AZ

TFF-nin yeni prezidenti nələri dəyişəcək? - TƏHLİL

Türkiyə Futbol Federasiyasında (TFF) prezident dəyişikliyi baş verdiyini diqqətinizə çatdırmışdıq.

İyulun 18-də keçirilən növbədənkənar seçkidə İbrahim Hacıosmanoğlu sürpriz şəkildə Mehmet Büyükekşini 5 səs qabaqlayaraq qurumun 44-cü prezidenti seçilmişdi. Artıq bütün gözlər Hacıosmanoğluya və onun görəcəyi işlərə yönəlib.

HK-nın yeni sədri kim olacaq?
Hacıosmanoğlu başqan seçiləndən sonra verdiyi ilk açıqlamada federasiyanın müxtəlif komitələrində çalışanları istefaya dəvət etmişdi. Onun bu çağırışına ilk əməl edən Hakimlər Komitəsi (HK) olub. Belə ki, komitə başqan Ahmet İbanoğlu və daha 8 üzvü ilə birlikdə tam tərkibdə istefa verib! Ancaq hələ ki İntizam və Apellyasiya Komitələrindən belə desək, səs-səmir yoxdu. HK-nın yeni sədrinin kim olacağı böyük maraqla gözlənilir. Bu sual ən qısa müddətdə cavabını tapmalıdı. Çünki bu həftə hakimlərin mövsümöncəsi seminarı nəzərdə tutulub. Komitə sədri olmadan həmin seminarın aqibəti necə olacaq? Üstəlik HK-nın baş məsləhətçisi Hyu Dallasın da müqavilə müddəti bitib. O, hazırda Türkiyədə deyil. Şayiələrə inansaq, HK-nın sədri vəzifəsini tutmağa namizədlər arasında Barış Şimşək, Mətin Tokat, Mustafa Çulcu və Fərhat Gündoğdunun adı hallanır. Bu siyahıda Gündoğdunun olması ilk baxışdan absurd kimi görünür. Çünki o, sonuncu dəfə HK sədri olarkən özünü əsil “hakim cəlladı” kimi tanıtmışdı. Cəmi 6 ay vəzifədə qalmasına baxmayaraq, məhz onun qərarı ilə 2022-nin martında Cüneyt Çakır, Fırat Aydınus, Əli Palabıyık, Abdulkadir Bitigen, Bahattin Şimşək, Burak Şəkər, Suat Arslanboğa, Hüseyin Göçək, Mərt Güzəngə, Tuqay Kaan Numanoğlu, Alpər Ulusoy, Halis Özkahyanın səviyyəsi aşağı endirilmiş və onlar Türkiyə çempionatından kənarlaşdırılmışdılar. Düzdü, Gündoğdu cəmi bir ay sonra HK-dan ayrılmış və onun bu qərarı ləğv edilmişdi. Amma həmin hadisə Çakır başda olmaqla bir çox hakimin nüfuzuna təsir etmişdi. Hakimlik mövzusunun davamı kimi Hacıosmanoğlunun əcnəbi VAR hakimlərinin dəvət edilməsi ideyasını dəstəkləmədiyini bildirək. Məlum olduğu kimi, ötən mövsümün son həftələrində ən vacib oyunlara əcnəbi VAR hakimləri dəvət olunurdu. TFF-nin yeni başqanı yola ancaq yerli hakimlərlə davam etmək niyyətindədi. O, ədalət təmsilçilərinin qonorarlarını artırmağı, eləcə də hakimlik akademiyasının iş prinsipini dəyişməyi planlaşdırır.

Limit, səfər qadağası, Montella
Digər sual doğuran məqam legioner limiti və təbii ki, Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın aqibətidi. Hacıosmanoğlunun vədlərindən biri də legioner limiti ilə bağlı idi. O, limitin klubları çətinə salmayacaq bir hala gətiriləcəyini vurğulamışdı. Bilindiyi kimi, TFF-nin əvvəlki rəhbərliyinin qərarı ilə 2024/25-də limit daha da sərtləşəcək. Düzdü, klublara meydana 11 əcnəbi futbolçu ilə çıxmağa icazə veriləcək. Amma mövsümlük iştirak ərizəsinə yalnız 12 legionerin adı salına bilər. Bu da nəhəng klubları çətinə salır. Çünki hazırda onların heyətində 16-18 legioner var.

Hacıosmanoğlu klub rəsmiləri ilə görüşmək və limiti 12-dən 14-ə yüksəltmək niyyətindədi. Amma digər tərəfdən bu addımın 2024/25-ə şamil edilməsi birmənalı qarşılanmayacaq. Çünki mövsümün startına cəmi 17 gün qalıb. Şayiələrə inansaq, Hacıosmanoğlu limit mövzusunda saydan çox başqa meyarlara üstünlük vermək istəyir. O, legionerlər üçün yaş və öz yığmasında oynamaq meyarlarını tətbiq etməyi planlaşdırır. Montella məsələsində isə hələ ki dəyişiklik gözlənilmir. Hacıosmanoğlu bir jurnalistin “Montellanın yerinə Şenol Genəş gətiriləcəkmi” sualına belə cavab verib: “Bizim TFF olaraq belə bir planımız və ya düşüncəmiz yoxdu. Futbolumuzda həllini gözləyən daha önəmli problemlər var. Ona görə də belə şayiələrə etibar etməyin”. Həqiqətən də Hacıosmanoğlunun ən qısa müddətdə Montella ilə görüşəcəyi və italiyalı mütəxəssisə dəstək verərək onunla yola davam edəcəyi gözlənilir. Amma buna qədər TFF-də yığmaya cavabdeh yönətici statusunda olan və məşqçi seçimində yaxından iştirak edən Həmit Altıntopun yerini kimin tutacağı maraq doğurur. Türkiyə mətbuatının iddiasına görə, bu, mayda 18 ildən sonra “Adanaspor”un prezidenti vəzifəsindən istefa verən Bayram Akgül olacaq. Türkiyə çemionatında xüsusilə nəhəng klublar arasındakı derbilərdə tez-tez səfər komandalarının azarkeşlərinin stadiona girişinə qadağa qoyulur.

Hacıosmanoğlu bu qadağanı da birdəfəlik aradan qaldırmağa söz verib. Eləcə də o, klub başqanlarının Nizam-İntizam Komitəsinə sövq edilməsini də ləğv etmək istəyir. Bu arada Sərvət Yardımcı ilə bağlı da sürpriz xəbər yayılıb. Onun ciddi sayda imza toplamasına baxmayaraq, TFF-də seçkiyə bir həftə qalmış namizədliyini geri çəkməsi şok effekti vermişdi. 10 ilə yaxındı Türkiyəni UEFA-da da təmsil edən Yardımcı bu qurumda İcraiyyə Komitəsindəki üzvlüyündən də istefa verdiyini açıqlamışdı. Amma məlum olub ki, o, hələ istefa ərizəsini UEFA-ya təqdim etməyib. Hacıosmanoğlu Yardımcının UEFA-dan ayrılmasını istəmir. O, Yardımcıdan həmin vəzifəsini davam etdirməyi xahiş edəcək.

Seçilən
18
football-plus.az

1Mənbələr