AZ

AMEA-nın təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində tədbir keçirilib

Zəngilan rayonunun Ağalı kəndində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü, AMEA Rəyasət Heyətinin, Azad Həmkarlar İttifaqının, Mərkəzi Elmi Kitabxananın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Müdrik siyasətin Böyük Qayıdış zirvəsi" mövzusunda tədbir keçirilib.

Tədbirə AMEA Rəyasət Heyəti aparatının əməkdaşları, AMEA Azad Həmkarlar İttifaqının aparatının işçiləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul şəxsləri - Aqil Qurbanov, Ceyhun Həsənov, Ağalı kənd məktəbinin direktoru Sahil Aslanlı, məktəbin pedaqoji heyəti və kənd sakinləri qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə Ağalı kənd məktəbi ilə tanış olublar. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov qonaqları məktəbdə yaradılmış smart sistemlə tanış edib. Məktəblilərin bilik və bacarıqlara müasir üsullarla yiyələnmələri üçün yaradılmış texnoloji, innovativ imkanlara dair geniş məlumat verib.

Sonra Ağalı kənd məktəbinin akt zalında "Müdrik siyasətin Böyük Qayıdış zirvəsi" mövzusunda tədbir açıq elan edilib.

AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun moderatorluğu ilə tədbir öz işinə başlayıb.

S.Həsənov tədbirin baş tutmasına görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəhbərliyinə və bütün işgüzar heyətə iştirakçılar adından minnətdarlığını bildirib, eyni zamanda akademik İsa Həbibbəylinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Alimlərlə pedaqoji kollektivin, o cümlədən yerli sakinlərlə görüşlərin Böyük Qayıdışın elmi əsaslarının öyrənilməsi və təbliği istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. AMEA-da Vətən müharibəsi və Böyük Qayıdışa dair həyata keçirilən layihələrin və fundamental tədqiqatların yeni nəslin formalaşmasındakı ideoloji, siyasi əhəmiyyətini önə çəkib. Eyni zamanda belə tədbirlərin yeni elmi mövzulara istiqamət açdığını bildirib.

Sonra çıxış edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov MEK-də yaradılan elektron kitabxana sistemindən danışıb, vahid məlumat informasiya bazasının dərin elmi biliklər üçün fundamental vasitə olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə son illərdə Akademiya rəhbərliyinin apardığı islahatlara toxunub və qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu deyib. MEK tərəfindən Ağalı kənd məktəbinə çoxsaylı kitabların hədiyyə olunmasının məktəbin zəngin kitabxana sisteminin formalaşmasında mühüm əhəmiyyət daşıyacağını söyləyib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud çıxış edərək bildirib ki, alimlərimiz Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə yeni reallıqlara cavab verən çağrışlarla daha əzmlə fəaliyyət göstərirlər. O qeyd edib ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun strukturunda "Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı" şöbəsi, M.Füzuli adına Əlyazmalar İnstitutunda "Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi" yaradılıb. Eyni zamanda AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Şuşa Daşaltı Seysmoloji Stansiyasında işlərin başa çatmaq üzrə olduğunu bildirib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyasının geniş tərkibdə apardığı arxeoloji ekspedisiyanın səmərəli fəaliyyətini də iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlu, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi dosent Mərziyyə Nəcəfova, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Mahir Cavadov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, həmin müəssisənin ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, həmin institutun Həmkarlar Təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova və digər şəxslər çıxış edərək Böyük Qayıdışın fonunda daha güclü Azərbaycanın hədəflərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə reallaşacağını yekdilliklə bəyan ediblər. Bu yolda elmin və alimlərin üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əminliklərini ifadə ediblər.

Sonda AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Zəngilan rayonunun Ağalı kənd məktəbinə 150-dən çox kitab və monoqrafiya, 200-dən çox elmi məqalə, tədqiqat işləri və məlumat vasitələri hədiyyə edilib.

AMEA alimləri və tədbir iştirakçıları kənd ərazisini gəzərək sakinlərlə söhbət edib, Zəngilan rayonunda inşa edilmiş Məscidi ziyarət etməklə xatirə şəkli çəkdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
59
8
olaylar.az

9Mənbələr