AZ

Cahana "Mehriban olaq" mesajını verən bəstəkar: O, oğlunun öldüyünü 40 gün sonra bilib

Təxminən 2008-2009-cu illər olardı. Ad günü ərəfəsində zəng edib ondan süjet hazırlamaq istədiyimi dedim. "A qızım, mən evdən çölə çıxmıram, bilirsən. Gəl bizə, nə istəyirsən soruş” demişdi gülərək. Operatorla birlikdə getdik Şəfiqə xanımın evinə.

Dövlət başçısının hədiyyə etdiyi evdə qalırdı oğlu Talehlə birlikdə. Mənzilə daxil olanda pambıq kimi yumşaq çöhrəsi gülürdü. Mən ilk dəfə oğlunu o vaxt gördüm Şəfiqə xanımın. Yataq xəstəsi idi, körpə uşaq kim qulluğunda dayanırdı balasının. Onların ana-oğul bağı bir başqa idi. Yadımdadır, Şəfiqə xanımın bacısı da həmişə dəstək olurdu, az əziyyət çəkmirdi. Pianonun qaşısında əyləşib ifa etməyə başladı. Bax həmin gün hansı mahnını səsləndirdiyini nə yazıq ki, unutmuşam (aradan 16 il keçib). Amma Şəfiqə xanımın gülən qıyqacı gözləri, nurlu siması və oğlu Talehə baxışı isə hələ də yadımdadır.

Publika.az xəbər verir ki, bu gün bəstələri dillər əzbəri olan, hər bir ürəyə öz sehrli, bənzərsiz musiqiləri ilə toxunan Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anım günüdür. Bu böyük bəstəkarı, bənzərsiz qadını, onun yaradıcılığını yad etmək, elə ruhunu şad etməkdir.

Hərənin öz yolu, öz izi, öz şansı, qisməti olur bu həyatda. Hərə bir missiyanı icra etmək üçün gəlir yer üzünə. O da tanrının Azərbaycan musiqisinə əvəzsiz, dəyərli hədiyyəsi idi. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, həmişə ən yaxşılarını yazıb-yaratdı Şəfiqə Axundova. Həyat verdiyi bəstələri ilə özünü ovundurduğu kimi, milyonların da ürəyində taxt qurmağı bacardı və bunu ən gözəl şəkildə etdi. Şəxsiyyəti qədər musiqiləri də zirvədə yer aldı bəstəkarın.

Şəfiqə Axundova 1924-cü ilin 21 yanvarında qədim Şəki torpağında anadan olub. Lap kiçik yaşlarından musiqinin sehrinə düşüb. Onu əhatə edən əsrarəngiz təbiət-quşların cəh-cəhi, sərin mehin təsirindən pıçıldaşan ağaclar, su şırıltısı balaca qızcığazın qulaqlarında qəlbində musiqi kimi səslənirdi. Şəfiqə xanımın xatirələrindən:

"Evimiz dağların qoynunda yerləşirdi. Hər səhər, hər axşam dağları seyr edirdim. Elə bil təbiətdə gördüyüm o füsunkar gözəlliklərin hər biri qulaqlarıma həzin bir musiqi sədası doldururdu. Zövq aldığım hər bir gözəllikdə musiqi duyurdum. Əlbəttə o vaxt bu hisslərin nə demək olduğunu bilmirdim. Sonralar anladım ki, bu mənim musiqiyə bağlılığım imiş. Yadıma düşür ki, hərdən öz-özümə zümzümə edərdim. O qədər musiqiyə aludə olmuşdum ki, hətta rəqs etməyi də çox sevirdim. Dəfələrlə anam rəqs etməyimin şahidi olmuşdu”.

Şəfiqə Axundova ilk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayır. Amma atasının işi ilə əlaqədar ailəsi Bakıya köçür. O da təhsilini Bakıdakı 6 saylı orta məktəbdə davam etdirir.

Qızının musiqiyə həvəsini görən atası Qulam kişi onu musiqiçi olmaqdan çəkindirməyə çalışırdı, çünki qızını həkim görmək istəyirdi. Hətta musiqi sənətini seçdiyini biləndən sonra gənc Şəfiqəyə bəzi cəzalar da verirmiş. Bu barədə Şəfiqə xanım müsahiblərinin birində belə deyib:

"Atam çox ciddi adam idi. Çox danışıb-gülməyi xoşlamazdı. Musiqiyə də o qədər aludə deyildi. Evimizdə bir piano var idi. Həmişə onu qıfıllı saxlayardı ki, mən çalmayım. Çünki musiqiçi olmağımı heç istəmirdi. Deyirdi ki, o sənət gələcəkdə sənə çörək qazandırmayacaq. Anam Züleyxa xanımın bir qarmonu vardı, hərdən çalardı. Atam buna etiraz əlaməti olaraq həmin qarmonu evimizin elə bir yerində gizlətmişdi ki, onu götürmək mümkün olmasın. Amma atamın bu əzazilliyinə baxmayaraq, musiqidən ayrıla bilmirdim. Anam musiqi ilə məşğul olmağım üçün bacardığı şəraiti yaradırdı. Elə bəlkə mənə musiqi istedadı anamdan keçib. Atam isə qəzəbindən mənə bəzi cəzalar da verirdi. Məsələn, yadımdadır ki, bir dəfə konservatoriyaya getməyimdən xəbər tutanda məni hətta evə buraxmadı. Və mən qonşuda gecələməli oldum. Dəfələrlə qarlı, soyuq havalarda mənə belə cəzalar verirdi”.

