən irəliləyiş mümkündür.2024-cü ilin yanvarından Ermənistan və Gürcüstan arasında münasibətlər strateji səviyyədədir. Hər iki ölkənin müdafiə nazirləri ənənəvi olaraq ilin birinci yarısında qarşılıqlı rəsmi səfərlər edir, əməkdaşlıq planlarını imzalayır və cari il üçün görüləcək tədbirləri müəyyən edirlər. Gürcüstanın müdafiə naziri sonuncu dəfə 2023-cü ildə Ermənistana səfər edib.
Gürcüstan Prezident Aparatının sabiq rəhbəri Petre Mamradze “Sputnik Ermənistan”a müsahibəsində səfərin regionda əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, İrəvanla Tiflis arasında münasibətlər regional təhlükəsizlik arxitekturasına təsir göstərir.
Mamradze ikitərəfli münasibətlərin daimi diqqət tələb etdiyini və onların möhkəmləndirilməsinin hər iki ölkənin xalqlarına fayda verəcəyini vurğulayıb. O, Gürcüstanın Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurduğunu, bunun isə Ermənistanla dialoqun qurulmasına mane olmadığını vurğulayıb.
“Ermənistan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müxtəlif istiqamətlərdə inkişaf edir. Gürcüstan infrastrukturun (qaz kəmərləri, neft kəmərləri və dəmir yolları) təhlükəsizliyini təmin etmək üçün təlimlərin təşkilində Azərbaycan və Türkiyə ilə əməkdaşlıq təcrübəsini bölüşə bilər. O cümlədən, Ermənistan-Gürcüstan birgə təlimləri də istisna edilməməlidir” deyə, o vurğulayıb.
Mamradze həmçinin qeyd edib ki, regionda sabitlik üçün Ermənistan və Gürcüstan arasında müdafiə sahəsində dialoqunu inkişaf etdirmək lazımdır. Ekspert istisna etmir ki, iki ölkənin müdafiə strukturlarının rəhbərləri arasında danışıqların əsas mövzusu qarşıdan gələn ABŞ-Ermənistan təlimləri ola bilər. Bu, ABŞ-ın Gürcüstanla “Layiqli tərəfdaş 2024” birgə təlimlərini qeyri-müəyyən müddətə təxirə salması fonunda daha çox diqqət çəkir.
Qeyd edək ki, Ermənistana səfəri çərçivəsində İrakli Çikovani baş nazir Nikol Paşinyan ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər.
“Regionda sülhün və sabitliyin təmin olunmasında Gürcüstanın mühüm rolu qeyd edilib. Tərəflər regional təhlükəsizlik və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ölkələr arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin əhəmiyyəti vurğulanıb. Tərəflər qeyd ediblər ki, iki ölkə arasında strateji tərəfdaşlıq müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verəcək” deyə, məlumatda bildirilir.
Musavat.com