Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi barədə Fərmanında əksini tapıb.
Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Qeyd edək ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub.
Dövlət İmtahan Mərkəzinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
- nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
- idarəetmə orqanlarının yaradılması;
-Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin (o cümlədən sədrlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- yenidən təşkili və ləğvi;
- “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
Dövlət İmtahan Mərkəzinə:
-Qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Eyni zamanda “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” yeni redaksiyada təsdiqlənib.
***
Prezident İlham Əliyev, həmçinin Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.