Şəfiqə xanımın sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın rolu çox olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığılırdı. Bir gün Zümrüd xanım yazıçı Mirzə İbrahimova deyir ki, "ay Mirzə, bəlkə, sən Şəfiqəni aparıb Üzeyir bəylə tanış edəsən. Deyərsən, belə bir istedadlı qız var". Mirzə İbrahimov razılaşır.

Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir: "Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: "Qalx ayağa. Sənin rəngin niyə belədir?”. Mən də dedim ki, "heç, elə belə”... Dedi gəl bura, keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və dedi: "Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye”. Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz”.

Şəfiqə xanım 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

Şəfiqə Axundovanın bir çox mahnıları dilimizin əzbərinə çevrilib. O, "Həyat, sən nə şirinsən", "Gözlərimin işığı sənsən", "Tapmayacaqsan məni", "Mehriban olaq", "Haradasan sevgilim, gəl", "Gəl ey səhər" kimi 300-dən çox mahnının, romansların "Gəlin qayası" operasının müəllifidir.

"Mehriban olaq" mahnısının yazılmasının maraqlı tarixçəsi var. Şəfiqə xanımın qonşuluğunda yaşayan iki qadın günlərin birində bərk dalaşırlar. İki gün sonra isə tamaşa vaxtı iki tamaşaçının yer üstündə dalaşdığını görür. Bu hadisələrin hər biri bəstəkara pis təsir edir. Və o, "Mehriban olaq" mahnısını yazmağı qərara alır.

Şəfiqə Axundovanın mahnıları bir də ona görə sevilir ki, o şerin mahiyyətini itirməyib, əksinə onu musiqi ilə üzvi şəkildə birləşdirib. Şəfiqə xanım şerin ruhunu çox gözəl duyaraq onu musiqidə düzgün tənzimləyən nadir bəstəkardan hesab olunur.

Elə bir tək "Həsrətindəyəm” bəstəsini dinləmək kifayətdir ki, bütün varlığınla- təpədən-dırnağa o musiqinin sehrinə düşəsən. Notların dili ilə nələrdən xəbər vermir ki, bu bəstə... Hər bir notu hisslərimizin, duyğularımızın, itirdiklərimizin, həsrətimizin, nisgilimizin səsinə çevrilir, bizi çox uzaqlara apardıqca aparır.

Adını şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə yazan Şəfiqə Axundovanın əsərlərinə bir çox xarici ölkələrin sənətçiləri də dəfələrlə müraciət edib.

Şəfiqə xanım çox qısa müddət ailəli olub. Bu evlilikdən onun gözünün ağı-qarası olan oğlu Taleh dünyaya gəlib. O, bir də heç vaxt ailə qurmayıb, ömrünün sonuna qədər tək yaşayıb, bütün həyatını övladına həsr edib. Şəfiqə xanım məşhur "Lay-lay” mahnısını elə öz oğluna bəstələyib. Bütün ümidlərini bağladığı Taleh Hacıyev isə gənc yaşlarında ruhi xəstəliyə tutulub. Anasının istedadı Talehdən də yan keçməyib. Düzdü, bir o qədər də tanınmasa da, kifayət qədər peşəkar musiqiçi olub. O, hələ 18-20 yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" mahnısı ilə məşhurlaşıb.

Oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: "Mənim oğlum gözəl piano çalırdı, o, ifa edəndə hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”.

O, həyat yoldaşından ayrılmasının səbəblərini müsahibələrinin birində belə izah edir. "Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət olmalıdır. "İkisi bir yerdə tutur” deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim”.

Taleh uzun illər bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayının 26-da Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir.

Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.

Cəmi beş il Talehsiz yaşaya bilir. 2013-cü il iyulun 26-da son nəfəsində bu sözləri "Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm...” deyərək səssiz-səmirsiz gözlərini əbədi yumur. Tale onu oğlu Talehə qovuşdurur. 90 illik yubileyini xalqı ilə qeyd etmək arzusunda olsa da , oğlunun yanında keçirtmək qismət olur. Oğlu ilə eyni ayda bu dünyadan getməsi də təsadüfü deyil bəlkə də...

Gedən cismidir, ondan geriyə isə elə bir ömür milyon ürəkdə qalan musiqiləri, bəstələridir. Siz bizim ruhumuza sakitlik, rahatlıq bəxş etdiyiniz kimi, sizin də ruhunuz şad olsun, adı tarixdə qalan bəstəkar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
qaynarinfo.az

2Mənbələr